Azərbaycanda koronavirus qorxusu: - Ölkədə həkim çatışmazlığı təhlükəsi varmı?

 
Koronavirus epidemiyası dünyanı cənginə alıb.

Bir sıra inkişaf etmiş dövlətlər xəstəxanaların, tibbi avadanlıqların və həkimlərin çatışmazlığı ilə üzləşib.

Belə bir durumda Azərbaycanda nə qədər həkimin olduğu aktual məsələyə çevirilib.

Koronavirus xəstələrinin sayının artarsa, həkim çatışmazlığının yaranma təhlükəsi varmı?

Cebhe.info Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2020-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda xəstələri qəbul etmək üçün kifayət qədər həkim və mütəxəssislər var:

“ABŞ kimi dünyanın super dövləti koronavirusun “əlində” aciz qalıbsa, onlarda həkim, aparatura çatışmazlığı varsa, deməli bizim respublikamız da bu hadisələrdən sığortalanmayıb. Bu baxımdan da ilk növbədə vətəndaşlarımızın qoyulan qadağalara əməl etməsi çox vacibdir ki, xəstə sayı artmasın və həkim, aparatura çatışmazlığının yaranacağını fikirləşməli olmayaq. İtaliyada, İspaniyada, Almaniyada cavan adamların yaşamasını təmin etmək üçün tənəffüs aparatını yaşlılardan çıxarıb, onlara qoşurlar”.

Baş infeksionist bəzi vətəndaşların məsələyə məsuliyyətsiz yanaşdığını bildirdi:

“Təəssüf ki, insanlarımız bu məsələyə barmaqarası baxırlar. Bəziləri hesab edirlər ki, onların orqanizmi güclüdür və xəstələnərlərsə, orqanizmi buna qalib gələcək. Fikirləşmirlər ki, xəstələnərlər və evdə atasını, anasını, övladını, həyat yoldaşını xəstələndirə bilərlər, həmin adamların arasında immun sistemi zəif olanlar da olacaq. Xəstəliyin müalicəsi və profilaktikası üçün dövlət kifayyət qədər vəsait ayırıb, tədbirlər planı hazırlayıb, həkim ordusu bunun üzərində işləyir. Amma insanlar məsuliyyətsiz yanaşır. Bu elə bir epidemiyadır ki, burada həkim, aparatura sayı rol oynamır. Təsəvvür etmək lazımdır ki, əgər bir günə 100 xəstə daxil olarsa, 100 tənəffüs aparatı lazım olacaq. İnsanların səhlənkarlığı ilə bağlı birdən-birə ölkədə vəziyyət dəyişə bilər. Başa düşülməlidir ki, vəziyyət çox ciddidir”.
Tarix: 1-04-2020, 15:18
Xəbəri paylaş





Xəbər lenti