Azercell Telekom MMC-nin Mətbuat Xidmətindən saytımıza məktub daxil olub.Məktubu olduğu kimi dərc edirik:
Hörmətli baş redaktor,
30 Mart, 2020-ci il tarixində azsiam.info portalında yerləşdirilən “Evdə qal” çağırışını əldə bayraq edən “Azercell”in riyakarlığı “başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.
İlk növbədə qeyd etmək istərdik ki, Azercell öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən şirkətdir. Lakin rəhbərlik etdiyiniz portalda dərc olunan yazıda fəaliyyətimizə aid məlumatlar “Azercell Telekom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəssüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdik:
“AzToday.az xəbər verir ki, bu günlərdə bu dəstəyə kampaniya xətrinə qoşulanlar da bəlli olub. Belə ki, koronavirusun zərər yox, xeyir verdiyi “Evdə qal” çağırışına qoşulub, az qala camaata əmr formasında mesaj göndərən bəzi müəssisə, şirkət və qurumların nədənsə hesabına xeyli qazanc əldə etdikləri, koronavirusa görə işindən olan vətəndaşlara dəstək göstərməyi fikirləşmirlər. Məsələn, rəsmi məlumata görə, ölkədə ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” Məhdud məsuliyyətli Cəmiyyəti (MMC), demək olar ki, gündəlik qazancı olmayan minlərlə abunəçisinin qeydinə qalmaq üçün heç bir addım atmaq istəmir. Baxmayaraq ki, özlərinin də elan etdiyinə görə, “Azercell” ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinə 1 milyard dollardan artıq sərmayə qoyub, qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Bəs bu çətin durumda “Azercell” şirkəti niyə sosial çağırışlardan əlavə olaraq sosial layihə elan edərək onların hesabına Azərbaycanda lider mobil operatora çevrildiyi ölkə vətəndaşlarını sevindirmək istəmir?”
Nəzərinizə çatdırmaq istərdik ki, ölkəmiz üçün çətin olan bu dönəmdə Azercell hər zaman olduğu kimi bu dəfə də dövlətimizin və abunəçilərinin yanında oldu. Belə ki, mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla
Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib. Bu layihə dövlətin koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb. Bunlarla yanaşı, “Azercell” istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb. Mobil operator 65 yaşdan yuxarı olan abunəçilərinə “Azercell”in müştəri xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edib. Ödənişli mobil müştəri xidmətləri bu kateqoriyaya aid olan insanlara ödənişsiz formada göstəriləcək. Belə ki, zəruri hallarla bağlı yaranan problemlərin (sim-kart dəyişikliyi kimi servislər) həlli vətəndaşların evlərinə gedilməklə təmin olunacaq. Müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə rabitə dəstəyi göstərib. Belə ki, “Azercell” öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib. Yüklənilən hədiyyə məbləği müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.
Bundan əlavə, Azercell media kanalları vasitəsilə yayımladığı yeni video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyib.
Şirkət eyni zamanda bu çətin və həssas günlərdə Busuu - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, Zvuk musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib.
Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan olunmuş karantin rejimi ərzində Azercell şirkəti ölkə vətəndaşlarına və öz istifadəçilərinə dəstək olmaq, onlar üçün müxtəlif sosial aksiyaların keçirlməsini davam etdirmək niyyətindədir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən həqiqəti əks etdirməyən məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl jurnalist etikasına
uyğun olaraq aparılan araşdırma çərçivəsində şirkətin mövqeyinin nəzərə alınmasını xahiş edirik.
Hörmətlə
“Azercell Telekom” MMC-nin
Korporativ Ünsiyyət şöbəsinin rəhbəri
Nigar Şıxlinskaya
Tarix: 1-04-2020, 11:04