İkinci binanın jurnalistlərə təqdim edildiyi gün idi, tanınmış telejurnalist İlqar Əlfioğluyla və bir həmkarımızla birlikdə avtobusun arxa oturacaqlarında əyləşib söhbət edə-edə təqdimat mərasiminə gedirdik. Üçüncü həmkarım bu tərəflərə və nahiyənin özəlliklərinə bələd adam idi, çataçatda dedi ki, hər şey yaxşıdır, amma yolu naqolaydır, 20-ci sahə tərəfə çıxmaq üçün yol yoxdur, şəhərə gəlmək üçün isə gərək gedib Bibiheybət məscidinin yanından dönüb gələk, bir də bu tərəflərə avtobus-filan işləmir.
Mən zarafatla dedim ki, eybi yox, evi alaq, köçək, yaza-yaza problemləri həll edərik.
İlqar Əlfioğlu eyni zarafat tonunda dedi: “Yox, yazmaqla gec olar. Yığışıb yolu kəsərik”.
Güldük. Əmin idik ki, qısa bir müddətdən sonra bir-iki yazıyla orta ranqlı məmurları bu xırda problemləri həll etməyə “razı salacağıq”.
O vaxtdan vaxtaşırı yazırıq. Gah su üçün, gah qaz üçün, ən çox da yol-hərəkət məsələləri ilə bağlı. Yaza-yaza o problemləri də birtəhər həll etdirdik, işıqfor da qoydurduq.
Bir paytaxt sakininin avtomatik təmin edilməli olan elementar hüquqları bizə yazıb-pozmaq, sovet dövrünün təbirincə desək, demaqoqluq etmək, yığışıb imza toplamaq hesabına başa gəlir.
Qardaşlar, evi olan adam evinə ya öz avtomobili, ya da ictimai nəqliyyatla getməlidirmi? Əlbəttə, getməlidir. Onun belə hüququ var. Bəs nədən vaxtaşırı yolumuzu kəsirlər?
Yolu sözün birbaşa mənasında kəsirlər. Gətirib baryerləri qoyurlar evimiz yerləşən yerdən bir-iki kilometr irəlidə, deyirlər, o tərəfə getməyin. “Evimə gedirəm, bəs necə gedim” deyənə “bizə dəxli yoxdur” cavabı verir, baryerlərdən yan ötüb gedəni isə cərimələyirlər.
Bəs bunun səbəbi nədir? Heç nə. Səbəb odur ki, bizim evdən üzü Salyana tərəf 3 kilometr aralıda yolun bir qanadı çöküb. Onun bizə nə dəxli var? Biz Krılovun “Canavar və quzu” təmsilindəki quzunun vəziyyətindəyik, çökən yer yuxarıda, biz aşağıdayıq, ora çatmamış evimizə dönürük. Bu yasaq oradan keçib Astaraya, Ağstafaya, Avstraliyaya, Ərdəbilə, Horadizə gedənlərə şamil oluna bilər.
Olmazmı “giriş yoxdur” nişanını və yolu bağlayan blok postları uçqun yerinin 5 kilometrliyində yox, 3-4 yüz metrliyində yerləşdirsinlər. Oraya qədər gedən bir neçə min adamın sərbəst hərəkətinə mane olmasınlar?
Bu, “iki vuraq iki bərabərdir dörd” düsturu qədər bəsit bir şeydir.
Başqa bir həllolunmaz məsələ marşrutlarla bağlıdır. Bu şəhərcikdəki 400 evdə yaşayan 2 mindən çox adam (bu, babat bir rayon qəsəbəsinin sakinləri deməkdir) harasa getmək üçün, binalarının yanından respublika əhəmiyyətli magistral yol keçdiyi halda 10 dəqiqəlik piyada gediş məsafəsində olan 20-ci sahə dairəsinə çıxmaıdır. Çünki o dairəyə 88, 6, 53, 125 saylı marşrutlarda işləyən avtobuslar gəlir. Biz tərəfə isə bir 5 gəlirdi, o da yolda uçqun səbəbi ilə bağlanıb. Yol açıq olan günlərdə isə camaat Lökbatana işləyən 125-dən istifadə edirdi. Bu avtobusda gedişhaqqı 40 qəpikdir. Ona görə ki, Lökbatan şəhərətrafı qəsəbədir. Azneft meydanının 5 addımlığında yaşayan insanlar nəyə görə qəsəbə sakinləri qədər pul ödəməlidir?
Bəlkə buna da tablaşmaq olar. Amma bu marşrutda işləyən avtobusların içindəki sıxlığa, basabasa təhəmmül etmək mümkün deyil. Bəzən 10-15 dəqiqə boyunca avtobus gözləyən insanlardan bir nəfər belə avtobusa daxil ola bilmir. Beləliklə, Su İdman Mərkəzinin yanına qədər olan dayanacaqlarda hər gün onlarla sərnişin yollarda qalır, işə gecikəndə cərimələnəsi adamlar taksi tutub getməyə məcbur olur.
Bəs bunun çarəsi varmı? Var, özü də çox bəsitdir – “iki üstə gələk bərabərdir dörd” düsrturu qədər. Bundan ötrü Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi qərar qəbul etməlidir və 5 saylı marşrutda işləyən avtobusların son dayanacaq yerini Ali Neft Məktəbinin yanına dəyişməlidir – onların 20-ci sahə dairəsinə burulmasını aradan qaldırmaqla. Onsuz da o dairəyə 4 marşrut gedir, hər kəs sərbəst şəkildə mənzil başına çatır. Bu tərəfdəkilər isə əsir-yesir qalır.
İctimai nəqliyyatla maneəsiz şəkildə evə gəlib-işə getmək haqqına sahib olmaq üçün camaat nə etməlidir? Yazıb-yazıb demaqoqluq etməlidir, ya BNA-nın qarşısına yığışıb piket keçirməlidir?
Allahdan yol onsuz da kəsilib, o variant alınmır…