Korona ilə bu yolla mübarizə aparın - 3 istiqamət
Tənəffüs infeksiyaları ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları, koronavirus, vərəm də bura daxildir, yoluxma daha çox aerogen, yəni hava-damcı və hava-toz yolu ilə, həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilir.Bu sözləri
Axar.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronavirusdan qorunmaq yolları haqda danışarkən deyib.
Həkim bildirib ki, bu kimi viruslarla sistemli şəkildə mübarizə aparmaq lazımdır:
“Koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə 3 istiqamətdə aparılmalıdır. Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.
İkincisi, infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskalardan istifadə edilməsi və s. zəruridir.
Nəhayət, üçüncü istiqamət - yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir”.
R.Bayramov bildirib ki, üçüncü istiqamət daha çox vacibdir, çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil:
“Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən xəstəliyi olan insanlardır. Ona görə də bu məsələdə orqanizmin immun statusunun rolu böyükdür.
Tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma (xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu), normal yuxu rejimi, idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir”.
Tarix: 18-03-2020, 09:24