“Ərəb baharı” sonrası Yaxın Şərqdə baş verənlər göstərdi ki, din amili müsəlman cəmiyyətlərində ictimai-siyasi proseslərə təsir edən mühüm vasitə olaraq qalır. Bu vasitəni hərəkətə gətirən əsas rıçaqlardan biri isə mediadır. Ümumiyyətlə, dinlər yarandığı ilk gündən məhz kütləvi təbliğat, yəni bugünkü deyimlə, media vasitəsilə yayılıb. İndi də belədir.
Məsələ ondadır ki, Yaxın Şərqdə, konkret olaraq Suriya, İraq, Liviya, Yəmən, Fələstin kimi ölkələrdə dini şüarlarla aparılan müharibələr yalnız bu ölkələri və müsəlman aləmini deyil, planetin böyük bir hissəsini əhatə etdi. Avstraliyadan İngiltərəyə qədər müxtəlif ölkələrdən insanlar kütləvi informasiya vasitələri ilə aparılan təbliğatın təsirinə düşərək Yaxın Şərqə “din uğrunda” müharibəyə yollanırdı. Bu zaman insanları cəlb edən əsas vasitə isə media idi.
Təkcə 2015-ci ildə İraq və Suriyada radikal dinçi qrupların tərkibində ümumilikdə 100 ölkədən olmaqla 31 min silahlı vardı. Bunun 5 mini “xristian” Avropadan, bir o qədəri də postsovet respublikalarından idi. Yenə də 2015-ci ildə Britaniya rəsmiləri təkcə bu ölkədən 100 ingilis qadının Suriyaya getdiyini açıqlamışdı. Həmin vaxt Strateji Dialoq İnstitutu adlı təşkilat Qərb ölkələrindən 500-dən çox qadının Suriya və İraqda cihatçı qruplara qoşulduğunu bildirmişdi. Azərbaycandan da rəsmi məlumata əsasən 1100 nəfər Yaxın Şərqdəki din adı altında savaşlara qoşulub.
Əlbəttə ki, uzaq Yeni Zelandiyadan Kanadaya qədər fərqli ölkələrdən insanları Yaxın Şərqə cəlb etmək üçün istifadə olunan əsas vasitələrdən biri də media idi. Radikal terror qrupları internet mediası, sosial şəbəkələrdən aktiv şəkildə insan cəlb etmək üçün istifadə edir, yeni üzvlər və maliyyə dəstəkçiləri toplayırdı. Çoxlu sayda sosial şəbəkə səhifələri, peşəkar şəkildə hazırlanmış videoroliklər terror təşkilatlarının əsas cəlbetmə vasitələrindən biri idi.
İŞİD-in “Dabıq”, “Amaq” və “Konstantiniyə” adlı jurnalları, “Telegram”, Twitter və Facebook sosial şəbəkələrində onlarla səhifələri, təbliğat vasitələri mövcud olub. Britaniyanın “Times” qəzetinin yazdığına görə, “Instagram” sosial şəbəkəsində 50 mindən çox İŞİD üzvünə məxsus hesab olub. Bundan başqa, təşkilat üzvləri “Snapchat”, “WhatsApp” kimi şəbəkələrdən də aktiv istifadə ediblər.
Bütün bunlar müasir dövrdə medianın təsir gücünü göstərirdi. Media bir təbliğat vasitəsi olaraq yalnız müsbət istiqamətdə deyil, eyni zamanda terror təbliğatı üçün də ən əlverişli vasitələrdən birinə çevrilmişdi. Bu, həm də dünyanın mütərəqqi insanlar üçün ciddi xəbərdarlıq idi.
Təbii ki, bu proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Suriyaya savaşmağa gedən azərbaycanlılar haqda məlumatlar 2012-13-cü illərdə məlum olsa da, 2014-cü ilin əvvəllərində Suriyanın şimalında müxalif radikal qruplar arasında toqquşmaların başlaması ilə hər iki tərəfdə olan azərbaycanlıların öldürülməsi Azərbaycanda ciddi narahatlıq doğurdu. Martın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının rəsmiləri, deputatlar, Mətbuat Şurası üzvləri, QHT və media təmsilçilərinin iştirakı ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik və media” mövzusunda konfransda hökumət rəsmiləri missionerlik və radikalizm, eləcə də Suriyaya cihada gedən qruplar və FETÖ təhlükələri haqqında danışdı və medianın bu istiqamətdə həssas olması çağırışı edildi. Təhlükə “bizim qapımıza” da çatmışdı.
