Orxan Bahadırsoy
Gəlin, sizə böyük bir özbaşınalığın, ucu-bucağı görünməyən vicdansızlığın, qəddarlığın, zalımlığın gerçək hekayəsini danışım. Təsvirinə sözlərin aciz qaldığı bu rəzaləti tam izah edə bilmək üçün hər şeyin əvvəlindən başlamalıyam.
Nəzərinizə çatdırım ki, mən Lerik rayon qeydiyyatındayam. İllərdir Bakıda yaşasam da bütün sənəd işlərim Lerik rayonundan asılı haldadır və bu səbəbdən tez-tez Lerik rayonuna getməli oluram. Eyni zamanda qohumlarımın, yaxınlarımın böyük bir qismi də bu rayonun müxtəlif kəndlərində yaşayırlar. Nənəm İbadova Dilarənin 72 yaşı var, 50 il müəllimə kimi bu rayonun müxtəlif kəndlərində çalışıb və təqaüdə çıxıb. O, hal-hazırda şəkər xəstəliyindən əziyyət çəkir. Bir neçə ildir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və ona hər ay dövlət tərəfindən şəkər dərmanları verilir. Böyük ehtimalla genetik problemimiz olan şəkər xəstəliyindən 30 ildir ki, bibim Salmanova Aynur da əziyyət çəkir. O da uzun illərdir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və dövlət tərəfindən dərmanla təmin olunur.
2018-ci ilin yay mövsümündə Lerik rayonuna sadəcə istirahət məqsədi ilə getmişdim. Həmin vaxt nənəm mənə dedi ki, xəstəxanada bir həkim var, dərmanlarımızı vermir. Səbəbini soruşanda bildirdi ki, xəstələrin özünün gəlib dərmanları götürməsini tələb edir, onların yaxınları dərman üçün gedəndə kabinetindən qovur. Məntiqsiz və vicdansızca olan bu davranışa hiddətləndim. 72 yaşlı qadın kəndən rayon mərkəzinə Lerikin buruq və narahat yolları ilə 30 kilometr yol getməlidir hər ay. Üstəlik, bibim elə şəkər xəstəliyi səbəbi ilə bir böyrəyindən məhrum qalıb və bütün həyatı tək böyrəyin öhdəsindədir. Onun da bu uzun və narahat yolu hər ay getməsi səhhəti üçün böyük təhlükədir. O dərmanlara hava-su kimi möhtac olan və evdən çölə çıxmağa belə əziyyət çəkən iki xəstəni hansı qansız həkim hər ay xəstəxanaya gəlib dərman götürməyə məcbur edər?
Elə bu sualla yollandım Lerik Rayon Mərkəzi xəstəxanasına. Nənəmin də, bibimin də anketlərini götürüb girdim Həndəm adlı endokrinoloqun kabinetinə. Ədəb-ərkanla salamlaşıb gəlişimin səbəbini bəlli etdim. Kobud, ədəbsiz, tərbiyəsiz davranışlarla məni kabinetindən çıxarıb dərmanları verməkdən imtina etdi və tələb etdi ki, xəstələr özü gəlib götürsünlər. Mən də Səhiyyət Nazirliyinin qaynar xəttini yığıb şikayət etdim. Az sonra həmin xəstəxananın baş həkimi Mübariz Ağayev mənə zəng etdi və görüşmək üçün otağına dəvət etdi. Baş həkimin otağına getdim. Məni ədəb-ərkanla qarşıladı. Narahatlıq üçün mehribanlıqla üzrxahlıq etdi. Nənəmi çoxdan tanıdığını, peşəsinə və şəxsiyyətinə hörməti olduğunu bildirdi. Sağ olsun. Sonra da bir daha belə bir hadisənin təkrarlanmayacağına dair söz verib dərmanla təmin etdi. Sağollaşdıq.
