İstehsalatda bədbəxt hadisələr: - Kim necə gəldi işləyir, təhlükəsizlik təmin edilmir

 
Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Bu isə ölkədə işçilərin təhlükəsizliyinin kifayət qədər qorunmadığının göstəricisidir.

Qeyd edək ki, istehsalat qəzasının növbəti qurbanı Mingəçevir şəhərindəki dəmir-beton zavodunun işçisi olub. "Azəraqrartikinti"nin zavodunda operator, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Mirzəyev və baş operator İmran Əsədov betonqarışdıran avadanlığa sement tökərək onu hazır vəziyyətə gətiriblər. Daha sonra İmran Əsədov betonqarışdıran avadanlığın içində Sahib Mirzəyevi görməyərək onu işə salıb. Bu zaman S. Mirzəyev betonla birgə qarışaraq xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də istehsalatda baş verən qəzaların daha çox tikinti sahəsində baş verdiyinə toxunub:

“Hər il tikintidə onlarla qəza baş verir. İşçilər ağır bədən xəsarəti alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır, bəzən də həyatlarını itirirlər”.

İstehsalatda baş verən qəzaların 30 faizinin ölümlə nəticələndiyini vurğulayan ekspertə görə, bu da istehsalatda , iş yerlərində işçilər üçün sağlam əmək şəraitinin olmaması ilə əlaqədardır:

“Xoşagəlməz hadisələr baş verməsin, baş verə biləcək bədbəxt hadisələrin qabağı öncədən alınmalıdır. Tikintidə işləyən işçilərə nəzarət çox aşağı səviyyədədir. Kim necə gəldi, elə də işləyir. Heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Lakin, çox təəssüf ki, bir çox müəssisələr və iş yerləri təhlükəsizlik qaydalarına əməl etmir. Tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar.Təhlükə potensiallı obyektlər nə deməkdir? Əhali və ətraf mühit üçün təhlükə yaradan , yanğın partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması və.s təhlükə potensialı hesab olunur. Tikinti sahəsində kifayət qədər kimyəvi tərkibli tikinti materialları var. Tez alışan, yanma riski yüksək olan materiallar, ağırtonnajlı nəqliyyat vasitələri, yükqaldıran kran , uçma, dağılma ehtimalı olan dəmir-taxta konstruksiyaları, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər aparan zaman həm mal-materialın aşağı düşməsi həmdə işçinin yıxılma riski vardır. Bütün bunlar bu, tikinti sahəsinin nə qədər təhlükə potensiallı olduğunu göstərir.Ona görə tikinti sahəsində təhlükəsizlik qaydaların ciddi riayət etmək lazımdır.Tikinti sahəsində işçilər əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdır. Hər gün təlimat verildikdən sonra işə başlanılmalıdır. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. Əks halda bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq. Tikinti sahəsində təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləyən, ayaq geyimi olmadan tikinti sahəsində gəzən işçilər var. Yük qaldıran kranlar yükü qaldırır, ancaq altında digər işçilər işləyir. Bu yolverilməzdir. Eləcə də ağır tonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq, keçmək olmaz. Tikintidə hər bir iş görülərkən onun təhlükəsiz yerinə yetecəyinə əmin olduqdan sonra işə başlanmalıdır. Yükü qaldıranda, hündürlükdə işləyəndə, betonqarışdıran maşını işə salanda , qaynaq və elektrik mişar işi görəndə ehtiyatlı olmaq lazımdır. Heç kim bədbəxt hadisələrdən sığortalanmayıb. Təhlükəsizlik qaydalarına riayət eləməyəndə, məsuliyyətsizlik və işə biganə yanaşanda bədbəxt hadisələrin olma riski artır".
 //sherg.az//
Tarix: 22-02-2020, 09:57
Xəbəri paylaş





Xəbər lenti