Saxta əlillik dərəcəsi, pensiya alanlar dövlətimizin sosial siyasətinə kölgə salır, büdcəyə əhəmiyyətli dərəcədə zərər yetirir, cəmiyyətdə sosial ədalət prinsiplərini pozaraq haqlı narazılıq yaradırlar. Belə qeyri-qanuni yollarla üstün imtiyaza, haram gəlirlərə əl atanlar cəmiyyətdə "ziyalılar" deyilən geniş kateqoriyanın mənsubu olduqda isə təəssüf və ikrah doğururlar. Əgər müəllim belə əliəyriliyə qol qoyursa, dövlətdən oğurluq edirsə, qalanlarından nə gözləyəsən. Allahverdiyeva Könül Hümmətəli qızı uzun müddət Beyləqan Rayon Təhsil Şöbəsində baş məsləhətçi işləyib. Ümumilikdə 30 il pedaqoji stajı var. RTŞ-ə Tofiq Sadıqovun müdirlik etdiyi dönəmdə K.Allahverdiyevanın da adı müəllimlərin qanunsuz müqavilə ilə işə götürülmə faktlarında keçib. İşlədiyi illərdə müəllimlərə, məktəb direktorlarına qan uddurduğu deyilirdi. Tofiq müəllim yaş senzi ilə bağlı təqaüdə çıxandan sonra 2010-cu ilin mayında onun yerinə təyin olunan Xuraman Rüstəmova ilə Könül yola getməyib. Nəticədə X.Rüstəmova onun səlahiyyətlərini məhdudlaşdırıb və Könül yalnız formal olaraq işə gedib-gəlib. Söz yayıb ki, RTŞ müdirəsi ona yerinə yetirilməsi qanunazidd olan tapşırıqlar verirmiş. Bundan sonra bülletenə çıxıb. Bir müddət bülletendə olandan sonra qərara gəlib ki, əlillik statusu əldə etsin, 30 illik əımək stajı ilə pensiyaya çıxsın və ömrünün sonuna kimi dövlətin boynuna sınıq qol kimi asılsın. K.Allahverdiyeva Beyləqan rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən tibbi ekspert komissiyasının üzvü olan adı bəlli həkimlə sövdələşir və xəstəxananın kardiologiya şöbəsindən "ölümcül" ürək xəstəsi diaqnozu ilə "daşdan keçən napravleniya" alıb üz tutur Bakıdakı 5 saylı şəhər xəstəxanasının kardioloqu Soltan həkimin qəbuluna. Bu işlər üzrə ixtisaslaşmış şəxs olan Soltan həkim də onu iki həftə yatırdaraq az qala "ölüm ayağında" olduğunu təsdiqləyən arayışla göndərir Beyləqan RMX-na. Prosedurun tələb etdiyi kimi, Beyləqan RMX-nın ürək şöbəsində də üç ay yatır. Yenə də komissiya üzvünün əli ilə sənədlər tam hazırlanır, sistemə vurulur. Birinci dəfə imtina gəlir. Məlum olur ki, Könülün verdiyi "şirinlik" azlıq edib. "Şirinliyə" bir az da "şəkər" qatandan sonra Könülün ikinci cəhdi uğurlu alınır. Hazırda o, 30 illik stajla, ağır ürək xəstəsi kimi ayda 450 manat pensiya alır. Belə xəstələr isə əsla Könül kimi sosial şəbəkələrdə toyda oynadığını əks etdirən şəkil və videolar paylaşa bilməzlər. Deməli, Könülün səhhət durumunu yenidən, həm də başqa tərkibdə komissiya yoxlamalı, əsl həqiqəti üzə çıxarmalıdır. Həqiqət isə budur ki, o, sənədlərində göstərilən kimi xəstə deyildir. Onun pensiya təmiunatı dayandırılmalı, dövlətdən aldığı haram pulları geri qaytarmalıdır!(RealMedia.az)