Bu hadisənin üzərindən bir ildən çox vaxt keçib. Bu yaxınlarda bir sıra sənəd işləri ilə əlaqədar Lerikə getməli oldum. Öyrəndim ki, həmin həkim uzun müddətdir ki, xəstələrin dərmanlarını vermir və onların yaxınlarını yenə eyni ədəbsizliklə kabinetindən qovur. Nənəmin də, bibimin də şəxsiyyət vəsiqələrini götürüb yollandım rayon mərkəzinə. Öz sənəd işlərimi həll etdikdən sonra xəstəxanaya daxil oldum. Anketləri alıb həmin endokrinoloqun kabinetinə yollandım. İçəri daxil olub salamlaşdım, Dilarə müəllimənin nəvəsi olduğumu bildirdim və anketləri də, şəxsiyyət vəsiqələrini də önünə qoyub dərmanları reseptləşdirməsini istədim. Kobud səs tonu ilə “Dilarə müəllimə, özü gəlib götürsün!” dedi. Bildirdim ki, “Dilarə müəllimənin 72 yaşı var və hal-hazırda 300 şəkərlə yataqdadır. Bibimin də bir böyrəyi var və 600 şəkərlə o da yataqdadır. Siz dövlətin bu xəstələrə ayırdığı dərmanları vaxtında vermədiyiniz üçün hal-hazırda ikisi də ölüm ayağındadır”. Həyasızca, üzümə də baxmadan eyni ilə belə dedi: “Sənə dedim ki, arvad özü gəlib götürsün. Başımı xarab eləmə. Çıx otaqdan!” Mən onun nəzərinə çatdırdım ki, bu barədə bir dəfə şikayət etmişəm və baş həkim mənimlə görüşüb, bu hadisənin bir daha təkrarlanmayacağına dair söz verib. Lakin sözgedən endokrinoloq Həndəm, sözümü kəsib qışqır-bağırla dedi: “Get, kimə şikayət edirsən, et. Gəlib özü götürsün. Rədd ol otaqdan!”
Sakitcə anketləri də, şəxsiyyət vəsiqələrini də götürüb otaqdan çıxdım. Qalxdım baş həkimin kabinetinə. Lakin baş həkim otağında yox idi. Katibəsindən və digər həkimlərdən baş həkimin harada olduğu və əlaqə nömrəsi barədə maraqlansam da rastıma çıxanların hamısı qeyri-etik, ədəbsiz davranışlarla sualımı cavabsız qoyub uzaqlaşdılar. Səhiyyə Nazirliyinin qaynar xəttini yığıb şikayətimi bildirdim. Məni sona qədər dinləsələr də, bu məsələlərə yanvar ayının 1-dən etibarən İcbari Tibbi Sığorta Agentliyinin baxdığını deyib əlaqəni kəsdilər. İcbari Tibbi Sığorta Agentliyinin rastıma çıxan bütün nömrələrinə zəng etdim, amma cavab verən olmadı. Prezident Adminstrasiyasının müvafiq şöbəsinə zəng etdim. Onlardan da zəngimə cavab verən olmadı.
Əlimdə anketlər və şəxsiyyət vəsiqələri ilə Lerik Rayon Mərkəzi Xəstəxanasının koridorunda qalmışam. Evdə ağır vəziyyətdə iki şəkər xəstəsi var və onlara dərman çatmalıdır. O dərmanlar ki, onları dövlət o xəstələr üçün ayırıb amma bu özbaşına, vicdansız, şərəfsiz adamlar dərmanları xəstələrə vermir. Nə o xəstəxanada bir adam tapdım ki, buna əncam çəkə, nə də bu boyda dövlətdə bir qurum. Siz mənim yerimə olsaydınız nə edərdiniz? Həyatı o dərmanlardan asılı olan iki xəstənin yanına əliboş qayıdıb, dərmanları vermədilər deyəcəkdiniz? Yoxsa o xəstəxanada saatlarla, günlərlə gözləyib bu qansızların haçansa keyfinə görə dərman verəcəyini gözləyəcəkdiniz? Siz nə edərdiniz bilmirəm, amma mənim həmin an ağlıma bir fikir gəldi. Qəzəbimdən tir-tir əsə-əsə, hirsimdən boğula-boğula ancaq bu çıxış yolunu tapa bildim.
