Biz itirik...Ey xalqım, biz itirik!... Arımızı-abrımızı itiririk!!!



Sevinc Məmmədova

Tələbə

Qorxuram, dünyada elə bir zaman gələ,

İnsanlar yaşaya, insanlıq ölə...

Bəxtiyar Vahabzadə

Özümü bu haqda yazmamaqla bağlı çox tənbeh etdim, istədim ki, mən də susum, öz köşəmə çəkilim, fikirləşim. Daha sonra düşündüm ki, susmaqla nə isə dəyişmir. Düzdür, danışmaqla da dəyişmir...Bəxtiyar Vahabzadə demişkən, insanlar yaşayır, ancaq insanlıq ölür...

Yer üzündən 10 yaşlı bir qız getdi. Bilmirəm, məsələyə kimin gözündən baxım? Kimin canı yanır o qıza?

Bir-birini televiziyalarda günahlandıran, kiminsə əlinə reytinq yığmaq üçün material verən insanlarımı günahlandırım, yoxsa bu hadisəni 35 gün balaca bir kənddə tapıb ortalığa çıxara bilməyən insanlarımı?

Mən artıq bilmirəm necə bölünmüşük? Əvvəl nağıllarda daş qəlbli ögey ana, bir də saf, təmiz ürəkli qızcığazlar olardı. Biz, pislərin və yaxşıların müqayisəsini dinləyərək yuxuya gedərdik.

Fikirləşərdik ki, başqalarını incidən, xətrinə dəyən, icazəsiz əşyalarını götürən “qəhrəmanlarla” yanaşı, kasıb olsa belə əlində-ovucunda nə varsa, ətrafındakılarla bölüşməyi bacaran, heç kimə yamanlıq etməyən yaxşı insanlar da var.

Belə bəsit nağıllar üstünə xəyallar qurar və heç kimə pislik etməməyi seçərdik, çünki bizim gözümüzdə pislər böyük bir qaranlığa məhkum olanlardır. Əfsuslar olsun ki, hər bir uşaq qaranlıqdan qorxar...

İndi deyin mənə, başqasının qızını qaçıran, ona icazəsiz öz istəklərini etdirən və daha sonra onu yandıraraq bədənini də, ruhunu da qaranlığa məhkum edən insanlara nağıllarda olan kimi “pis” demək olarmı?

Axı bizim nağıllarımızdakı daş qəlbli qəhrəmanlar belə bu qədər vəhşi deyildi... Axı biz heç bir nağılda yandırılan qızcığazlar haqqında oxumamışdıq. Bəlkə də, gözümüzü boyayan elə budur?

Ögey qızına zəhərli alma yedirmək istəyən pis analardamı, sevdiyi üçün özünü Qız Qalasından atan, bir işıq uğrunda dənizdə boğulan, divlərlə mübarizə edərək özünə, vəkilin, vəzirin oğluna 3 gözəl qız gətirən Məlikməmmədlərdədirmi günah?!

Yoxsa bizi bu yalanlara tərk edərək həyatın acı üzünü göstərməyənlərdəmi?

Nə qədər sual cavabsız qalacaq, nə qədər ana gözü yaşlı, nə qədər oyuncaq sahibsiz qalacaq? Namus, mentalitet deyirsiniz, bəs bunlara diqqət edən ölkədə belə hadisələr necə baş verə bilər axı, bunu niyə heç düşünmürsünüz?

Nəyin qurbanıyıq? Biz niyə gün-güzaran görmədən öldürülməliyik? Necə baxacağıq kənardan bütöv görsənib, yarıcan olanların üzünə? Necə baxaq üzü dırnaq izləriylə cızılan nənənin simasına? Bəs sükutunda bağırışlar olan atanın gözlərinə necə baxaq?

Məni ən çox incidən də bizim kimi günahsızların xəcalət çəkərək, utanc hissi keçirməsidir. Biz danışırıq, nələrsə yazırıq, ancaq digər tərəfdən tərbiyəsiz, pedofillizmin daşıyıcıları öz işlərini görürlər. Eh, nə edək axı, qələmimiz Allah deyil…

Neçə Elinalar, Nərminlər, Zəhralar ölməlidir? Mən necə bağırım ki, qulaqları kar olsun bu canilərin, öz dərdlərinə başları qarışsın, əl çəksinlər körpələrdən?

Mən necə edim ki, qadın kimi var ola bilək? Mən necə edim ki, 10 yaşım olsa belə şərhlərdə “Allah bilir nə edib ki, öldürülüb” sözlərinə rast gəlməyim?

Ey xainlər, ey bir ailəni dizi üstə qoyan canilər, mənim karandaşımın başındaki silgi kaş sizi silməyə yetərdi. Kaş qələmlə üstünüzdən xətt çəkə bilsəydim, kaş qolunuz-qanadınız qırılıb o xəttin altında qalaydı...

Kaş siz öləydiniz, Nərminlər sağ qalaydı...

Bəlkə, günahkar bizik? Qələmi, kitabı olmayan bir qızcığaza bunları verə bilmədiyimiz üçün, bəlkə də, ən böyük cani bizik? Belə danışıram, bilmirəm oyuncağı var idi, ya yox? Mənim kimi böyüyüb, ya yox? Kənddə nə əziyyətlər çəkib bilmirəm. Əlim də çatmır...

Götür, bu dəftər sənin olsun, götür, bu oyuncaq sənin olsun deməmişəm! Mən qələmimi, kitabımı onunla bölüşməmişəm! Mən onu görə bilməmişəm! Nə edim, əlim çatmayıb, dərdini dinləməmişəm!

