Yarıboş vitrinlər, yoxa çıxan dərmanlar, 3,5 manatlıq maska, depodan xəbərdarlıq: - Bakının koronavirus hazırlığı

 
Koronavirusun Çindən sonra İranda yayılması və ölüm faktları xəbəri Azərbaycanda da ciddi narahatlığa səbəb olub.

Vətəndaşların narahatlığna səbəb isə təkcə sözügedən virusun sərhədlərimizə qədər gəlməsi yox, həm də apteklərimizdəki vəziyyətdir. Belə ki, bir çox apteklərdə bir neçə gün əzində spirt (xüsusən gel spirtlər), tibbi ağızlıq (tibbi maska), tibbi əlcək, temperatur düşürən və immunitet yaradan dərman preparatları ya yoxa çəkilib, ya da qiymətləri kəskin bahalaşıb.

Cebhe.info-nun əməkdaşı bir neçə aptekə baş çəkib, vəziyyətlə tanış olub və sözügedən məhsulların satış qiymətləri ilə maraqlanıb.

Yasamal rayonunda “İnşaatçılar”, “Elmlər Akademiyası”və “Nizami” metrostansiyaları ətrafındakı apteklərə baş çəkdik. Satıcılar qıtlığın səbəbini son günlər depodan bu məhsulların gəlməməsi ilə izah etdilər. “İnşaatçılar” metrostansiyasının yanında yerləşən bir aptekdə indiyə kimi 10 qəpik olan tibbi maska 60 qəpiyə satılırdı. Heyrətimizə təkcə bu yox, “Elmlər Akademiyası” metrostansiyasının ətrafında bir aptekdə həmin tibbi maskanın 3.50 manata satılması səbəb oldu.

Vitrinlər boşalır

Diqqətimizi çəkən digər məqam isə bir çox apteklərdə vitrinlərin yarıboş olması idi. Aptekə gələn alıcılar koronavirusdan qorxmadıqlarını deyərək, müxtəlif bəhanələrlə tibbi maska və əlcəklər istəyirdilər. Onlardan bəziləri “Dişim ağrıyır, maska taxmasam, soyuq olur”, bəziləri də “Ət doğrayıram, ona görə əlcək lazımdır” deyərək bu məhsullardan paket-paket almaq istəyirdilər. Az sonra həmin alıcıların bu bəhanəsinin də səbəbi aydın oldu. Məlum oldu ki, aptekdə tibbi maska və əlcəklər ədədlə satılır. H.Cavid prospektində yerləşən bir aptekdə paketi əvvəllər 5-7 AZN olan əlcəklər indi 10 manata təklif olunur. “Elmlər Akademiyası” metrosunun yanında isə həmin əlcəyin paketi 8.20 manat idi. Apteklərdə gel spirt tapmaq mümkün deyil. Bəzilərində tapılan 100 ml kauçuk qabdakl spirtin qiyməti 50-60 qəpik arasında dəyişir.

Dərmanlar da yoxa çıxır?

Həmsöhbətim olan biz satıcı yaxın zamanda temperatur salan və immunitet artıran məhsulların apteklərdə olmayacağını dedi: “Tibbi əlcək bizdə 8.20 manatdır. Ondan da cəmi 2 paket qalıb. Çox sürətlə satılır. İnsanlar 10 gün əvvəldən toplu şəkildə alırlar bu məhsulları. Spirt qurtarıb. Temperatur salan dərmanlar var, amma az qalıb. İmmuniteti artıran dərmanlar artıq defisitə doğru gedir. Vitaminlər, siroplar qurtarmaq üzrədir. Depodan xəbərdarlıq ediblər ki, qurtarır”.

“Çinar” aptekdə müsahibim olan satıcı bəy isə hazırda spirt, tibbi maska və əlcək kimi məhsulların olmadığını dedi: “İki gündür ki, həmin məhsulların bizə gəlişi dayanıb. İnsanlar çox alırlar deyə bizdə də qalmayıb. Hələlik bu məhsulların aptekimizə nə vaxt gələcəyi haqqında bir məlumat yoxdur”.

Müsahibim qiymət artımına da münasibət bildirib: “Sizin adlarını sadaladığınız məhsullar Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən məhsulların siyahısına daxil deyil. Yəni hər bir aptek istədiyi qiymətə sata bilir. Bu da aptekin icarə və ya digər xərcləri ilə bağlıdır. Bu məhsulları müxtəlif apteklər fərqli qiymətlərə satırlar”.

Maraqlıdır ki, satışda antibakterial gel əl-üz sabunları da tükənmək üzrədir. Bir neçə marketdə müşahidə zamanı əhali arasında daha çox məşhur olan gel antibakterial sabunları tapmaq mümkün olmadı.
Tarix: 25-02-2020, 14:54
Xəbəri paylaş





Xəbər lenti