Şübhəli ölümlər iddiası professorla baş infeksionisti üz-üzə gətirdi: BİZİM BAXIŞ

Şübhəli ölümlər iddiası professorla baş infeksionisti üz-üzə gətirdi: BİZİM BAXIŞ


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan iki xəstənin ölməsi narahatlıq yaradıb.

Rəsmi qurumlar bu faktı təkzib etməsə də, hələlik səbəblər tam açıqlanmayıb.

Daha dəqiq məlumatı Ağciyər Xəstəlikləri İnstitunda dünyasını dəyişən xəstələrin diaqnoz göstəricilərinə uyğun olaraq həkim-mütəxəssislər deyə bilər.

Xatırladaq ki, yanvarın 14-də saat 14.55-də adıçəkilən institut 1957-ci il təvəllüdlü xəstə ağır vəziyyətdə daxil olub.

O, pulmonologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi; ağciyərlərin emfizeması, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi; tənəffüs çatışmazlığı (II dərəcə); pulmonar hepertenziya; ürək çatışmazlığı, keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq - fibroz bərk ocaqlar və plevra qalınlaşması şəklində” diaqnozu qoyularaq müalicə təyin edilib. Pulmonoloq və kardioloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq xəstənin yanvarın 29-da vəziyyəti kəskin dəyişib və əsas xəstəliklərin ağırlaşması kimi kəskin ağciyər, ürək çatışmazlığı inkişaf edib. Bu səbəbdən xəstə reanimasiya şöbəsinə köçürülüb və yanvarın 30-da saat 01:20-də bioloji ölüm olub. İkinci xəstə - 1941-ci il təvəllüdlü şəxs yanvarın 29-da saat 12:45-də olduqca ağır vəziyyətdə “İkitərəfli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi, hipoksik ensefalopatiya naməlum mənşəli nefropatiya” diaqnozu ilə daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib. Reanimatoloq və pulmonoloqun nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə yanvarın 30-da saat 02:00 radələrində bioloji ölüm qeydə alınıb.

Lakin həmin şəxslərin adlarının açıqlanmaması və ümumiyyətlə, institut rəhbərliyinin suallardan yayınması narahatlığı artırıb.

Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bir daha bildirib ki, Azərbaycandakı virusoloji laboratoriyalar koronavirusun ştamını müəyyən etməyə imkan vermir:

“Nəfəs çatışmazlığı ilə həm xəstəxanada, həm evdə dünyasını dəyişənlər var. Bu isə bizdə şübhələr yaradır. Amma bu şübhələr əsasında xəstənin ölüm səbəbini birbaşa iddia edə bilmərik. Xəstələrdən birində isə naməlum mənşəli nefropatiyanın qeydə alınması virusun mənşəyinin müəyyən edilə bilmədiyini göstərir. Əgər təyin edə bilməyiblərsə, deməli yoluxma mümkündür. Hər halda, koronavirusun Azərbaycana çatması realdır. Çünki bu xəstəlik Çində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Qazaxıstanda var. Azərbaycan da xüsusi təcrid olunmuş yer deyil. Həmin virus hava-damcı yolu ilə yayıldığına görə Azərbaycanda yayıla bilər. Sadəcə olaraq, bunun diaqnostikasının ortaya çıxarılması, onunla bağlı tədbirlər sual altındadır”.

Adil Qeybulla bir həftədən çoxdur ki, müəmmalı şəkildə ölənlərin olduğunu iddia edib:

”Belə qənaət yaranır ki, həmin məlumatlar və ölümün səbəbi açıqlanmır”.

Respublikanın baş infeksionisti Cəlal İsayev Adil Qeybullanın iddiaları ilə razılaşmayIb. Bildirib ki, nefropatiyanın müəyyən edilə bilməməsinin virusun mənşəyinin müəyyən edilə bilməməsi ilə heç bir əlaqəsi yoxdur:

“Pataloji material götürülür göndərilir laboratoriyaya göndərilir, hansı virusdan şübhələnirlərsə, ona baxılır. Yoxlanılır, aşkar olunmadısa, deməli patalogiya yoxdur, aşkar olunubsa, var. Laboratoriya işləyir, virusun mənşəni müəyyən etmək olur. Nefropatiyanın olmaması virusun mənşəyinin müəyyən edilməməsinə əsas vermir. Onlar çox güman ki, xroniki xəstələrdir, orada başqa söhbət yoxdur”.

Baş infeksionist bildirib ki, koronavirusun bizim ölkəyə gəlib çıxma ehtimalı çox aşağıdır. C.İsayev professorun müəmmalı ölümlər iddiası ilə də razılaşmayıb:

“Müəmmalı nefropatiya başqa bakterial da ola bilər. Qidalanma ilə bağlı, radiasion, hər şey ola bilər”.


Tarix: 31-01-2020, 13:45
Xəbəri paylaş





Xəbər lenti