Abşeron təhsil şefinin seçki saxtakarlığı: Nazilə Məmmədova cəzalanacaqmı?- VİDEO

 



Məlum olduğu kimi, hazırda ölkə siyasi gündəminin əsas mövzusu 9 fevral parlament seçkilərinin nəticələridir. Ölkə rəhbərliyinin islahatlara yönəlik siyasi iradəsinə qarşı bəzi yerlərdə ciddi seçki pozuntularına və seçki saxtakarlıqlarına rast gəlindi. Artıq dörd dairə, onlarla məntəqənin nəticələri ləğv edilib, xeyli sayda dairə ilə bağlı şikayət isə araşdırılması üçün Dairə Seçki Komissiyasına göndərilib. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, DSK-ya göndərilən dairələrdən biri də 45 saylı Abşeron seçki dairəsidir. Bu dairədən hakim komandanın namizədi buraxılmış parlamentin spikeri Oqtay Əsədov idi. Hələ seçkiyə qədər gedən proseslərdə məlum oldu ki, spiker bu dairədə nəinki hansısa nüfuza malikdir, hətta seçicilər onların deputatlarının kim olduğundan xəbərsizdir. Amma buna rəğmən O.Əsədov təbliğat-təşviqat prosesində bir dəfə də olsun seçicilərlə görüşmədi. Onun bu arxayınçılığı isə səbəbsiz deyilmiş. Proseslərin sonrakı gedişatı onu göstərdi ki, rayon ərazisində spikerin qalib elan edilməsi üçün bütün saxtakarlıq və qaun pozuntularına hazırlıq görülüb. Belə ki, Abşeron rayon ərazisindəki məktəb müəllimləri, bütövlükdə təhsil sistemi  spiker üçün dəridən, qabıqdan çıxıblar.  Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədovanın rəhbərliyi ilə aparılan bu prosesdə ciddi qanun pozuntularına imza atılıb. Belə ki, cumhuriyyet.az olaraq aşağıda təqdim etdiyimiz videokadrlarda seçicilər onların şəxsiyyət vəsiqələrinin məktəblərdə məcburi şəkildə yığıldığını bildirir.

Seçki qurtardıqdan sonra isə bülletenlərə nəzarət edən bütün müşahidəçilər məcbur məntəqədən uzaqlaşdırılıb. Bundan başqa məntəqədə iki protokol yazılıb. Həmin protokolun biri dairəyə göndərilsə də, digəri ələ keçib. Həmin protokolun surəti də mətbuatda dərc olunub.  Onu da bildirək ki, sözügedən dairədə məntəqə üzvlərinin və sədrlərin böyük əksəriyyətini təhsil işçiləri təşkil edir. Təxminən üç il öncə Abşeron təhsilinə rəhbər təyin olunan N.Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən seçki saxtakarlığı hazırda araşdırılmaqdadır. Bu araşdırmanın nəticəsi olaraq günahkarın fəaliyyət sahəsi ilə bağlı da bəzi detallara nəzər yetirilsə N.Məmmədovanın durumu heç də yaxşı olmayacaq. Çünki ötən müddət ərzində Abşeron təhsili ilə bağlı xeyli sayda rüşvət və müliyyə pozuntuları haqda məlumatlar mətbuatda yer alıb. Bu haqda isə cumhuriyyet.az olaraq növbəti yazımızda.

Tarix: 24-02-2020, 12:02
Xəbəri paylaş





Xəbər lenti