Ev cəriməsi ilə bağlı MÜƏMMA: - Kimlər 50 manat verməyəcək?
“Daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə tətbiq etmək mümkün deyil”.
Bunu Cebhe.info-ya açıqlamasında sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib. Məlumat üçün bildirək ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun yanvarın 1-dən tətbiq olunmağa başlayıb.
Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik icbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiq olunması əhali arasında ciddi narahatlıq yaradıb. Xəyal Məmmədxanlı daşınmaz əmlakın icbari sığortasının mexanizmi, o cümlədən sənədi olub, amma istismar müddəti başa çatmış evlərdə sığortalanma sisteminin necə həyata keçiriləcəyi ilə bağlı müxtəlif məqamlara aydınlıq gətirib.
O bildirib ki, hazırda cəriməni tətbiq etmək mümkün deyil:
“Əgər insanları maraqlandıran cərimədirsə və bundan qorxaraq daşınmaz əmlakını sığorta etdirirlərsə, hazırda cəriməni tətbiq olunması mexanizmi yoxdur. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimənin tətbiqi elektronlaşma baş verdikdən, o cümlədən cərimə ilə bağlı hüquqi mexanizm yaradıldıqdan sonra təyin ediləcək. Qanunda cərimə tətbiq olunsa da, amma onun hüquqi mexanizmi, yəni ayrıca protokol qaydası belə yoxdur ki, cərimə necə yazılmalıdır. Ona görə cərimədən qorxmaq lazım deyil. Amma bu o demək deyil ki, daşınmaz əmlakı sığortalamamaq lazımdır. Çünki qanun məcburidir və ona əməl etmək də hər bir vicdanlı vətəndaşın borcudur. Amma hazırda cərimənin tətbiqi mümkün deyil və böyük ehtimalla bir müddət mümkün olmayacaq”.
Elektronlaşma baş verdikdən sonra cərimənin tətbiq mexanizminin necə olmasına gəlincə, ekspert qeyd edib ki, bu, yerli nəzarət orqanlarının idarəetməsinə veriləcək:
“Nəzarət orqanları yerli icra hakimiyyətləridir. Əgər nəzarət orqanları dəyişəcəksə və yaxud da eynilə qalacaqsa, onlara elektron məlumat bazasına giriş imkanları verilməlidir. Həmin giriş imkanları əsasında nəzarət orqanları öz ərazilərində yaşayan vətəndaşların məlumatlarını yoxlayırlar. Tutaq ki, ərazidə yaşayan vətəndaşın mənzili var, amma sığortası yoxdur. Bu zaman vətəndaşa elektron olaraq hər hansı bir protokolu tətbiq edib göndərmək mümkündür. Amma bunların hamısı qanunvericilikdə müəyyən dəyişikliklə təsbit olunmalıdır. Burada protokolun tərtib olunması qaydası, onu tərtib edən orqan və digər məsələlər öz əksini tapmalıdır. Təbii ki, bu ajiotajdan istifadə edərək sığorta şirkətləri çox yaxşı sığorta müqavilələri yazırlar. Ümumiyyətlə, vətəndaşların sığortalanması olduqca yaxşı haldır. Əmlak sığortası çox gözəl bir sığorta növüdür. Hesab edirəm ki, cəriməni gözləmədən belə, bu sığorta növünü mütləq aparmaq lazımdır”.
İstismar müddəti başa çatmış evlərin sığortalanmasının necə həyata keçiriləcəyinə gəlincə, Xəyal Məmmədxanlı qanunvericilikdə belə bir maddənin olmadığını deyib:
“Qanunvericilikdə yalnız qəzalı əmlak məsələsi öz əksini tapıb. Bakının yarısında “xruşşovkalar”ın istismar müddəti başa çatıb, amma qəzalı vəziyyətdə deyillər, insanlar orada yaşayır. Əgər ev qəzalıdırsa, sökülməsi barədə qərar varsa, bu halda onların sığortalanmasını qanun qadağan edir. Qanun, o cümlədən yarımçıq və özbaşına tikililərin də sığorta olunmasını qadağan edir. Əgər ev sürüşmə zonasındadırsa və ya zəlzələdən sonra qəzalı vəziyyətdə deyilsə, eləcə də uçmaq təhlükəsi ilə üz-üzə deyilsə, belə əmlaklar mütləq sığortaya cəlb olunacaq”.