Xəstəxanadan çıxıb yollandım marketə. Bir qutu lezva alıb qayıtdım xəstəxanaya. Girdim Həndəm adlı o endokrinoloqun kabinetinə. Anketləri önünə atıb soruşdum ki, “Yazırsan?”. Gözlərini bərəldib üzümə baxaraq sakitcə durdu. Lezva ilə sol biləyimdən bir neçə kəsik atdım. Bu anda ayağa qalxıb yalvarış ədası ilə yazacağını bildirdi. O, gözləyirdi ki, belə etdiyi halda hirsim soyuya. Mən isə daha da qəzəbləndim. Yəni hər şey bu həddə çatmalıdır ki, sən iki xəstəyə dövlətin pulsuz verdiyi dərmanları reseptləşdirəsən? İki dərmanın adını yazıb altından imza çəkəcəksən. Canın gedir, ya pulun? Sizcə, bir adam niyə belə etsin? Mənim ağlıma bir fikir gəlir ki, bu adam xəstələrin aylıq dərmanlarını vaxtı-vaxtında verməyib onları öz pulu ilə başqa yerlərdən dərman almağa məcbur edir. Nəticədə dövlət tərəfindən verilən dərmanlar bu vicdansızın özünə qalır və o, daha sonra bu dərmanları pulla satır. Siz başqa bir səbəb görürsüz bu əməldə?
O, öz yalvarmağında olsun, mən 102 polis xidmətinə zəng etdim. O, israrla sakitləşməyimi istəyir, dərmanları yazacağını bildirirdi. Amma artıq gec idi. Bu lənətlənmiş şəxsin incitdiyi, zülüm etdiyi adamlar təkcə mənim yaxınlarım deyildi. Əvvəldən də eşitmişdim ki, rayonun əksər sakinləri ilə belə edir. Xəstə yatağında olan, qocalıb taqətini itirmiş neçə-neçə xəstəni uzaq, ucqar kəndlərdən xəstəxanaya gəlməyə məcbur edir və onların yaxınlarını otağından qovur. Yəni məsələ artıq iki nəfərin məsələsi deyildi, bir toplumun məsələsi idi və mən həmin an onların hamısının adından o həkimlə üz-üzə dayanmışdım. Təbii ki, koridorda səssizcə seyrə duran 50-60 nəfər bunun fərqində deyildi. Bu həkimin bu qədər özbaşına, vicdansız olmasında o adamların da günahı vardı.
Zamanında, onun etdiyi ilkin qansızlıqlarda heç kim yaxasından yapışmamışdı. Onsuz da bu ölkədə, gördüyünüz kimi, heç bir qurum işləmir. Şikayətə filan baxan da yoxdur. Heç olmazsa özünüz, öz yolunuzla, öz dilinizlə bu adamların ipini yığmalısınız axı. Lakin tam əksinə, hamı səssizcə taleyi ilə barışaraq susub və bir kənara çəkilib. Eybi yox, canları sağ olsun. Mən də bəlkə həmin an o adamların nəzərində “şivən”, “işverən” ifadələri ilə təsvir olunurdum. Bilmirəm. Amma onu dəqiq bilirəm ki, vəhşi, yabanı, əhliləşməyən fərdlərlə onların dilində danışmaq lazımdır. İnsan dilini, mənəvi kateqoriyaları, adamlıq keyfiyyətlərini bilməyən, tanımayan bu tərbiyəsizlərə nələrisə tanıtmağın, öyrətməyin başqa yolunu bilən varsa, desin.
Polis əməkdaşları hadisə yerinə gəlib məni sakitləşdirməyə çalışdılar. Daha sonra polis bölməsinə və rayon prokurorluğuna gedib şikayətimi bildirdim. Polis əməkdaşlarından da, prokurorluğun davranışından da narazı deyiləm. Şikayətimə baxılacağı, həmin həkimin fəaliyyətinin araşdırılacağı barədə mənə söz verdilər. Həm davranışlarında, həm də işə yanaşmalarında ciddi və məsuliyyətli idilər. Təki, bu, sonacan da belə davam etsin.
Bunu ictimailəşdirməkdə məqsədim hadisənin ört-basdır edilməməsi, belə özbaşınalıqlar üzərində ictimai nəzarətin güclənməsi, xüsusi ilə medianın bu cür hadisələri diqqətdə saxlaması, əhalini hadisələrin gedişatından xəbərdar etməsi və xalqın da öz qansız fərdlərini tanımasıdır. Hamıdan da xahişim odur ki, paylaşıb hadisənin nəzarətdə qalmasına dəstək olsunlar.