TƏBİB-in fiaskosu - Belə TƏBİB-dən türkəçarə daha yaxşıdır!
Can verməkdə olan Azərbaycan səhiyyəsinə yeni nəfəs verəcəyi gözlənilən TƏBİB-in gəlişindən sonra nəinki problemlər azalıb,əksinə onsuz da zülüm çəkən vətəndaşların əzabları bir az da artıb. Onsuz da səhiyyəmizi elə vəziyyətə salıblar ki, yüz təbib-loğman gəlsə də onu bu tezliklə xilas etmək olmaz. Səhiyyə nazirliyinin məhv edərək “fatihə”sini verdiyi bir sistemi ancaq möcüzə qurtara bilər. Bu möcüzəni isə TƏBİB göstərə bilmədi !
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaradılması haqqında Fərman imzalayıb. TƏBİB vasitəsilə beynəlxalq təcrübəni nəzərə almaqla, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməsi nəzərdə tutulurdu. Elə yeni yaradılan qurumun belə kreativ bir abreviaturaya sahib olması çoxlarını ümidləndirmişdi. Çünki,buna qədər ölkəmizdə ASAN, ABAD,DOST kimi yüksək xidmət nümunəsi formalaşdıran dövlət qurumları fəaliyyət göstərirdi. TƏBİB-in də bu qəbildən korrupsiya və rüşvətxorluğa sarsıdıcı zərbə vuracağı gözlənilirdi.Amma və heyhat ki...
Artıq 1 aydan çoxdur ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Düzdür 1 ay elə də böyük zaman məsafəsi olmasa da TƏBİB-in ilk qədəmlərindən onun gələcəyi barədə proqnozlar vermək mümkündütr. Respublikanın 23 şəhər və rayonunda tətbiq edilən İTS ilk nəticələrini verməkdədir. Rubrika.az saytına verilən məlumatlara görə vətəndaşlar süründürməçiliklə üzləşir, bir çox hallarda isə xəstəxanalarda həkimlər tapılmır. İndiyə qədər xəstə hesabına yaşayan ağ xalatlılar dövlət hesabına yaşamaq istəmirlər. Xəstəxanalarda ciddi dərman qıtlığı hökm sürür. Sanki,hansısa bir qüvvə aparılan islahatlara zərbə vurmağa,onu gözdən salmağa çalışır.
Saytımıza verilən məlumata görə fevral ayı yarıya çatmasına baxmayaraq həkimlər hələ də öz yanvar ayının maaşını ala bilmirlər. Maaşların gecikməsi ciddi narazılıq yaradıb. Məsələnin ciddiliyini nəzərə alaraq TƏBİB-lə əlaqə saxladıq. Redaksiyamıza verilən məlumatda bildirilir ki, “7 fevral tarixində tibb işçilərinin aylıq maaşları (Vahid Tarif Cədvəli) kartlara köçürülüb.
İcbari tibbi sığortanın tətbiqi yeni başlayıb. Bu baxımdan tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri tərəfindən bonusların, əlavələrin hesablanmasında müəyyən yubanmalar müşahidə edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar.” Amma tibb işçilərindən aldığımız məlumata görə TƏBİB-in verdiyi informasiya tamamilə yalandır və həkimlər hələ də öz maaşlarını almayıblar.
Ataların yaxşı bir məsəli var-görünən dağa bələdçi nə lazımdır. Elə TƏBİB-in də ilk addımları onun haqqında ilkin təəssürat yaradır. Amma,təəssüf ki,bu təəssürat heç də gözlənilən kimi deyil. Dövlət başçısının, Birinci vitse-prezidentin başlatdığı islahatlara cavab verməyən belə fəaliyyət fiaskoya uğramağa məhkumdur. Hesab edirik ki, indiki həssas durumda belə fəaliyyət düşmən dəyirmanına su tökməyə bərabərdir. Mehriban xanım səhiyyə sisteminin inkişafı üçün gərəkəndən də artıq addımlar atıb,qayğı göstərib. Onun diqqətinə verilən cavab budurmu? Yəqin ki, Mehriban xanım bu ciddi məsələyə də həssaslıqla yanaşacaq. Yoxsa ki,belə TƏBİB-dən türkəçarə daha yaxşıdır!
Rublika.Az
Tarix: 14-02-2020, 09:48