Azərbaycanda müstəqillikdən sonra əldə olunmuş din azadlığı mühitində xüsusən də 90-cı illərdə ölkədə dini təbliğat xeyli dərəcədə açıq və genişmiqyaslı olub. Bu səbəbdən yenidən dinlə tanış olan Azərbaycana müxtəlif ölkələrdən fərqli dinlərin təbliğatçıları gələrək fəaliyyət göstərib. Bu dövrdə ilk dəfə ölkədə dini mövzularda ixtisaslaşmış media orqanları ortaya çıxıb. Qafqaz Müsəlmanları İdarəsinin, eləcə də ayrı-ayrı partiya və təşkilatların dini sahədə ixtisaslaşmış media orqanları - qəzet və jurnallar çap olunub. 1990-cı illərdə ölkədə dini fəaliyyət aktiv olmadığı üçün peşəkar media dini mövzulara az yer verib. Bu da təbii səbəblərdən olub. Ancaq 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində həm regionda baş verənlər, həm də ölkə daxilində dindarlığın artması Azərbaycanda həm ixtisaslaşmış media orqanlarının, həm də mövcud ictimai-siyasi media qurumlarının dini mövzulara müraciətini artırması ilə nəticələnib. Və bu proses sonrakı illərdə artan tempdə davam edib.
Qeyd edildiyi kimi, həm ixtisaslaşan media, həm də ümumi ictimai-siyasi mətbuat və elektron media orqanlarında dini maarifçilik və təbliğat fəaliyyətləri son illərdə həm də dünyada baş verən proseslərin təsiri ilə genişlənib. Xüsusən də son 5 ildə müvafiq dövlət qurumlarının dini təbliğat və dini media sahəsində fəaliyyəti artıb. 2016-cı ildə ölkədə “Multikulturalizm ili”, 2017-ci ildə isə “İslam Həmrəyliyi” elan olunub. “Multikulturalizm ili” çərçivəsində yerli və xarici ölkələrdə 49 tədbiri keçirilib. O cümlədən DQİDK “Multikulturalizm ili” çərçivəsində müxtəlif şəhər və rayonların icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəallarının iştirakı ilə 160-dan artıq tədbir keçirib.
“İslam Həmrəyliyi ili” çərçivəsində Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların təşkilatçılığı ilə ölkə daxilində və xaricdə 41 beynəlxalq və regional tədbir keçirilib. Bakıda 4-cü İslam Oyunları keçirilib. DQİDK isə 15-i Bakıda olmaqla, respublikanın bütün bölgələrində 240-dan artıq tədbir təşkil edib.
Bundan başqa, bu dövrdə DQİDK-nın nəzarəti altında İctimai Televiziyada “Din və cəmiyyət” verilişinə əlavə olaraq “Space TV”də “İnam” verilişi, həmçinin “Asan” radioda “Mənəvi dəyərlər” verilişi fəaliyyət göstərib və hazırda göstərməkdə davam edir. Bundan başqa, DQİDK tərkibində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təkcə ötən il 44 adda ədəbiyyat nəşr edilib. DQİDK-nın “Cəmiyyət və din” qəzeti, “Dövlət və din” jurnalı, həmçinin İlahiyyat İnstitutunun “Din araşdırmaları jurnalı, ”İlahiyyatçı" qəzeti də fəaliyyət göstərir.
İxtisaslaşmış rəsmi dini media təbliğatını Dövlət Komitəsi ilə yanaşı, QMİ də aparıb. Dini idarənin müxtəlif dövrlərdə yazılı və internet media orqanları fəaliyyət göstərib. QMİ xətti ilə dini maarifçilik və təbliğat mövzusunda kitablar dərc olunub. AzTV-də efirə gedən “Haqqın Dərgahı” həftəlik proqramı dini maarifçilik xidməti edir. Həmçinin qafqazislam.com saytı, həmçinin Şeyxülislam Allahşükür Paşazadənin adına sosial şəbəkə səhifəsi fəaliyyət göstərir, dini təbliğat işləri həyata keçirir. Bundan başqa, ayrı-ayrı dini icmaların, məscidlərin saytları dini media kimi fəaliyyət göstərərək dini maarifçilik funksiyası həyata keçirir.
