Elə bir labirintə girmişik ki, girişi var, çıxışı yoxdur


Elə bir labirintə girmişik ki, girişi var, çıxışı yoxdur

Görən olubmu ki, yol kəsmək, küçə bağlamaq məsələsi olsun, amma bir qurum digərindən geri qalsın?

 

Bakının küçələri get-gedə labirintə çevrilir. "Girin, çıxa bilərsinizsə...", - deyə bir yanaşma var, sanki: atmacamı, zarafatmı, sınaqmı... Sakinlərlə gizlənpaç oynamaq, məzələnmək kimi bir şey.

 

Bunun nə olduğunu anlamaq üçün o küçəyə girmək vacibdir. Yoxsa adı "labirint" olmaz ki! Gir ki, çıxa bilməyəsən, ilişib qalasan.

 

Yolun ortasında AAYDA-nın (aydaaaa) alayarımçıq lövhəsi ilə üzləşməsən (...-ci dəfə yolu təmir edirik və üzr-zad istəmirik), nə ləzzəti var?! Gəliblər, qazıblar, töküblər və … gediblər. Cəsarəti olan etiraz etsin. Etsin ki, AAYDA-nın “dissident” sözçüsünün qəzəbinə tuş gəlsin: “Əəə, eee, bəsdirin dəəə hər şeyi qara gördünüz, bir şeyi də ağ görün!”

Ya da AAYDA-nın baryerini adlayar-adlamaz, heyvərə, qara rəngli borular qarşında dikilər. Sağ və solunda da, içində sürücüsü olmayan 2 ədəd traktor, onları da atıb gediblər (kefimiz belə istəyib - "Azərsu"). Səsinizi çıxarsanız, suyunuzu kəsərlər, gözünüzün suyu ovcunuzda qalar. Həmin o qazılmış küçədə Kərbəla müsibəti yaşayanlar kimi.

 

Deyək ki, bu mühasirədən də birtəhər çıxdın (labirintə girmisənsə, ya çıx, ya da canın çıxsın), sevinmə, ömür bitər, yol bitməz...

 

Bir də baxarsan ki, qarşıda təpə var. Ətrafda da 2 nəfər ciddi cəhdlə əlləşib-zad eləmir, işin altını altında, üstünü üstündə buraxıb aradan çıxıblar. Amma geridə necə lazımdır, iz qoyublar – xəndək və üstüaçıq elektrik kabelləri. (Sözü olan var? – “Azərişıq”)

 

Yolun ortasına, fikrin sonlarına kimi gəlib çıxasan, “Azəriqaz”ı unudasan? Allahsızlıq olar. Onların xidməti heç də digərlərindən az deyil. Nə vaxt görünüb ki, yol kəsmək, küçə bağlamaq (adətən asfaltlamadan sonra) məsələsi olsun, amma bir qurum digərindən geri qalsın?!

 

Heç nə olmasa belə, ordakı qaz xəttinin harasındasa qəza baş verməlidir. Ondan sonra, ya Allah, “Qaz qəza xidməti”nin “xüsusi təyinatlıları” özlərini yetirəcək və bu çıxılmaza öz layiqli töhfələrini verəcəklər.

 

Belə! Buradaca avtomobili də, qələmi də tullayıb gedəsən bir parça huzur tapacağın yerə. Amma necə? Elə bir labirintə girmişik ki, girişi var, çıxışı yoxdur.

 

P.S. Səbirsizlikdən, unutqanlıqdan adını çəkmədiyim, yad etmədiyim digər yolkəsənlərdən dönə-dönə üzr istəyirəm. Bəli, deyə bilərsiniz ki, “bizim külüngümüz kimin betonqarışdıranından əskikdir?” Haqlı da çıxarsınız, nə deyim…          Müəllif: Tural Talehoğlu  

Tarix: 18-01-2020, 09:59
Xəbəri paylaş





Xəbər lenti