Hesablama Palatası Sahil Babayevin işçilərinin yeyintisini ifşa edib - RƏSMİ


Hesablama Palatası Sahil Babayevin işçilərinin yeyintisini ifşa edib
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, audit 1 aprel 2017-ci il tarixdən 1 yanvar 2019-cu il tarixədək olan dövrdə dövlət büdcəsinin və Fondun büdcəsinin vəsaitlərini əhatə etməklə 2019-cu ilin 29 yanvar tarixindən 28 fevral tarixinədək aparılıb.

Audit zamanı məlum olub ki, imtina və ya ödənişin dayandırılması üçün əsas və ya əsaslar olduğu halda təyin edilmiş və ya ödənişi davam etdirilmiş ünvanlı sosial yardım işləri üzrə 83 min 35,6 manat vəsait ödənilib. 9 ünvanlı sosial yardım işi üzrə ailə tərəfindən ümumilikdə 14 min 252,5 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Eyni zamanda 26 sosial müavinət işi üzrə artıq ödəmə məbləği 50 min 53,8 manat təşkil edib. Hesabatın tərtib edildiyi tarixə 23 iş üzrə ümumilikdə 36 min 436,2 manat vəsait müvafiq vətəndaşlar tərəfindən nağd qaydada, 19 iş üzrə cəmi 18 min 532,5 manat müvafiq hesablardan qaytarılmaqla dövlət büdcəsinə bərpa edilib.

Yeni pensiya təyinatının seçmə üsulla araşdırılması nəticəsində 70 halda cəmi 59 min 375,9 manat vəsaitin artıq ödənildiyi müəyyən olunub. Hesabatın tərtib edildiyi tarixə həmin vəsait müvafiq vətəndaşlar tərəfindən nağd qaydada Fondun büdcəsinə bərpa edilib.

Üç iş üzrə yaşa görə pensiyaların yenidən hesablanması üzrə pensiya kapitalının düzgün nəzərə alınmaması nəticəsində 11 min 418,6 manat məbləğində artıq ödəmə yaranıb. Əlillik qrupu müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilmiş 3 nəfərə aid işlər üzrə 12 min 904,1 manat məbləğində artıq ödəmə yaranıb. Ümumilikdə 19 halda 41 min 266,2 manat artıq ödəmə aşkarlanıb.

Hazırkı hesabatın tərtib edildiyi tarixə həmin vəsaitin 33 min 404,6 manatı nağd şəkildə, 7 min 861,6 manatı isə müvafiq hesablardan geri qaytarılmaqla və ya tutulmaqla Fondun büdcəsinə bərpa olunub.
 
Tarix: 11-07-2019, 21:46
Xəbəri paylaş





Xəbər lenti