Bakının zibili hər yerdən “əzizdir”
İsveç dünyada zibili olmayan ölkə kimi tanınır və ildə qonşu ölkələrdən, təqribən 2 milyon ton zibil idxal edir. Çoxuna gülməli gəlsə də, bu, həqiqətdir. Biz isə çox halda belə məsələlərə lağlağı ilə yanaşmağa öyrəşmişik. Dünya zibilini çeşidləyib, təkrar emal edir, zibilinə sahib çıxır, bəs biz?
Ölkədə məişət tullantılarına “qayğı” yenə də Bakı və ətraf qəsəbələrdən kənara çıxa bilmir. Bu, bir faktdır ki, bölgələrdə, rayon mərkəzlərindən kənarda, kəndlərdə tullantılarla bağlı vəziyyət bərbaddır. Bu məsələdə daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) təqsirli bilinir, halbuki məişət tullantılarının idarə olunması ilə bağlı ölkə miqyasında dövlət büdcəsindən vəsait ayrılır.
Tibbi tullantılar ən təhlükəlisidir, bu barədə heç kəs düşünmür
ETSN-in 5 saylı Regional İdarəsinin rəisi Vaqif Cavadovun AYNA-ya dediyinə görə, məişət tullantılarının idarə olunması üçün vahid konsepsiya yoxdur: “Baxmayaraq ki, biz davamlı tövsiyəmizi veririk. Hər çeşid tullantı üçün ayrıca tədbirlər planı olmalıdır. Bərk, plastik, kağız-karton tullantıları çox halda təkrar emala yarayır, yandırılacaq zibil üçün isə ancaq Bakıda xüsusi zavod var. Plastik, dəmir, kartonu ayrı-ayrı kiçik sahibkarlar öz imkanları hesabına topladır, qalan zibillərin qalaqları təbiəti “bəzəyir””.
“Ən əsas məsələ tibbi tullantılar üçün ayrıca yerlərinin olmamasıdır. Bu gün xəstəxanalardan çıxan bütün tibbi tullantılar hara gəldi, atılır. Halbuki təhlükəlilik dərəcəsinə, toksiki olmaq baxımına görə tullantılar bir neçə qrupa bölünür. İlk kateqoriyadan olan tullantıları ümumi konteynera atmaq olar, əməliyyatdan çıxan infeksion sarğı materiallarının, yaxud əməliyyat nəticəsində çıxan insan bədəninə məxsus orqanların çeşidlənməsi, yandırılması mütləqdir”, - Nazirlik rəsmisi bildirib.
Cavadov fikrinə belə davam edib: “Tibb müəssisələrində monitorinq apardıq, açınacaqlı halı gördük. Yanvarda özəl tibb müəssisələri üçün tədbir keçirdik. İzah etdik ki, tibbi tullantılar necə olmalıdır, zibil qabının rəngi, onun istifadəsi vacibdir. Bəziləri elə bilir ki, zibili hara atsalar, ekologiya idarəsi onu təmizləməlidir. İndiyə qədər region üzrə 30-40 ayrı-ayrı şəxs, sahibkar tərəfimizdən cərimələnib, amma cərimə fayda etmir”.
Əvvəlcə poliqonlar yaradılsın
İqtisadçı-ekspert Azər Mehtiyev AYNA-ya açıqlamasında, məişət tullantılarının idarə edilməsi ilə bağlı layihə çərçivəsində monitorinq keçirdiklərini qeyd edib: “Bu sahədə işlək mexanizmlərin nə qanunvericilikdə, nə də praktikada olduğunu gördük. Kəndlərdə məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində demək olar ki, bu fəaliyyətlər həyata keçirilmir. Dövlətdən məqsədli vəsait ayrılmır, dövlət qurumları daha çox nəzarətedici funksiyanı yerinə yetirir”.
Ekspertin sözlərinə görə, Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla, ölkənin digər ərazilərində istehsalat və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb: “Təklifimizə görə, kəndlərin məişət tullantılarından təmizlənməsi ya mənzil-kommumal təsərrüfatı qurumlarına, ya bələdiyyələrə səlahiyyət verməklə, ya da özəl operatorların xidmətlərindən istifadə etməklə mümkündür. Biz bələdiyyələr vasitəsilə bu işin görülməsini daha uyğun hesab edirik. Hazırlanmış təklif və tövsiyələr bu müzakirələrdən sonra təkmilləşdirilərək müvafiq hökumət qurumlarına, habelə digər maraqlı tərəflərə təqdim edilib, cavab gözləyirik”.
Bakının zibili daha “əzizdir”
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkənin hansısa probleminin həlli başlayanda Bakı və ətraf qəsəbələrə üstünlük verilir. Ötən il Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində Bərk Tullantıların Monitorinq Mərkəzi yaradılıb. Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hələ də hazırlanır. Deyilənə görə, xarici şirkət ilk qiymətləndirmədə Bakının sanitar vəziyyətini bəyənib.
Niyə də olmasın? Paytaxtın bir neçə küçəsi daim nəzarətdədir, kaş ki, bütün küçələr bu sevgini görə. Konsepsiya çərçivəsində artıq Bakının 7 rayonunda - Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətaidə məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, iş gedir.
12 sanitar poliqon olacaq, vaxta var hələ…
“Təmiz Şəhər” ASC-dən AYNA-ya bildirilib ki, qurum Bakı şəhərinin 12 inzibati rayonuna xidmət göstərir: “Məişət tullantılarının toplanması və daşınmasına icra hakimiyyətləri cavabdehlik daşıyır. Hazırda Şüvəlan qəsəbəsi və Qaradağ rayonunun ərazisində məişət tullantılarının qəbulu məntəqələri tikilməkdədir. Bakıdan başqa ölkənin heç bir yerində məişət tullantılarının daşınması üçün müvafiq tələblərə cavab verən sanitariya poliqonları yoxdur. Amma Milli Strategiyada ölkənin 12 ərazisində belə poliqonların qurulması nəzərdə tutulur”.
Məlumatda qeyd olunub ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Zavodda əldə edilən enerji ilə il ərzində, təqribən 100 min mənzili elektrik enerjisi ilə təmin etmək mümkündür. Tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur”.
“Almaniya texnologiyası ilə inşa edilən zavod ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılardan ayrılan çirkab sular filterlər vasitəsilə təmizlənərək texniki suya çevrilir və ərazidə əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilməklə poliqonun ehtiyacları üçün istifadə olunur”, - deyə ASC-dən vurğulanıb.