Məktəb direktoru və sinif rəhbərindən nazirə ŞİKAYƏT...






Bakı şəhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” y sahəsi ev 66, mənzil 9-da yaşayan Babkina Aksana Yurevna Moderator.az-a ünvanladığı şikayət məktubunda oğlu Babkin Danil İvanoviçin təhsil aldığı Suraxanı rayon 275 saylı tam orta məkətbin direktoru Fəridə Şərifovadan və müəllimə Şəlalə Qamzayevadan təhsil naziri Ceyhun Bayramova şikayət edib. 

Müraciətdə deyilir:

Hörmətli cənab nazir! 

İlk öncə onu qeyd edim ki, oğlum Danil Babkin məktəbin 5-ci sinifin oxuyur və özü də əlaçıdır. Təəssüflər olsun ki, oğlum 5-ci sinifə keçdikdən yarım il sonra sinif rəhbəri Şəlalə Qamzayevanın qəzəbinə tuş gəldi. Nəinki mənim oğlum, digər sinif uşaqları da müəllimin bu aqressiv davranışından əziyyət çəkirlər. Bu hansı məntiqə sığır ki, sinif rəhbəri şagirdləri qorxu altında saxlaya və mənim oğlumu vuraraq deyə ki, “Şükür Allaha gələn ildən sən bu sinifdə oxumayacaqsan”. Sinif rəhbərinin bu hərəkətləri onun savadsızlığından, psixologiyanı bilməməsindən, etik normaları aşıb, etikadan uzaq olmasından xəbər verir. Belə bir adamın nəinki sinif rəhbəri, hətta adi bir müəllim işləməsi belə düzgün deyil. Bu məktəbdə özbaşınalıq baş alıb gedir, məktəb kolxoz bazarını xatırladır. Qısası məktəbə gözütox kadr lazımdır. 

Hörmətli cənab nazir! 

Biz valideynlər bütün bunlar haqqında məktəb direktoruna dəfələrlə şifahi məlumat verirdik. Hər dəfə də direktor F.Şərifova bununla bağlı ölçü götürəcəyini desə də, sonradan məlum oldu ki, o, bizi aldadır. Bundan sonra biz valideynlər direktora ərizəylə müraciət etdik, amma cavab almadıq. Biz direktorun kabinetinə gedib müraciətimizə niyə cavab vermədiyini soruşduq. O, isə bizi kabinetindən qovdu. Şikayət edəcəyimizi deyəndə isə bildirdi ki, “hara istəyirsiniz şikayət edin”. Belə etikasız məktəb direktorunu məktəbdə saxlamaq nə dərəcədə düzgündür?! Eləcə də Şəlalə Qamzayeva kimi sinif rəhbərini. Onu da bildirim ki, 275 saylı məktəbin fəaliyyəti ilə bağlı mətbuatda kifayət qədər şikayət yazıları dərc olunub, amma nəticə yoxdur. Yoxlamaya gələnlər hisrli gəlib, gülə-gülə gedirlər. 

Hörmətli cənab nazir!

Biz valideynlərin sizdən xahişi ondan ibarətdir ki, bu məktəb haqqında lazımı ölçü götürəsiniz. Bu gün məktəbdə övladım gözümçıxdıya salınıb və istəmirəm ki, o, da Alinanın taleyini yaşasın. Tədbir görülməzsə, məcbur qalıb Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edəcəm”. 

Məsələylə bağlı 275 saylı məktəbin direktoru Fəridə Şərifovayla əlaqə saxladıq. F.Şərifova Moderator.az-a açıqlamasında şikayətçinin sinifin rəhbəri ilə prinsip aparadığını, Danilin sinif yoldaşlarıyla kobud davrandığını bildirdi:

“Uşağın davranışında problemlər var, söyüş söyür, konfiliktli uşaqdır. Burda da təbii ki, sinif rəhbəri ona irad bildirir ki, belə şey etmək olmaz. A.Babkina isə bizə deyir ki, sinif rəhbərini dəyişin, amma halbuki ortalıqda heç bir şey yoxdur. O, yalan danışır, mən nə onu, nə də başqa valideynləri kabinetimdən qovmamışam. Dəfələrlə qəbulumda olub, mən onu səbrlə dinləmişəm. O, bizdən bir çox qurumlara şikayət edib ki, sinif rəhbəri dəyişdirilsin. Sinif rəhbərinin günahı yoxdursa, onu niyə dəyişməliyəm?! Otuz ilin müəllimidir, savadlı, təmklinli, tərbiyəli insandır”. 

Vasif Əlihüseyn
Tarix: 3-07-2019, 22:34
Xəbəri paylaş





Xəbər lenti