Pensiya ilə daha uzun yaşayanlar: Azərbaycanda təqaüd yaşı azaldılmayacaq, dünyada isə… – MÜQAYİSƏ

 


Son zamanlar “uşaq pulu” və pensiya məsələsi ən çox gündəmə gələn mövzulardandır.

<

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Samir Vəliyev son müsahibəsində bildirib ki, dünyada pensiya ilə bağlı proses pensiya yaşının artırılması istiqamətində gedir:

“Bir çox ölkələrdə, o cümlədən də bizdə insanların sosial rifahı yaxşılaşdıqca, onların aktivliyi də artır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, pensiya yaşının aşağı salınması zəruri deyildir. Bizim apardığımız araşdırmalar onu göstərir ki, insanların yaşam tərzi nə qədər yaxşı olursa, onlar bir o qədər aktiv olurlar. Ona görə də pensiya yaşının aşağı salınması məqsədəmüvafiq hesab edilmir. Bizdə xüsusi hallarda pensiya yaşına çıxma yaşları fərqlidir. Məsələn, çoxuşaqlı analar, qanunvericiliklə müəyyənləşdirilmiş xüsusi sahələrdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin pensiyaya çıxma yaşı adi pensiya yaşından fərqli olaraq, aşağıdır”.

Kim nə qədər yaşayır?


Cebhe.info OECD-in (Organisation for Economic Co-operation and Development, yəni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) məlumatlarından istifadə edərək, rəsmi pensiya yaşını, insanların əmək fəaliyyətinə görə təqaüdə çıxdıqları yaşı və orta ömür müddətini araşdırıb.

Bildirək ki, hökumətlərin bir çoxu insanlardan 67 yaşına qədər işləməyi tələb etsə də, təqaüdə çıxdıqları yaş tələb olunandan daha aşağı olur.

Türkiyədə rəsmi pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 58-dir. Lakin əksəriyyət 66 yaşına qədər işləyir. Ən geci 2044-cü ilə qədər kişilər və qadınlar üçün pensiya yaşı 65-ə yüksələcək. Ömür müddətinə gəldikdə, burada ortalama ömür həddi son statistik göstəricilərə görə 77.4-dür. Burada cinslər arasındakı ömür fərqi də bir az gözəçarpandır. Belə ki, qadınlar kişilərdən 6 il daha çox yaşayır. Yəni orta ömür müddəti qadınlarda 80.3, kişilərdə isə 74.4-dür.

Yunanıstanda qadınlar 60 yaşından əvvəl işləməyi dayandırırlar, kişilər isə təxminən 61 yaşından təqaüd almağa başlayırlar. Rəsmi pensiya yaşı isə 2017-ci ildən başlayaraq 67 müəyyənləşib. Hətta 2017-ci ildə rəsmi pensiya yaşı 67-ə qaldırıldığına görə xalq etiraz etmişdi. Çünki kişilərdə pensiya yaşı 2 il, qadınlarda isə birdən-birə 5 il artırılmışdı. Artımın səbəbi isə ölkənin sonra xərcləri azaltmaq istəməsi idi. Bu etirazda Avropanın başqa yerlərindəki seçicilər özləri 50 yaşında pensiyaya çıxdıqları halda etirazçılara kömək etməkdən imtina etmişdi. Yunanıstanda orta ömür müddəti olduqca yüksəkdir. Burada qadınlarda 84.5, kişilərdə 79.6, ümumilikdə isə 82.1 son göstəricidir.

Almaniyada kişi və qadınlar əmək fəaliyyətini 63.5 yaşınadək dayandırmalarına baxmayaraq, rəsmi pensiya yaşı 65-dir. Hazırda 1947-ci ildən əvvəl doğulan insanlar üçün pensiya yaşı 65, 1964-cü ildən sonra anadan olanlar üçün isə 67 müəyyənləşib. Hətta alman siyasətçiləri yaşlı əhalini idarə etmək üçün onilliklər ərzində pensiya yaşını 69-a qaldırmağı düşünür. Bildirək ki, hazırda bunu etmək üçün konkret plan yoxdur. Burada qadınlar ortalama 83.6, kişilər isə 78.8 il yaşayır. Nəticədə ortalama ömür müddəti ümumilikdə 81.2 götürülür.

