Qızdırma, qusma, ishal... - Həkimdən XƏBƏRDARLIQ

 



Uşaqlar arasında xəstəlik yayılıb?

Son günlər əhali arasında infeksion xəstəliklərin artması ilə bağlı düşüncələr formalaşıb. Bu cür xəstəlik mövsümi olsa da, vaxtında və düzgün müalicə olunmadığı təqdirdə ağır fəsadlarla nəticələnə bilər.
Xüsusilə uşaqlar müqavimət gücü zəif olduğu üçün infeksion xəstəliklərə daha tez yaxalanır. Azyaşlılar arasında əsasən, qızdırma, qusma, ishal hallarının müşahidə olunduğu bildirilir.
Ötən ilin sonunda Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, 2019-cu ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə uşaqlar üçün edilən çağırışların sayı 80 000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13 200 olub ki, bu rəqəmdə artım qeyd edilir.
Mövsümlə əlaqədar olaraq yaranan infeksion xəstəliklərlə necə mübarizə aparmaq olar? Bu xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, mövsümlə əlaqədar olaraq yaranan infeksion xəstəliklər idarəolunmaz qızdırma ilə müşaiyət olunur:

“Qripin A, B, C olmaqla 3 ştamı var. Ən təhlükəlisi A ştamıdır. Quş qripi, donuz qripi A ştamının mutasiya olunmuş formasıdır. Gürcüstanda bu qripin B tipi geniş yayılmışdı. Lakin artıq təhlükə azalmağa doğru gedir. Azərbaycanda hazırda mövsümlə əlaqədar olaraq infeksion xəstəliklərə yaxanlanma halları ola bilər. Bu xəstəlik hər uşaqda özünü fərqli şəkildə göstərir. Bəzi uşaqlarda ancaq quru qızdırma, bir qismində qızdırma və öskürək, bəzilərində qızdırma ilə yanaşı səpkilər olur. Daha çox qızdırma ilə yanaşı öskürək olan forma yayğındır”.Mütəxəssis qeyd edib ki, bu halda əvvəlcə xəstəyə qızdırmasalıcının ilkin dozasını vermək olar: “Valideyn uşağa dozanı düzgün müəyyən etməklə verə bilər. Lakin bu qızdırma 3 gündən çox çəkirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bir yaşa qədər olan uşaqlarda isə elə qızdırmanın ilk günündən etibarən həkimə müraciət etməlidir. Özbaşına nə öskürəyə qarşı dərman, nə də antibiotik vermək olmaz. Çünki öskürəyin tipini həkim təyin edəcək. Məsələn, bəlğəmli öskürəkdirsə, biz ona quru öskürək üçün olan dərman verə bilmərik. Ya da əksinə, quru öskürəkdirsə, bəlğəmgətirici verə bilmərik. Boğucu öskürəyin özünəməxsus müalicə üsulu var”.
V.Qarayev vurğulayıb ki, bəzi hallarda valideynlərin övladlarını həkim müayinəsi olmadan özbaşına müalicə etmək yolverilməzdir: “Əgər uşaqda tənginəfəslik yaranıbsa, bu artıq SOS siqnalı deməkdir. Bu zaman bronxlarda spazm gedir, qətiyyən valideyn özbaşına uşağı müalicə etməyə çalışmamalıdır. Mənə neçə valideyn zəng edib, telefon vasitəsilə dərman verməyimi istəyir. Bir daha xatırladıram ki, bu çox təhlükəlidir. Həkim uşağı müayinə etdikdən sonra dərman deyə bilər. Bəzən valideyn özbaşına gedib aptekdən antibiotik alır. Antibiotiklər qızdırma və öskürək dərmanı deyil. Antibiotiki verim, öskürək keçsin, ya qızdırma düşsün deyə, bir şey yoxdur. Bir daha deyirəm ki, əgər uşağın qızdırması düşmürsə, o, həm fizikal, həm də laborator müayinə olunmalıdır. Xəstəlik törədicilər müxtəlifdir. Virusdursa, ona antibiotik kömək etməyəcək. Əksinə, virus infeksiyası zamanı antiboitik versək, bu vəziyyəti daha da ağırlaşdıracaq. Antibiotiklər uşağın müqavimətini aşağı salır”.


Pediatr bu cür infeksion xəstəliklərdən qorunmaq üçün insanların sıx toplaşdığı yerlərdən uşaqları uzaq tutmağın zəruriliyini vurğulayıb: “Artıq xəstəliyə yaxalanmış uşağı bağçaya və ya məktəbə aparmamalıyıq. Apardığımız üçün xəstəliyin arealı genişlənir. Həm uşaqlarımız, həm də özümüz çoxlu maye qəbul etməliyik. Uşaqlara çay, su, bir də yalnız evdə hazırlanmış meyvə şirələri vermək olar. Tez-tez açıq havada olmaq lazımdır. İnsanların sıx toplaşdığı yerlər istisnadır”.
“Bəzən görürük ki, valideynlər uşaqlarını iki-üç qat geyindirib, ağızlarını şərflə bərk-bərk sarıblar. Bu da düzgün deyil. Uşağı çölə ona görə çıxarırıq ki, təmiz hava qəbul etsin. Daha sonra əllər tez-tez yuyulmalıdır. Çünki insanın ən çirkli olduğu üzvü əlləridir. Uşaqların yemək menyusunda ətlə paralel meyvə və tərəvəz də olmalıdır. Bir də ki əgər xəstəsinizsə, qoruyucu maskalardan istifadə edin. Sağlam insanın maskadan istifadə etməsinə ehtiyac yoxdur” - Vaqif Qarayev bildirib.
Həkim sonda əlavə edib ki, uşaqlarda infeksion xəstəliklərin ən təhlükəli halı pnevmaniyadır: “Uzun müddətli infeksion xəstəlik düzgün müalicə olunmadığı və xəstəliyin aradan qaldırılmaması halında ağ ciyərin iltihabına gətirib çıxarır. Həmçinin viruslar mərkəzi sinir sesteminə, yəni beyinə ağırlaşma verə bilər. Biz ona meningit deyirik. Bu vəziyyətə çatmamaq üçün uşaqlar həkim nəzarətində olmalıdır”.

Siam.az
Tarix: 7-01-2020, 17:35
Xəbəri paylaş





Xəbər lenti