Kəlbəcərin Fətallah kəndindən olan məcburi köçkün ailəsi Yevlaxda keçmişdə dövlət binası kimi fəaliyyət göstərən, indi isə inşaat materialları satılan yarmarka ərazisində məskunlaşıb.
Fətəliyevlər ailəsi 4 nəfərdən ibarətdir. Ata Namiq Fətəliyevin 42 yaşı var. Deyir, belə bir şəraitdə uşaq böyütmək çox çətindir: “Qış aylarında xüsusən də yağıntı çox olanda evin içini su basır. Ötən il düz 3 ay bu uşaqlar masanın üzərində yatıblar. Bütün yorğan-döşəyimiz, əşyalarımız suyun altında qalmışdı. Həmin vaxt yoldaşım və mən gecələri oturulu açmışıq”.
Namiq Fətəliyev deyir ki, su çəkiləndən sonra ilan, kərtənkələ, əqrəb dolur evə. Bu dəfə də uşaqlarını bu zəhərli həşaratlardan qorumalı olurlar: “Belə də baxın də. Əvvəl heç olmasa qonşu otağı da istifadə edə bilirdik. İndi mümkün deyil. Ora yığılan sudan çürüyüb, tökülüb. İndi ancaq bu balaca otaq qalıb. Burada da bizə çox çətindir”.
Evin xanımı Fərqanə Fətəliyeva deyir ki, gözünü açandan belə şəraitli yerlərdə yaşayıb. Həmişə normal evinin olmasını xəyal edib, ancaq mövcud imkanları buna uyğun olmayıb: “Vallah yoldaşım da sağlam deyil ki, gedib işləyə, nə bilim iş tapa. Epilepsiya xəstəsidir. Ağır işlər görə bilməz. Aldığımız köçkünlərə verilən “çörək pulu”dur. Bununla da kommunal xərclərimizi, yeməyimizi güclə çatdırırıq. Həmin pulla ev almaq və ya kirayəyə çıxmaq mümkün deyil”.
Fərqanə Fətəliyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı Yevax Rayon İcra Hakimiyyətinə, Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Hər dəfəsində də “biz nə edək? Əlimizdən gələn nəsə yoxdur”, - cavabını alıblar: “Bir baxın, belə bir şəraitdə 2 bala böyüdürük. Yazıq uşaqlar revmatizmadan əziyyət çəkirlər. Vallah, çətindir. Bizi şəraitsizlik, dərd boğur. Anamgil də məcburi köçkündürlər və başqa bir yerdə məskunlaşmışdılar. Onların hamısına ev tikilib verildi. Bizi yada salan yoxdur. Deyəndə də deyirlər ki, siyahıya almışıq, nə vaxtsa verəcəyik. Daha biz xəstə düşümüşük, özümüz, uşaqlarımız pis gündədir. Nə zaman verəcəklər evi? Biz öləndən sonra?”
Namiq Fətəliyev deyir ki, bir neçə il bundan öncəyə qədər şəraitləri çox da bərbad olmayıb. Elə ki, otağın biri tamamilə sıradan çıxıb. Bundan sonra əşyaları üst-üstə qalaqlanıb: “Vallah, yaşaya bilmirik. Yaş artdıqca, problem, xəstəlik də onunla bərabər artır. Burada qalmaq artıq bizim üçün çox risklidir. 2 uşaq böyüyür bu evdə. Özü də o qədər yaxşı oxuyurlar ki... Utanıram onların üzünə baxanda. Hamı istəyər ki, övladını normal böyütsün. Biz də istəyirik, amma alınmır, alındıra bilmirik. Yanıb tökülürük. Hökumət üçün bir ailəni yerləşdirmək nə qədər çətin işdir?”
Tarix: 19-03-2020, 09:34