Yaşam standartları olduqca yüksək olan Finlandiyada kişilər və qadınlar 65 yaşından dərhal sonra təqaüd almağa istiqamətləndirilir. Hətta orada 68 yaşından gec təqaüdə çıxmaq üçün də böyük stimullar var. 65 rəsmi pensiya yaşı olsa da, qaydalar vətəndaşlara 63 yaşından əvvəl təqaüdə çıxmaq imkanı verir. Nəticədə isə kişilər üçün orta pensiya yaşı 63,8 və qadınlar üçün isə 63.1-dir. Bu ölkədə əksəriyyət dövlətin onlara verdiyi fürsətdən maksimum istifadə edir. Finlandiyada hesablamalara görə, qadınlar 84.6, kişilər isə 78.9 il yaşayır. Ümumi orta ömür müddəti 81.7 ildir.

Son zamanlar koronavirusla bütün dünyanın diqqətini özündə cəmləyən Çində isə orta təqaüd yaşı 64-dür. İnsanlar bu yaşda təqaüd almağa başlayırlar. Bu isə rəsmi təqaüd yaşından təxminən 10 il gecdir. Çünki Çində rəsmi təqaüd yaşı qadınlar üçün 50, kişilər üçün 60-dır. Burada yaşlı nəsil gənclərin iş tapa bilməməsindən narahat olur. 2045-ci ilə qədər həm kişilər, həm də qadınlar üçün pensiya yaşının tədricən 65-ə qaldırılması planlaşdırılır. Qadınların ömür müddəti 79.1, kişilərinki isə 74.5 göstərilir. Ölkədə ortalama ömür müddəti 76.7 ildir.

Avropa insanları işləməyə ruhlandırır

Fransada statistikaya görə, qadınlar ortalama 85.4, kişilər isə 79.6 il yaşayır. Ortalama ömür müddəti 82.5 götürülür. Burada qadınlar orta hesabla 60.6 yaşında təqaüdə çıxırlar. Kişilər isə bundan bir az tez, yəni 60.5 yaşında təqaüd alırlar. Bu, rəsmi pensiya yaşı olan 62-dən aşağıdır, ancaq bu yaxınlarda rəsmi pensiya yaşında artım oldu. Belə ki, Fransa hökuməti insanları daha çox işləməyə ruhlandırmaq üçün rəsmi pensiya yaşını 67-ə qaldırır.

İtaliyada isə həm qadınlar, həm də kişilər uzunömürlüdür, burada əksəriyyət 80 ildən çox yaşayır. Belə ki, kişilərdə ömür müddəti 81.1 il, qadınlar isə 85.4 il olaraq hesablanır. Ortalama rəqəm isə 83.4-dür. Onların pensiyaya çıxma yaşlarında da elə də böyük fərq gözə çarpmır. Kişilər 62, qadınlar isə 61 yaşına qədər işləyir. Rəsmi olaraq kişilər 66.7, qadınlarda isə onlardan bir il əvvəl pensiyaya çıxır. Əvvəlki hökumət 2011-ci ildə pula qənaət etmək üçün təqaüd yaşının 67 olmasını təklif etmişdi. Lakin “Beş ulduz” hərəkatı və sağçı Liqa Partiyasının koalisiyası bu artımın qarşısını aldı.

Kanadalılar da italyanlar kimi 80 ildən çox yaşayırlar. Orada qadınlar ortalama 84.3, kişilər 80.3 il yaşayır. Əslində kanadalılar ölkədə 40 il yaşadıqları təqdirdə, dövlət pensiyasını 65 yaşında ala bilərlər və onların ortalama ömür müddəti 82.3-dür. Orta pensiya yaşı isə tövsiyə olunan yaşdan çox da uzun deyil, insanlar 64,75 yaşında təqaüdə çıxırlar. Əvvəlki hökumət 2023-cü ildən təqaüd yaşını 67 etməyi planlamışdı, lakin baş nazir Castin Trüdo bu qərarı ləğv edib.

