“Gəliri olmayan insanlara dəstək paketi tətbiq edilə bilər” - Millət vəkili


valyuta_manat_0125

Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirlərinin azaldılması ilə bağlı yaradılmış İşçi Qrupun hazırladığı təkliflər barədə danışıb. Hazırlanan təkliflər paketi demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir.Təbii ki, bu təkliflər paketi öz növbəsində müxtəlif suallar da yaradır, insanlar bu dəstək paketinin, dövlətin ayıracağı vəsaitin təsir dairəsinin məhz kimlərə , hansı səviyyədə şamil ediləcəyini maraqla gözləyirlər. Bizimyol.info-nun suallarını Milli Məclisin deputatı Əli Məsimli cavablandırır.


Əli Məsimli

-Bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb.Bu durğunluğu aradan qaldırmaq üçün atıan addımları yetərli hesab edirsinizmi və ümumiyyətlə ölkəmiz bunun öhdəsindən nə qədər müddətə gələ biləcək?

- Koronavirus pandemiyası və onun ətrafında gedən proseslər artıq sadəcə tibb sahəsə problemi çərçivəsindən çıxıb,çox ciddi iqtiqadi və sosial problemlər yaradıb.Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə həmin problemlərin üzərinə əlavə problemlər də gəlməyə başlayıb.Bu kontekstdə Azərbaycan üçün ən çətin suallardan biri budur ki,neftin qiyməti hazırkı 20 dollar ətrafında və ya ondan bir qədər artıq səviyyədə üzun müddət qalsa, manat,ölkənin maliyyə,bank sistemi duruş gətirə biləcəkmi,əgər duruş gətursə, nə dədər müddət duruş gətirə biləcək? Belə bir durumdan itkisiz çıxmaq mümkün deyil. Amma bütün imkan və səyləri səfərbər edib, vəziyyətdən az itki ilə çıxmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupları koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı təklifləri özündə əks etdirən və müvafiq dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə,pandemiyadan zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.Dövlət dəstək proqramlarını maliyyə tutumu əvvəlcə 1 milyard manat nəzərdə tutulsa da,bu məbləğ 2,5 milyard manata çatdırılıb ki, bu da Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Bu kifayət qədər böyük göstəricidir. Hazırda dünyada heç kim, heç bir dövlət bu böhranın nə qədər davam edəcəyini bilmir.Yaranmış vəziyyətdən çıxmaq üçün dövlət əhaliyə və sahibkarlara qısa və ortamüddətli tədbirləri özündə əks etdirən proqramlarda nəzərdə tutulan ssenarilər üzrə kömək etməyə başlayacaq.Əgər hazırlanan proqramlarda nəzərdə tutulan tədbirlər səmərəli fəaliyyət göstərən mexanizmin köməyi ilə sistemli və davamlı şəkildə yüksək keyfiyyətlə həyata keçirilsə, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərbəni minimuma endirmək və vəziyyətdə az itki ilə çıxmaq olar.Nəzərdə tutulanların fəaliyyət mexanizmin səmərəli və keyfiyyətlə həyat keçirilməsə,vəziyyətin normallaşdırılması həm çox vaxt aparacaq,həm də izafi xərclər çox olacaq.Ona görə də həmin proqramları yüksək səviyyədə reallaşdırmaqdan ötrü elə bir mexanizm hazırlayıb təbiq etmək lazımdır ki, iqtisadiyyatımız bu mürəkkəb durumdan maksimum dərcədə tez çıxsın və az itki ilə çıxsın, həm də heç kim işsiz və imkansız,bəlkə də ac qalmasın.

-300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək. Bəs "qul bazarı" adlandırılan , yəni qeydiyyatda olmayan və günəmuzd işləyənlərə ödənişlər nə şəkildə olacaq?

-Bəli,birinci proqrqm üzrə 300 min,amma hazırlanmış iki proqram üzrə isə 600 min nəfərə dövlət dəstəyi verilməsini nəzərdə tutur.Karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. İqtisadiyyt Nazirinin AzTV-yə müsahibə zamanı açıqlamalırından çıxış edərək demək olar ki, hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əmək haqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək.Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini “ağardan” sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar. Birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir.Həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi veriləcək.Hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və s. sahələrdir.Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq.

Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70%-likdəstək tətbiq ediləcək.Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əmək haqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir.Orta aylıq əmək haqqı maksimal hədd kimi götürülüb. Burada yanaşma ondan ibarətdir ki, əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əmək haqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar,məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır. İkinci proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq. Bu iki proqramın biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əmək haqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc istiqamətidir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu əhəmiyyətli bir dəstəkdir.

-Fərdi sahibkarlar( tutaq ki, gözəllik salonu və bərbərxana işlədənlər, kiçik dükan sahibləri) özləri müraciət etməlidirlər ya dövlət özü seçəcək kimə yardım edilməlidir?

-Bu proqramlar qeyd edildiyi kimi, 600 minə yaxın insanı əhatə edir. digər proqrqmlarin da əsas məqamları yetərincə açıqlananda,bu qəbildən olan suallara daha dəqiq cavab vermək olar. Koronavirus pandemiyasına qarşı mübarizə üçün tətbiq olunan məhdudlaşdırıcı tədbirlər əslində iqtisadi fəallığı azaltdığından və forsmajor vəziyyəti yaratdığından, günəmuzd işləyib, gündəlik qazancla dolanan və heç bir yerdən gəliri olmayan insanlara dəstək paketi tətbiq edilə,məsələn,yaşayış minimumu səviyysində paket ödənilə bilər.

İlhamə Rəsulova

Tarix: 1-04-2020, 20:07
Xəbəri paylaş





Xəbər lenti