Təhsil eksperti günahkarları hədəf aldı: “Başları torpaq satmağa qarışıb...”

 
"Hazırda Bakı, Abşeron, Sumqayıt şəhərlərində məktəb binalarının sayı, onların tutumu şagirdlərin sayına və təhsilin inkişafına adekvat deyil”.

Qaynarinfo xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bir neçə gün əvvəl Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunan Anar Quliyevi qəbul edərkən orta məktəblərlə bağlı qaldırdığı problemlərdən danışarkən deyib. 

Ekspert xüsusi ilə ölkə başçısının görüşdə şagird sıxlığı, məktəb binalarının azlığı ilə bağlı məsələni qabartmasına diqqət çəkib:

"Rəqəmlərə baxanda şagir sayının çox, məktəb binasının az olduğun görünük. Məsələn, ən çox sıxlıq yaşanan ərazilərə baxaq. Bakı şəhərində 319 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 müəllim məşğul olur. Bu o deməkdir ki, Bakı şəhəri üzrə ortalama hər bir məktəbə 1383 şagird, 86 müəllim və ya hər 17 şagirdə 1 müəllim düşür ki, bu da beynəlxalq normadan dəfələrlə artıqdır. Müsbət qəbul edilən rəqəm hər 8-9 şagirdə bir müəllimdir.

Amma real rəqəmlər daha çoxdur. Məsələn, Binə qəsəbəsində bir neçə məktəbdə şagird sayı 4-5 mindən çoxdur. Belə məktəblər Binəqədi, Yasamal, Xəzər rayonunda da çoxdur. Deməli, bu ərazilərdə əlavə məktəb binasına ehtiyac var. Bu problemi həll etmək üçün heç də çıxış yolu əlavə korpusların tikintisi və ya 1-2 mərtəbəli tədris binasının 3-4 mərtəbə ilə əvəzlənməsi deyil. Çünki 3-4 min şagirdin təhlükəsiz idarə olunması, keyfiyyəti tədris qurulması çətin prosesdir.

Digər bir misal, Abşeron rayonunda 39 orta məktəb var və burada 52 min şagird təhsil alır. Bu o deməkdir ki, hər məktəbdə azı 1333 şagird təhsil alır”.

Kamran Əsədov qeyd edib ki, bu gün Bakının mərkəzi və Bakı ətrafı qəsəbələrdə xüsusi ilə ibtidai siniflərdə şagird sayı 38-54 arası dəyişir:
"Yeni yaşayış binaları inşa ediləndə onlar vacib infrastrukturu nəzərə almırlar. Bu, təkcə çoxmənzilli hündürmərtəbəli binalara aid deyil. Bakıətrafı qəsəbələr çox sürətlə inkişaf edir, məskunlaşır. İcra hakimiyyəti orqanları və bələdiyyələr işıq sürəti ilə torpaqları yaşayış yeri üçün vətəndaşlara satırlar. Hamı da ucdantutma qəşəng evlər tikir. Sonra da məlum olur ki, 15-20 min sakin yaşayır, amma orada nə məktəb binası, nə xəstəxana, nə də başqa bir qurum var. Sonrada hamı başlayır narazılıq etməyə ki, bəs bizi təhsil almağa qoymurlar”.

Ekspet məktəb binalarının çatışmamasının əsas günahını yerli icra hakimiyyəti orqanları və bələdiyyələrdə görür: "Çünki onların şəhərsalmadan, memarlıqdan, şəhər infrasturkturundan xəbərləri yoxdur. Başları torpaq satmağa, seçki zamanı hansısa bir deputatlığa namizədə şəxsi maraqları üçün dəstək verməyə və s.-yə qarışıb. Hazırda Bakı, Abşeron, Sumqayıt şəhərlərində məktəb binalarının sayı, onların tutumu şagirdlərin sayına və təhsilin inkişafına adekvat deyil. Nəzərə alsaq ki, əhalinin sayı sürətlə artır, təkcə müstəqillik əldə etdikdən sonra, 30 il ərzində 3 milyon artıb, deməli, biz 5 il sonranı düşünməliyik. 5 il sonra dedikdə, 2025-ci il Milli Məclisə seçkiləri nəzərdə tutumuram.

Ali təhsil müəssisələrinin, orta məktəblərin, kolleclərin, peşə təhsili müəssisələrinin sayı və yerləşməsi ilə bağlı xüsusi fəaliyyət planı hazırlanmalıdır. Bu qeyd etdiyim müəssisələr daha çox Bakıətrafı qəsəbələrdə salınmalıdır ki, bu da şəhərin yükünü azalda, mərkəzdə sıxlığı aradan qaldıra bilər. Ölkə üzrə ümumilikdə 4443 məktəb, 1.6 milyon şagird təhsil alır. Bu rəqəmlər onu göstərir ki, yeni məktəb binalarına ciddi şəkildə ehtiyac var. Bu, təhsilin əlçatımlılığının təmin edilməsi üçün çox vacibdir”.
Tarix: 11-01-2020, 23:06
Xəbəri paylaş





Xəbər lenti