Yanmaq deyil də, yaşayaraq ölmək, bəlkə də, onun bu dünyada əvvəlcədən başına gəlmişdi?

Eşitməmişəm səsini, dinləyə bilməmişəm dərdlərini...

Neçə uşağın səsini dinləyə bilirəm? Ay Allah, neçə Nərmin bu haldadır? Neçə qızcığaz əzab çəkir, incidilir? Mən necə bilim axı? İndi çıxmışıq kimisə günahlandırırıq? Öz günahımızı hansısa aparıcının üstünə şər ataraq silirik...

Bu gün Nərmin, bəlkə də, sabah qonşu kənddə Ayşənin, Xədicənin ölümünə yazı yazacağam?

Əlim də gəlmir...Uşaq olmaq da çətindir, uşaqlığı öldürülərək böyümək də…

Sonra deyirik ki, filan qız, filan saytda çılpaq tərzdə oynayır...

Niyəsini başa düşmürük... Biz tərbiyəsiz deyirik, cəzalandırırıq...

Bəlkə, korluğumuz bu hadisələrin baş verməsinin ən böyük səbəbidir? Mən görmürəm, siz görmürsünüz, bəs görənlər niyə susur?

O qədər sual var ki...O qədər cavab var ki, mənasız...

Balaca bir ölkədə yaşananlar o qədər böyüyür ki içimizdə. Kim özüdür, kim yalançıdır, kim xaindir, tapa bilmirik.

Biz itirik...Ey xalqım, biz itirik!...

Bir uşağın gözlərindəki məsum qığılcımda itmək yerinə, biz əxlaqsızların çoxaldığı böyük bir azadlıqda itirik. Arımızı-abrımızı itiririk!!!

Bir şəhid xanımına (aprel döyüşləri zamanı şəhid olan pilot Təbriz Musazadənin xanımı Pərişan Əsədzadə) namussuz deyəcək qədər abrımızı itiririk!!!

İki şəhid oğlunun anasına deyilənlərə baxaraq utanc hissi keçirmələrinə səbəb olacaq qədər alçalırıq!

O şəhid ki, oğlunu da, xanımını da bizlərə əmanət qoyub getmişdi.

Biz əmanətə xəyanət edəcək qədər mənliyimizi itiririk!!!

Hara gedir bu yollar, hara gedir gələcəyimiz? 2020 beləmi açılmalıydı?

İçimizdə bir bataqlıq var, əlimizi uzadıb kömək istəmək yerinə, hər əlini uzadanı özümüzlə birgə o bataqlığa çəkəcək qədər alçalırıq!

Heç kim məsləhət verməsin. Bizə məsləhət lazım deyil. Diri öləndən sonra tapılan həll yolları da lazım deyil!

Bizə boğazımızı təmizləmək üçün bu boyda olanlardan sonra bir stəkan su və gələcəyimizi yenidən yazmaq üçün kitab, dəftər, qələm lazımdır!

Bizə güclü təhsil sistemi lazımdır! Özümüzü, həyatımızı, düşüncələrimizi idarə etmək üçün güclü təhsil sistemi lazımdır. Hansı ki, kasıbın da, varlının da uşağına eyni ədaləti paylayacaq bir təhsil...

Bizə mərifət lazımdır! Üzümüzə söysələr də başımızı əyərək yola davam etməyimiz üçün yox, söyüşü dilimizə belə ala bilməyək deyə bizə mərifət lazımdır.

Bizə vicdan lazımdır! Onu-bunu sataq deyə yox, öz mənafeyimizə tərs belə olsa, sözün düzünü demək üçün bizə vicdan lazımdır. Bizə normal informasiyalar verərək əhalini maarifləndirə biləcək, təlim-tərbiyə aşılayan, vətənə və bir-birimizə olan sevgimizi artıraraq özümüzü-özümüzə qaytaracaq səviyyəli televerilişlər lazımdır.

Bizə bayrağımızı dalğalandırmaq üçün neçə-neçə güclü gənclik lazımdır!

Bizə öz yamağını tikə bilən dərzilər lazımdır!

Qulağımızın pasını silə biləcək neçə-neçə musiqiçi, haqqımızı müdafiə edəcək ədalətli vəkillər, hakimlər, prokurorlar lazımdır!

Bizə qarında qayçı qoymaq yerinə, xəstənin sağ ayağında problem ola-ola sol ayağını kəsməyəcək həkimlər lazımdır...

“Ana, mən Nərminəm...Sənin isti qucağından qaçıb gedən Nərmin...

Ölmək istəmirdim, bilirsən, bədənim nə çox yandı?

Ana, daradığın saçlarım yandı, ipək saçlarım yandı...

Yoxdur saçlarım, qırılan dırnaqlarım, yoxdur artıq oyuncaqlarım...

Hər gün sığalladığın əllərim külə döndü...

Yeriyə bilmirəm ana, ayaqlarım da yoxdur. Gör nə haldayam ki, bağırıram, ancaq səsim də yoxdur.

Gedirəm ana, kitablarım tək qalacaq, hər gün oturduğum o masa, dostlarım tək qalacaq.

Tək qalacam, atasız, nənəsiz... Niyə soruşmursunuz, bəlkə, mən qorxuram?

Tut əlimdən, çək məni, mən ölmək istəmirəm...

Mən yanmaq istəmirəm...”

Tarix: 18-01-2020, 15:29
Xəbəri paylaş





Xəbər lenti