Cənubi Afrika isə insanların ömür müddətinin ən aşağı olduğu yerlər sırasındadır. Burada ortalama ömür müddəti 63.9 ildir. Yəni digər ölkələrdə vətəndaşların pensiyaya çıxma yaşı burada ölüm yaşı ilə eynidir. Qadınlar üçün götürülər ömür müddəti 67.4, kişilər 60.5 ildir. Cənubi Afrikanın Dövlət Xidmətinin məlumatına görə, insanlar orta hesabla 60 yaşında təqaüdə çıxır. Lakin bu kimi rəsmi yaş həddini hökumət təyin etmir, ona görə də işçilər “razılaşdırılmış” pensiya yaşını müəyyənləşdirmək üçün işəgötürənlərlə əlaqə saxlamaq məcburiyyətindədir.

ABŞ-da da digər ölkələrdə olduğu kimi baxmayaraq ki, kişilər qadınlardan daha az yaşayır, orta pensiya yaşı kişilər üçün 67,6, qadınlar üçün 66.1-dir və qaydalar vətəndaşların yaşından asılı olaraq dəyişə bilir. Belə ki, 1938-ci ildən əvvəl doğulan hər kəs 65 yaşında təqaüdə çıxa bilər, 1959-cu ildən sonra anadan olanlar isə 67 yaşına qədər işləməlidir. Bu aralıqda doğulanlar üçün isə pensiya yaşı tədricən 67-ə qədər artır. Yaşı 65-dən yuxarı olan bir çox amerikalı işlərini tərk etmək əvəzinə yarımçıq (part-time) işə keçir. Burada orta ömür müddəti qadınlarda 81.4, kişilərdə 76.3-dür. Ümumilikdə ölkədə götürülən ortalama ömür müddəti isə 78.9-dur.

Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib. 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq. 1 iyul 2026-cı ildən sonra isə hər iki cins üçün pensiya yaşı 65 olacaq.

Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir.

Kişilər niyə az yaşayır?

Yəni göründüyü kimi, bütün dünyada kişilər qadınlardan daha az yaşayır. Bunun isə təbii ki, elmi izahı var.

Təhlillər göstərir ki, bir sıra ölkələrdə qadınlar kişilərdən 8 il çox yaşayırlar. Xərçəng, qan-damar xəstəliklərinə görə çox sayda kişilər öldüyünə görə qadınların ömrü kişilərdən daha uzundur.

Tədqiqatlar göstərib ki, qadınların kişilərdən çox yaşamasına səbəb şərait, mühit və genetik təsirlərdir. Hazırda ölümlərə əsasən 7 amil səbəb olur: ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, ağciyər anfizemi, avtomobil qəzaları, qaraciyər sirrozu, intiharlar.

Bir çox kişilərin daha tez ölməsinə səbəb isə siqaret çəkməkləridir. Siqaret çəkmək də qan-damar xəstəliklərinə və xərçəng yaradır. Alkoqollu içkilər də eyni nəticəni göstərir.

Qadınların genetikasına nəzər salan zaman görmək olur ki, onlarda XX, kişilərdə XY-dir. X xromosomu xəstəliklər qarşısında immunitet yaradar. Bundan başqa, qadınlarda olan estrogen və progesteron hormonları mikrobları məhv edir. Ancaq kişilərdə olan testosteron hormonu bu cür təsirə malik deyil. Qadınlarda bu xromosomdan iki dənə olduğu üçün bioloji cəhətdən daha sağlamdır.

Kişilərdə olan X xromosomu əgər xəstə olarsa, başqa bu cür xromoson olmaz ki, onu neytrallaşdırsın. Ona görə də xəstəliklər özünü büruzə verər. Adətən kişilərdə irsi xəstəliklər qadınlarla müqayisədə daha çox olur.

Hokm.az

Tarix: 5-02-2020, 16:02
Xəbəri paylaş





Xəbər lenti