Pensiyalar nə qədər artacaq? - Rəqəm açıqlandı


bitmap-img6




Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.

AzFakt.com-un məlumatına görə, bu barədə şərh verən iqtisadçı Qubad İbadoğlu təklif edib ki, bu ildən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsinə görə indeksləşdirilsin:

"2019-cu ilin yanvar-oktyabr ayları üzrə orta aylıq nominal əmək haqqı 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib. Son müşavirədə dekabr ayında orta aylıq əmək haqqının 723 manata çatdığı bildirilsə də illik artım tempi hələ də açıqlanmır. Orta aylıq nominal əmək haqqının illik artım tempi bu il üçün pensiyaların indeksləşdirilməsinə tətbiq edilən əmsal olduğundan onun yaxın vaxtlarda açıqlanması pensiyaların hansı səviyyədə indeksləşdiriləcəyini müəyyənləşdirməyə imkan verir. Hazırkı templərdən görünür ki, bu ildən pensiyalar təxminən 15 faiz səviyyəsində indeksləşdirilərək artırılmalıdır. Əslində bu aydan tətbiq olunan artım gələn aydan pensiyalara əlavə olunacaq. Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər”.

Onun sözlərinə görə, bundan əlavə pensiya kapitalı da ötənilki inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək:

"Məlumat üçün bildirim ki, 2019-cu ildə rəsmi statistik məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib. İnflyasiya hesablaması şübhə doğuraraq mövcud gerçəkliyi təhrif edir. Əslində ötən il Azərbaycanda inflyasıya səviyyəsi daha yüksək olub. Ən azı 2019-cu ildə manatın dövr sürətinin aşağı düşdüyü halda dövriyyədə manatla pul bazasının il ərazində 24 faiz artması bu qənaətə gəlməyə ciddi əsaslar yaradır.

Amma istənilən halda təklif edirəm ki, ünvanlı sosial yardım istisna olmaqla ödənilən bütün növ sosial müavinətlər də inflyasiya səviyyəsində indeksləşdirilməlidir”.
Tarix: 19-01-2020, 14:06
Xəbəri paylaş





Xəbər lenti