Quru yeməklər, ac qalma, düzgün qidalanmamaq və rejimsizlik. Bunların hamısı mədə-bağırsaq problemlərini üzə çıxaran əsas faktorlardır. Son zamanlar daha çox artan bu xəstəlik, əsasən, yay aylarında müşahidə olunur.
Həkim-qastroenteroloq Aqil Ağakişiyev bildirir ki, xəstələr yayda daha çox qastrit və mədə-bağırsaq xərçənginin şiddətlənməsi şikayəti ilə müraciət edirlər. Yayda mədə-bağırsaq pozulmalarına şərait yaradan amillərdən biri də mühit dəyişkənliyidir:
“Bunların səbəbi yay aylarında qidalanmanın və qidalanma rejiminin tam normal olmaması, pəhrizdə ciddi pozulmaların olması və ya turistik gəzintilərin daha çox olmasıdır. İstər ölkəmizə gələn, istər ölkəmizdən gedən, istərsə də şəhər dəyişkənliyində - qərb bölgəsindən şərqə, cənubdan şimala doğru turistik gəzinti etmiş şəxslər ciddi qastroenteriklə rastlaşırlar. Buna “turistik qastroenterik” deyilir.
Bunlardan başqa, bir çox meyvə-tərəvəzin yeni çıxması, daha çox quru qidalardan və bəzən bayat qidalardan, kafe və restoranların yeməklərindən daha çox istifadə mədə mikrobunun daha geniş yayılması və bunların sayəsində mədə-bağırsaq problemlərinin yaranmasına səbəb olur. Qidalanma rejimi və pəhrizin pozulması ilə əlaqədar olaraq mədə xərçəngi və xərçəngə meyilli olan xəstələrdə xəstəliyinin şiddətlənməsi baş verir”.
O qeyd edib ki, yeməklərdə istifadə olunan heyvan mənşəli yağlar mədənin əsas düşmənlərindəndir. Həkim daha çox bitki yağlarından istifadə olunmasını məsləhət görür.
Müsahibimizin sözlərinə görə, yayda meyvə-tərəvəzlərdən və quru qidalardan çox istifadə helikobakter pilori mikrobunun mədəyə yoluxması ilə nəticələnir. Bu da mədə xərçənginə gətirib çıxarır:
“Qlobal problem olan helikabakteri pilori mikrobunun mədəyə yoluxması ilə mədədə şiddətli qastrit, xora onikibarmaq bağırsaq xoraları, daha uzun müddət davam edənlərdə isə mədə xərçənginə qədər gətirib çıxara bilir. Kiçik mikrob xəstələri ciddi həyati təhlükə ilə üzləşdirə bilir. Xoraların vaxtında müalicə olunmaması xəstələrdə qanaxma və xərçənglə nəticələnir. “Fast food” qidalardan çox istifadə, az-az, gec-gec qidalanmalar mədə xəstəliklərinin ilkin səbəblərindəndir”, - deyə o bildirir.
Mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən formasıdır və dünyada yayılmasına görə dördüncü yerdə, bədxassəli şişlər içərisində ikinci yerdə durur.
Həkim deyir ki, ölümlə nəticələnən bu xəstəliklərin ilk olaraq proflaktikasına nəzarət etmək lazımdır:
“Mədə xəstəliklərinin ağırlaşmaları iki formada özünü göstərir: mədə xoralarından qanaxmalar olur, xeyli qan itirmədən həyati təhlükə yaranır. Və ya mədə-bağırsaq xərçəngləri xəstəliyi ağırlaşdırır. Xərçəng xəstəliyinin müalicəsindən öncə profilaktikasına diqqət etməliyik”.
A.Ağakişiyev deyir ki, gün ərzində qidalanma normal olaraq altı saatdan bir olmalıdır, axşamlar isə yeməklər yatmazdan azı üç saat əvvəl yeyilməlidir.
İlhamə Kələyeva
Valeh Arifoğlu