İcbari tibbi sığorta barədə ən çox səslənən suallara CAVAB


İcbari tibbi sığorta barədə ən çox səslənən suallara   CAVAB

Vüqar Qurbanov: “Müştərək maliyyələşmə məbləği o zaman ödənilir ki, vətəndaş başqa bölgədə qeydiyyatdadır, amma digər ərazidə tibbi xidmət almalı olur”

 

Hazırda ölkədə icbari tibbi sığorta (İTS) üzrə birinci mərhələ üçün 24 ərazi üzrə tibbi xidmət göstərilir. Bu məntəqələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzrəti altındadır.

 

Bu il yanvarın 1-dən İTS-in ölkə üzrə tətbiqinə başlanılsa da, kifayət qədər suallar var. AYNA ən çox verilən suallardan bir neçəsinin cavabını təqdim edir. Sualları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Departament rəhbəri Vüqar Qurbanov cavablandırıb:

 

- İTS pilot layihə şəkilində tətbiq olunandan bəri müraciətlərlə bağlı növbələr yaranıb. Bu növbələrin qarşısının alınması mümkündürmü? Beynəlxalq təcrübədə onlayn növbə də əldə etmək olur və bu, elektron hökumətə inteqrasiya olunub.

 

- Ölkədə İTS tətbiq olunan tibbi müəssisələrdə tibbi xidmətdən hər kəs yararlanmaq istəyir, bu aralar növbələrlə bağlı şikayətlər olur. Çünki İTS haqlarının yığımına hələ apreldən başlanılacaq. Ambulator xidmətə tələb lap çoxdur. İndi hər xəstəxanada xəstələrin müraciətləri üçün qeydiyyat aparılır. Növbə terminallarına da müraciət olunur. Yaxın müddətdə növbə terminallarının hər yerdə quraşdırılması nəzərdə tutulur. Bütün tibbi xidmətlərin öz növbəsi olacaq.

 

- Özəl tibbi sığorta xidmətlərindən istifadə edənlər də dövlət xəstənasından istifadə edə biləcəklər?

 

- İTSDA bir məsələdə də vasitəçilik missiyası həyata keçirəcək. Tibb müəssisələri fərqli maliyyələşir, dövlət İTS-indən əlavə, özəl tibbi sığorta da var. Sığorta şirkətləri regionlarda olan tibb müəssisələri ilə müqavilə bağlaya bilmir. Amma artıq dövlət tibb müəssisələrində də özəl tibbi sığorta xidməti tətbiq oluna biləcək. Artıq bir aydır bu işə start verilib.

 

- Dövlətin vətəndaş üçün ödədiyi 90 manat istifadə olunmayanda nə baş verir?

 

- Əgər dövlət tərəfindən işləməyən (İTS yalnız işləyənlər üçün sığorta haqqını müəyyən edib) vətəndaşın 90 manat sığorta haqqı ödənilibsə, vətəndaş il ərzində hər hansı tibbi xidmətdən istifadə etməyibsə, bu məbləğ növbəti ilki tibbi xidmət balansında qalacaq. Bir ailədə yalnız ailə başçısı işləyirsə, bütün ailə atanın ödədiyi sığorta haqqına uyğun tibbi xidmət alacaq.

 

- Vətəndaş bir ərazidə qeydiyyatdadırsa, başqa bir yerdə tibbi xidmətə zərurət yaranarsa, necə olacaq?

 

- Bu halda hər kəs qeydiyyat yerindən asılı olmayaraq, ərazi üzrə təcili təxirəsalınmaz tibbi xidmətdən pulsuz yararlanacaq. Əlbəttə ki, burada xəstənin vəziyyəti və tibbi xidmət zərfinə uyğun məqamlar nəzərə alınacaq. Belə tibbi xidmətin gözləmə müddəti yoxdur, dərhal xəstəyə yardım olunacaq.

 

- Vətəndaş müştərək maliyyələşmə məbləğini nə üçün ödəməlidir?

 

- Müştərək maliyyələşmə məbləği o zaman ödənilir ki, vətəndaş başqa bölgədə qeydiyyatdadır, amma digər ərazidə tibbi xidmət almalı olur, bu zaman əlavə ödəniş (5 manat) edir. Burada söhbət təcili tibbi xidmətdən getmir, planlı, istəyə uyğun müarciət nəzərdə tutulur. Vətəndaş əgər ambulator tibbi xidmətə sahə həkimindən kənarda müraciət (göndərişsiz) edibsə, bu halda həmin müştərək maliyyələşmə məbləğini - 5 manatı ödəyir. Stasionar xidmət üçün isə tibbi ərazi bölməsi daxilində 30 manat, tibbi ərazi bölməsindən kənarda 90 manat ödəməlidir.

Tarix: 30-01-2020, 22:55
Xəbəri paylaş





Xəbər lenti