Eyni zamanda ötən illərdə peşəkar media orqanlarında da dini mövzular geniş şəkildə işıqlanıb. Peşəkar KİV-də dini mövzular bir qayda olaraq iki halda daha çox yer alır. Birincisi, dini əlamətdar günlərdir. Məsələn, il ərzində Ramazan ayı, eləcə də Məhərrəm aylarında bir qayda olaraq peşəkar media dini mövzulara yer verir. Bu zaman həm maarifləndirici yazılar, məqalələr, müsahibələr hazırlanır, həm də din mövzusunda ortaya çıxan müzakirə və debatlar mediaya yol tapır. Adətən bu, hər il təkrarlanır və əksər media orqanların il ərzində əhəmiyyətli dini təqvimlərdə dini mövzulara geniş yer ayırır.
İkincisi isə daha çox dinlə birbaşa və ya dolayısı ilə əlaqədar olan hadisələr zamanı baş verir. Ölkə daxilində və ya xaricdə dinlə birbaşa və ya dolayısı ilə əlaqədar olan hadisələr zamanı yerli media dini mövzulara daha çox yer ayırır. Misal üçün, Yaxın Şərqdə baş verən terror müharibələri, eləcə də ölkə daxilində din adı ilə yaşanan hadisələr zamanı yerli media din mövzusuna qayıdır və bu zaman dini maarifçilik deyil, daha çox müzakirə və debat, həmçinin arayış, ya da araşdırma yazılar yazılır.
Ancaq təbii ki, müəyyən çatışmazlıqlar var. Həm ölkədə fəaliyyət göstərən müxtəlif qrupların media vasitəsilə zərərli təbliğat cəhdləri, həm də kənardan Azərbaycana radikalizm və dini bölücülük fikirlərinin idxalı cəhdləri var. Ölkə xaricində fəaliyyət göstərən və sırf Azərbaycan oxucularına xitab edən elektron informasiya vasitələri var ki, bunların bir qisminə ölkədə giriş məhdudlaşdırılıb, bir qismi, xüsusən də sosial media üzərindən olanlar hələ də aktiv şəkildə fəaliyyətini davam etdirir. Bundan əlavə, klassik təbliğat vasitələrinin, kitabların arasında da bir çox hallarda dini radikalizmi körükləyən ədəbiyyatlar olur.
Məsələn, rəsmi məlumata əsasən, ötən il DQİDK-da ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb. Bundan başqa, ölkə daxilində 313 adda dini ədəbiyyatdan 4-nün çapı dayandırılıb.
Ancaq bütün bunların fonunda yerli media dini mövzulara ümumilikdə ciddi yanaşır. Azərbaycan mediasında müəyyən çatışmazlıq olsa da, din mövzusunda həssas və təxribat xarakterli yazılar azdır. Xüsusən də Yaxın Şərqdə müharibələr zamanı bu təsir elementləri hiss olunsa da, bu geniş yayılmayıb və kütləvi olmayıb. Ötən il baş verən Gəncə hadisələri zamanı din amili qabardılsa da, yerli media bu hadisədə daha soyuqqanlı davranaraq provokasiya cəhdlərinin qarşısının alınmasında ciddi rol oynayıb.
Bununla belə, sosial şəbəkə peşəkar mediadan fərqli olaraq daha pərakəndə və nəzarətsiz məkan olduğu üçün burada hələ də təhlükəli, narahatlıq doğuran tendensiya var. Bunun qarşısını almaq hələlik heç bir ölkəyə müyəssər olmasa da, azərbaycanlıların tarixən tolerant, radikalizmə meylli olmaması bu mövzuda qabaqlayıcı, bir mənada “antivirus” rolunu oynayır. Təbii ki, bu cür zərərli tendensiyaların qarşısında əsas “immunitetlərdən” biri də faydalı dini bilgilər, sağlam dini maarifçilikdir. Cəmiyyət hər nə qədər sağlam dini bilgilərə sahib olarsa, onun fərdlərinin radikal dini qruplara, yaxud cəhalət və xurafat təsirinə düşməsi ehtimalı azalır. Bu məsələdə dövlət qurumlarından daha çox ictimai və dini qurumların rolu qabarıq olmalıdır. Təbii ki, xüsusən də medianın.
Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”