Təhsil sisteminin "ögey övladları" dilə gəldi: "Nə işləməyə şəraitimiz var, nə də normal maaşımız"


Təhsil sisteminin "ögey övladları" dilə gəldi: "Nə işləməyə şəraitimiz var, nə də normal maaşımız"

"Hazırda biz orta məktəb psixoloqları texniki işçi səviyyəsində sayılırıq, özlərinə necə xoşdursa, bizi istədikləri tərəfə fırlayırlar”

 

Bu ilin 27 yanvar tarixində Təhsil naziri Ceyhun Bayramov bildirdi ki, orta məktəblərdə fəaliyyət göstərən 2700 nəfər psixoloqun yenidən diaqnostiok qiymətləndirilməsinin aparılması nəzərdə tutulub. Məqsəd də onların güclü və zəif tərəflərini müəyyən etməkdir. Nazir onu da vurğuladı ki, məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılması üçün qiymətləndirmədə zəif nəticə göstərənlər üçün Nazirlik təlim kursları təşkil edəcək: “2019-cu ildə müəllimlərlə yanaşı, diaqnostik qiymətləndirmənin nəticəsində yüksək göstərici almış psixoloqların əməkhaqları da artırılıb”.

 

Nazirin ardınca Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev bu gün məktəblərdə psixoloji xidmətin vəziyyətinin Təhsil Nazirliyini qane etmədiyini dedi: “Bu baxımdan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və seminarlar təşkil edir”.

 

Bu günlərdə isə "Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyinin təsis konfransı keçirilib. Təhsil Nazirliyində yaradılmış Təhsil Şurasının üzvləri, ali təhsil müəssisələrinin psixologiya kafedralarında çalışan tanınmış alimlər və ölkənin bütün bölgələrindən gəlmiş 200-ə qədər məktəb psixoloqunun iştirak etdiyi konfransda məktəb psixoloqlarına kifayət qədər diqqət ayrılmadığı vurğulanıb. Konfrans iştirakçıları bugünkü təhsildə psixoloji xidmətin vacibliyi ilə yanaşı, bu sahəyə göstərilən diqqətin azlığından və hazırda məktəblərdə çalışan psixoloqların problemlərindən danışıblar. Həmçinin psixoloqların hüquq və vəzifələrini müəyyən edəcək sənədin, Əsasnamənin yoxluğundan, təhsildə psixoloji xidmətin vahid mərkəzdən idarə olunması üçün Təhsil Nazirliyində heç bir şöbənin olmamasından gileyləniblər.

Konfransda iştirak edən məktəb psixoloqlarındən biri (öz istəyi ilə adını açıqlamırıq) AYNA-ya açıqlamasında, yaşadığı bölgədə məktəb psixoloqlarının ciddi problemlərlə üz-üzə qaldıqlarını bildirib: “Ötən ilin dekabr ayının 24-dən 28-dək 2700 psixoloq diaqnostik qiymətləndirmədən keçib. Onların arasında bizim yaşadığımız rayondan olan psixoloqlar var. İki il bundan öncə müəllimlərin diaqnostik qiymətləndirməsi ilə bağlı qərar verildi və məktəb direktorları ilə müavinlərindən başqa bütün heyət diaqnostikadan keçdi. Nəticədə müəllimlərin əməkhaqqı, təxminən 50 faiz artırıldı, biz psixoloqları isə pedaqoji heyətdən ayırdılar”.

 

“Bizi ancaq keçən ilin sonu diaqnostikadan keçirdilər, diaqnostika olacağı barədə isə bizə imtahana cəmi 2 ay qalmış məlumat verdilər. İki ay qalmış bizə ədəbiyyat siyahısı verdilər ki, buradan hazırlaşın, biz də hazırlaşdıq, imtahana bir ay qalmış isə ədəbiyyat siyahısını dəyişdilər. İmtahanda 35-40 faiz nəzəri suallar, 20 faiz isə praktiki sualllar düşəcəyi bildirilmişdi. İmtahana 2 gün qalmış onu da dəyişdilər, nəzəri sualların sayını 40%-ə qaldırdılar, 20% praktik sual saldılar. Yəni biz xəstəxana psixoloqlarına aid olan sualları cavablandırmalı olduq. Buna baxmayaraq, bölgəmizdəki bir-iki nəfərdən başqa, hər kəs normal nəticə göstərdi”, - deyə müsahibimiz qeyd edib.

 

O, əlavə etdi ki, məktəb psixoloqlarının fəaliyyəti üçün normal şərait yoxdur: “Bizdə hələ də nə Əsanamə var, nə təlimat. Proqramı internetdən, bir-birimizdən əldə etməyə çalışırıq. Nə iş görəcəyimizə, necə, hansı üsulla işləyəcəyimizə aid hər hansı təlimat mövcud deyil. Məktəblərdə kabinetimiz belə, yoxdur. Nazirlik tərəfindən adicə proqramla təmin olunmuruq. Dəfələrlə aidiyyəti şəxslərə bu barədə müraciət etmişik, amma nəticə yoxdur. Təhsil Nazirliyində bizimlə işləyəcək bir şəxs yoxdur ki, gedib dərdimizi ona deyək, çarə tapaq”.

 

“Mediada məlumat yayılır ki, psixoloqların fəaliyyəti stimullaşdırılır, guya maaşları artırılır. Halbuki heç bir stimullaşdırma, maaş artımı falan yoxdur. Məktəblərdə iki formada əməkhaqqı var: vəzifə maaşları və pedaqoji heyətin əməkhaqqı. İlk dəfə müəllimlərin maaşı artırılanda bizi ayırdılar ki, “siz vəzifə maaşı alırsız”. Sonradan direktor və müavinlərin maaşları artırılanda da bizi onlardan ayırdılar. Hazırda biz orta məktəb psixoloqları texniki işçi səviyyəsində sayılırıq, özlərinə necə xoşdursa, bizi istədikləri tərəfə fırlayırlar”, - psixoloq deyib.

 

Həmsöhbətimizin sözlərinə görə, məktəb psixoloqlarının əməkhaqları artırılsa, onlar öz üzərilərində daha çox işləyə bilərlər: “Öz imkanlarımız hesabına kurslara qatılırıq, övladlarımızın boğazından kəsərək nələrsə öyrənməyə çalışırıq. Hansı yolla olursa olsun, öz sahəmizi öyrənməyə, layiqli vətəndaş yetişdirməyə, təkcə şagirdlərə yox, bütün cəmiyyətə faydalı olmağa, halal zəhmətlə çörək qazanmağa çalışırıq. Ancaq bunun üçün nə şəraitimiz var, nə də maddi durumumuz imkan verir. Bu cür ögey münasibət çox ağır təsir edir bizə. Əməkhaqlarımızın artırılıb-artırılmayacağı barədə dəqiq bir söz deyilmir”.

 

Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, psixoloqların əməkhaqları müvafiq tarif cədvəli ilə tənzimlənir: "2019-cu ildə psixoloqların maaşları, təxminən 2 dəfə artırılıb. Əvvəllər 203 manat alan psixoloqlar hazırda 380 manat əməkhaqqı alırlar".

Tarix: 19-02-2020, 08:43
Xəbəri paylaş





Xəbər lenti