62 manat sosial, 10 manat siğorta: Yeni ödənişlər “qara mühasibatlığ”a təkan verəcək?


62 manat sosial, 10 manat siğorta: Yeni ödənişlər “qara mühasibatlığ”a təkan verəcək?

Minimum əməkhaqqının artması ilə bir sıra məcburi ödənişlərin də həcmində artım oldu. 

Qanunvericiliyə görə, rəsmi əməkhaqqının 20 faizi DSMF-na ödənilir. Bundan əlavə, digər vergi yükü də mövcuddur ki, bu da sahibkarlara əlavə xərc deməkdir. Məsələn, sahibkar kimi vergi uçotunda olanlar üçün DSMF üzrə ödəniş artdı və indi ekspert xidməti göstərənlərin sosial ödənişi ay ərzində 62,5 manata çatıb. Aprel ayında daha 10 manat icbari tibbi sığorta üçün əlavə olunacaq. Minimum əməkhaqqının da yenidən ən azı inflyasiya səviyyəsində indeksləşməsi, yəni artması gözlənilir. Bu, həm də xərclərin artması deməkdir.

Maraqlıdır, DSMF və digər vergi yükü artdıqca sahibkarlar yenidən “qara mühasibatlığa” maraq göstərə bilərlərmi?

Qeyd edək ki, ölkədə “qara mühasibatlığın” həcmi Vergi Məcəlləsində aparılan son dəyişiklərdən sonra ciddi şəkildə azaldığı müşahidə olunurdu.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, istənilən halda vergi yükünün artırılması sahibkarların öz gəlirlərini gizlətməsi üçün müvafiq yollar axtarmasına zəmin yaradır:

“Sahibkarların öz gəlirlərini gizlətməsi halları Vergi Məcəlləsinə edilən dəyişiklərlə əlaqədar olaraq çətinləşir. 2019-cu il, o cümlədən 2018-ci ilin ikinci yarısından etibarən “kölgə iqtisadiyyatı”na qarşı müvafiq tədbirlər başlanıldı. Belə ki, 2019-cu ilin yanvarın 1-dən Vergilər Məcəlləsinə edilən dəyişiklərə görə, qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanların gəlir vergisindən azad olundu. Məcəlləyə görə, bu sektorda çalışıb 8 min manat maaş alanlar vergi vermir, maaş 8 mindən çox olduğu halda həmin hissədən 14 faiz vergi ödənilir. Bu, böyük bir vergi güzəştidir. 7 illik bir dövrü nəzərdə tutan bu dəyişiklik nəticədə əmək haqlarının "ağardılması"na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, "kölgə iqtisadiyyatı"nın payının azalmasına səbəb oldu. Bu mənada bəzi sahibkarlıq subyektlərinin vəziyyəti çətinləşdi. Əvvəlki Vergilər Məcəlləsi istehsal sahələrinə, ticarət, xidmət və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara müvafiq şərait yaradırdısa, artıq 2019-cu ildən etibarən bütün bunlar çətinləşdi. Nəticədə ötən il gömrük və vergi xətti ilə dövlət büdcəsinə nəzərdə tutulandan 1 milyard manatdan artıq vəsait daxil oldu. Bu proses davam edəcək. Proses davam etdikcə sahibkarların razılıqları fonunda onların başqa vasitələrdən istifadə etmək imkanları daha da məhdudlaşacaqdır. Əlbəttə, sahibkarların narazılığın da qulaqardına vurmaq olmaz. Bunun üçün hökumət bir sıra güzəştlər tətbiq etmək siyasətini yeridir. Ötən il Vergi Məcəlləsinə 300-dən artıq, bu il isə 162 maddəsinə dəyişiklik olundu. Praktikada bu dəyişikliklər öz səmərəlliyini və yaxud da qeyri-səmərəlliyini göstərdikcə Vergi Məcəlləsi hər il təkminləşdirilməkdə davam edəcək. Təbii ki, sahibkarların əməkhaqqından müəyyən məcburi ödənişlərin artması ilə bağlı narazılıqları da artacaq. Amma bu, hökumət tərəfindən adekvat tədbirlərlə müşayiət olunacaq. Dövlət istəməz ki, büdcənin əsas gəlir mənbəyi olan orta və kiçik sahibkarlıq subyektlərinin vergi ödənişləri həddən artıq olsun”.

Analitik “2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik olunduğunu da xatırladıb: 

“Dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldıldı. Müstəqillik əldə edəndən bəri ilk dəfə idi ki, bellə bir hal baş vermişdi. Fonda ayrılan vəsait azaldılıb başqa istiqamətə yönəldilmişdi. Çünki Vergi Məcəlləsinə edilən müvafiq dəyişikliklər nəticəsində DSMF-nun gəlirləri xeyli artdı. Nəticədə dövlət büdcəsində ilin əvvəlində nəzərdə tutulan bütün vəsaitin Fondun hesabına köçürülməsinə ehtiyac olmadı. Bu, çox müsbət haldır və hesab edirəm ki, oxşar hallar geniş xarakter daşımalıdır. Bu həm əhalinin sosial müdafiəsinin daha yaxşı təşkilini, həm də gələcəkdə pensiyaların daha çox artırılması üçün ən mühüm şərtdir. Sahibkar da, işçi də, işəgötürən də başa düşməlidir ki, gəlirindən ödədiyi vergi onun gələcək sığortası deməkdir. Təbii ki, dövlət bunu elə bir mexanizmdə təşkil etməlidir ki, bu, könüllü xarakter daşısın və sahibkarların fəaliyyəti üçün əlavə narazılıq yaratmasın”.

Artan icbari ödəmələrə görə, bəyannamə verib fəaliyyətini donduran sahibkarların artacağına gəlincə, Pərviz Heydərov bu istiqamətdə ciddi artım gözləmədiyini deyib: 

“Vergi Məcəlləsinə edilən dəyişikliyə görə sahibkarın yaranmış narazılığını aradan qaldırmaq lazımdır ki, dövlət də bundan itirməsin. Əgər bir sahibkar bu ödəmələrə görə fəaliyyətini dayandırırsa, deməli, o, basqı altındadır və çox ağır durumdadır. Amma işini düzgün quran sahibkarlarda vəziyyət bir qədər fərqlidir. Hər bir halda, vergi ödəyicilərinin narazılığına laqeyd yanaşmaq olmaz.

Hazırda post-terminalların quraşdırılması ilə bağlı mübarizə gücləndirilir. Amma nədənsə sahibkarlar post-terminalların tətbiqindən qaçır. Çünki həmin aparatlar verginin avtomatik və sadə şəkildə ödənməsini təmin edir. Həmin sahibkarlar isə hesab edir ki, bu aparatlar onlar üçün əlavə xərc yaradır. Plastik kartlarla ödənişin formalaşması üçün əlavə vaxt lazımdır. Bəzən plastik kartlarla olunan ödənişlər zamanı təqdim olunan çekə yekəxanalıqdan yaxın durmayanlar var. Güman edirəm ki, tədricən, ildə-ilə vergi mədəniyyətinin formalaşdırılması ilə hər şey öz yerini tapacaq. Dünyanın inkişaf etmiş ölkəsi olan Kanadada vətəndaşların gəlirlərinin 50 faizdən çoxu vergiyə gedir. Nəticədə yerli əhali elmdən, hüquqi, tibbi xidmətlərdən, eləcə də digər sahələrdən pulsuz yararlanır. Azərbaycanda bunu tətbiq etmək üçün müəyyən dövrü geridə qoymaq lazımdır”.

Tarix: 9-01-2020, 22:24
Xəbəri paylaş





Xəbər lenti