Bakıda əcnəbi turistə görmədiyi günlər yaşatdıq – Halal olmasın bizə


Bakıda əcnəbi turistə görmədiyi günlər yaşatdıq –       Halal olmasın bizə

Mehoob Alem Bahatti: “Çox ölkələrdə olmuşam, belə hallarla qarşılaşmamışam”

 

“Bakını görmək üçün həvəslə gəlmişdim, amma təəssüf hissi ilə qayıdıram”. Bu sözləri əcnəbi turistdən eşidəndə, azərbaycanlı kimi xəcalət hissimi ifadə etməyə heç ana dilimiz də köməyə çatmadı.

 

Yaşlı turistlə təsadüfən nahar yeməyinə getdiyimiz restoranda tanış oldum. Tanınmış restoranlardan birində nahar üçün əyləşən kişi ofisiantlarla heç cür dil tapa bilmirdi. Ona görə ki, ingilis dilində dindirəcəyi adam yox idi. Primitiv şəkildə anlaşıb sifarişini verdi. Biz də həmkarlarımla bizə yaxın masada oturmuş turusti müşahidə edirdik.

 

Deməli, uzun müddət sifariş etdiyi yeməyə qovuşan turistin ingiliscəsi yaxşı deyildi, amma çox qıvraq, diribaş olduğu bilinirdi. Sifarişinin hesabını ödədi, amma ofisiantlar onu yenə bir xeyli gözlətdilər. Deyəsən, onlar əcnəbidir deyə, kişinin pulunun qalığını qaytarmaq istəmirdilər. Elə bu anda turist biz tərəfə müraciət etdi, elə bil, kişi dərdləşməyə adam axtarırdı. Maraqlı söhbətimiz alındı.

 

Əvvəl qeyd edim ki, Mehoob Alem Bahatti 82 (60 yaş vermək olardı) yaşındadır. Vaxtilə boksla məşğul olub, indi də idmanın “daşını atmayıb”, sağlam həyat tərzi keçirir. Milliyyətcə pakistanlıdır, 1954-cü ildə münaqişə ocaqlarında olan Pakitsandan başını götürüb ABŞ-a qaçıb. Əvvəlcə qaçqın statusu alıb, sonra isə amerikalı bir xanımla evlənib, qadın İslam dinini qəbul edib. İki qızı və iki oğlu var, uşaqları Londonda yaşayır, nüfuzlu yerlərdə işləyirlər. Özü isə, dediyi kimi, maraqlı gələn ölkələrə səyahət etməyi xoşlayır. Bakıya da bu maraqla gəlibmiş.

Söhbətin bu yerində ofisiant pulun qalığını gətirdi, Mehoob cibindən pulqabını çıxardı və narazı halda dedi: “Mənim kifayət qədər pulum var, çünki bilirəm ki, gəzməyə gəlmişəm, pul da xərcləməliyəm. Amma bir həftədir burdayam, elə hey məni aldatmağa çalışırlar. Taksiyə minirəm, eyni yolu biri 4 manata, biri 6 manata, biri də 10 manata aparır. Heç olmazsa, ingiliscə bilmirlər ki, dediyimi başa salım, turistlə belə davranmazlar. Çox ölkələrdə olmuşam, belə hallarla qarşılaşmamışam. Axı ölkənin paytaxtında yaşayan, xidmət sektorunda çalışanlar əcnəbi dil bilməlidirlər. Dili bilməsələr belə, insani rəftar olmalıdır”.

 

“O gün mərkəzdə yerləşən restoranda eyni menyunun hesabı mənə 64 manat, yerli vətəndaşınıza 17 manat gəldi. Axı niyə belə edirlər? Bu, insanlardan istifadə etmək, ayrı-seçkilikdir. Ən əsas da ölkəniz üçün ayıb sayılır. İndi mən ölkəmə qayıdanda yəqin ki, xoş təəssüratlarım olmayacaq. Çünki şəhər nə qədər gözəl olursa olsun, insanların münasibəti daha vacib məsələdir. Bunu yaşımın təcrübəsindən deyə bilərəm. Belə başa düşdüm ki, sizinkilər turisti qaçırmağa çalışırlar”, - deyə yaşlı turist gülümsündü.

 

Mehoobun bu dəmdə fikirlərinə ara-sıra müdaxilə etməyə çalışırdım. Dedim ki, “bəlkə elə sizin şansınızdan qarşınıza xoşagəlməz hallar çıxıb”. Amma çifayda. Yarım saatlıq söhbət müddətində özümüzlə bağlı bir neçə mənfi vəziyyətin şahidi oldum. Başqa sözlə, Mehoobla birgə bu vəziyyətin “içi”nə düşdük. Elə hey turistin bizim haqqımızda formalaşmış fikirlərini yaxşılığa doğru dəyişmək istədik.

 

Onun otelinə qayıtması üçün taksi sifariş etdik. Taksi xidmətlərinin bərbad iş sistemi ilə bir daha tanış olduq. Təsəvvür edin, taksi xidməti üçün zəng etdiyimiz sürücü əvvəlcə xidmət haqqının 3 manat olduğunu dedi, sonra biləndə ki, əcnəbi turist üçün sifariş olunub, “8 manat verəcəksə, gəlim”, - deyə israr etdi. Bu, bir rüsvayçı mənzərə idi. Və bu, yol kənarında dayanan hansısa taksi sürücüsü yox, bəh-bəhlə reklam olunan taksi xidmətinin pul davası idi.

Sürücüyə xidmətin qiymətini süni şəkildə qaldırmasını irad tutanda isə, qayıdasan ki, “niyə imkan vermirsiz pul qazanaq?” Nəticədə anladım ki, pulu hər şeydən üstün tutan belə insanlarımız olduqca, adımız hər yerdə son sırada çəkiləcək və azərbaycanlı olduğumuzu eşitməsinlər deyə pıçıltı ilə özümüzü təqdim edəcəyik.

 

Mehoob Bakıda qaldığı bir həftə ərzində dadlı milli plovumuzu axtarsa da, ona köhnə özbək pulovu “sırınmışdı”. Dediyi kimi, Özbəkistanda olub, əsl özbək plovunu və ağzının dadını gözəl bilir.

 

Yaşlı turist tanışlığımızın qısa müddətində bizə nəsihətini də verdi, sağlam həyat tərzindən ağızdolusu danışdı. Biz də heç ona yarına bilmədik, taksi xidmətləri bizi yarıtmadı.

 

O, yolüstü keçən taksilərdən birinə minib bizdən uzaqlaşdı, əlini sallayıb, “özünüzə yaxşı baxın” dedi. Bir turisti də belə narazı yola saldıq, o, heç nə itirmədi, itirən yenə biz olduq.

Tarix: 7-02-2020, 16:48
Xəbəri paylaş





Xəbər lenti