“Hələ 2008-ci ildə Azərbaycanda Dövlət Xəstəxanalarının pulsuz tibbi müayinə və müalicəyə keçməsi haqqında qərar qəbul olunsa da, bu qərar bu gün də kağız üzərində qalmaqda davam edir. Nəinki cərrahiyyə əməliyyatları, hətta adi müayinələr üçün vətəndaşlardan külli miqdarda pul tələb olunur”.
AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov Ovqat.com-a açıqlamasında belə deyib.
Qeyd edək ki, redaksiyamıza ünvanlanan şikayət məktublarında vətəndaşlar səhiyyə xərclərinin bahalığından gileylənmiş, aldıqları maaşın belə aid qrip xəstəliyinin müalicəsinə yetmədiyini bildirmişdilər. Dünyada getdikcə yayılan və artıq bizim sərhədlərimizə qədər gələn Korona virusuna yaxalanacaqları təqdirdə nə edəcəklərini bilmədiklərindən şikayətlənən vətəndaşlar dövlət qurumlarımızı təcili proflaktik tədbirlər almağa çağırıblar.
Əməkdaşımızla söhbətində deputatlığa namizədliyini irəli sürdüyü 22 saylı Nəsimi seçki dairəsindən seçicilərin də bənzər şikayətləriylə qarşılaşdığını deyən Rəşad Bayramov bildirib: “Qaldırdığınız məsələ kifayət qədər aktualdır və bununla bağlı bizə də çoxsaylı şikayətlər gəlməkdədir.Bir çox hallarda xəstəxanalarda yatan xəstələr lazım olan dərmanları belə özləri almalı olurlar. Bunun səbəblərindən biri də bu gün səhiyyə sahəsində çalışan insanlarımızın əmək haqqının həddən artıq aşağı olması ilə bağlıdır. İstər Milli Onkologiya Mərkəzi olsun, İstər Mərkəzi Neftçilər Xəstəxanası olsun, istər Tibb Universitetinin Tədris-cərrahiyyə xəstəxanası olsun və adını çəkmədiyimiz çoxlu sayda xəstəxanalarda Azərbaycanda səhiyyənin pulsuz olması ilə bağlı deyilənlərin tam əksini görürük.”
104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanovun da seçki platformasında yer alan əsas məsələlərdən biri pulsuz səhiyyənin təşkilidir. Həmsöhbətimizin fikrincə, Azərbaycan hökuməti bu istiqamətdə formal olaraq bir sıra addımlar atıb: “Tibbi sığortaya keçid də məhz bu məqsədə xidmət edir. Amma indiyədək səhiyyə orqanlarında rüşvətin qarşısını almaq mümkün olmayıb. Həkimlərin xəstələrə xəstə kimi yox, müştəri kimi baxmaları da problemin digər tərəfidir. Bir çox hallarda xəstələr lazımsız dərmanlarla, müayinələrlə yüklənirlər. Bu da bəzən sağlam adamları belə xəstə etməklə nəticələnir”.
Deputat seçiləcəyi təqdirdə pulsuz səhiyyə və təhsil məsələsini ön planda tutmağa çalışacağını bildirən Elçin Qurbanovun fikrincə, bu iki sahə maksimum dərəcədə pulsuz olmalıdır: “Çünki insanın ən təməl hüququ yaşamaq haqqıdır. Pulu olmayan səhiyyə xidməti ala bilmirsə, deməli onun yaşamaq hüququ da əlindən alınır. Bu mənada pullu səhiyyə təkcə sosial problem deyil, həm də yaşamaq hüququnun məhdudlaşdırılmasıdır”.
Elçin Qurbanov həmçinin aztəminatlı vətəndaşların səhiyyə xərclərini azaltmaq üçün tibbi xidmətlərdə ƏVD-nin vergi dərəcələrinin azaldılmasını təklif edir: “Aztəminatlı vətəndaşların xüsusi səhiyyə xidmətlərindən yararlanmasının təşkili məqsədilə özəl səhiyyə müəssisələrinə tətbiq olunan ƏDV - nin faiz dərəcəsinin differensiallaşdırılması və bununla da qiymətlərin azaldılmasına nail olmaq mümkündür”
Maraqlıdır, vətəndaşlar səhiyyə sisteminin bahalığından şikayətləndiyi halda, Azərbaycan hökumətinin müvafiq qurumları hələ də səhiyyənin pulsuz olmasından danışırlar. İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şükür Eyvazovun mətbuata verdiyi açıqlamasında bir çox özəl xəstəxanalarla müqavilə bağladıqlarını və həmin müəssisələrdə pulsuz səhiyyət xidməti alına biləcəyini qeyd edib.