“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”

 

“Özündən aşağıda olanlara rəhm et ki, səndən yuxarıda olanlar da sənə rəhm etsinlər...”


Sultan Laçın


Bütün planeti ağuşuna almış pandemiya dövründə ölkəmizdə də on minlərlə müqaviləsiz, qeydiyyatsız-filansız, günəmuzd işləyən, evlərində heç bir neçə günlük  də əlavə ərzaq ehtiyatı olmayan insanlar hər keçən gün gələcəklərindən daha çox narahat olurlar. Bunlardan daha çıxılmaz vəziyyətdə olan isə paytaxt və digər iri şəhərlərin küçələrində bu günə kimi dilənməklə zor-güclə həyatda qalan gerçək dilənçilərdir... 

***

Adi günlərimizdə küçələrdən keçəndə onları asanlıqla tanımaq olurdu; bəzilərinin ya bir əli, ya bir, yaxud hər iki ayağı yoxdur, amma peşəsi dilənmək olan sağ-salamat abırsızlar kimi ah-vay etmirlər, 20 qəpik də yox, 5-10 qəpik də verənin dalınca deyinmirlər, heç səslərini də çıxarmırlar, sakitcə dayanıblar, kim nə verdi qane olar, onun üçün Allaha dua edərlər...
Belələrindən bəziləri tənha yaşayır, bir otaqlı da olsa, evi var.  Elələri də var ki,  sözün əsl mənasında “bomj”dur, nəinki evi, yaşayış qeydiyyatı, heç şəxsiyyət vəsiqəsi də yoxdur. Fəqət, onlar da insandır, onların da yaşamaq, müalicə olunmaq haqqı var...

***

Hər kəsin can hayında olduğu bir vaxtda gerçək dilənçilərimiz barədə düşünən çox az adam olar. Amma dövlət, hökumət orqanları onları da düşünməlidir, nəzərə almalıdır.  Sual oluna bilər ki, hansı dilənçinin gerçək, hansının yalançı olduğunu necə ayırd edək. Çox asan... İllərdir ki, ciddi hökumət tədbirləri, reydlər zamanı küçə ticarəti ilə məşğul olanlarla yanaşı, yolçuları da küçələrdən qovmağa məcbur olan peşəkar polislərimiz, sahə müvəkkillərimiz, eləcə də icra nümayəndələri, bina komendantları və s.  təhkim olunduqları ərazidə kimin nə ilə məşğul olduğunu, hansı yolla və nə qədər qazandığını gözəl bilirlər. Elə bu qayda ilə də sənədsiz, müqaviləsiz, günəmuzd işləyənləri,  ümumiyyətlə işsizləri, tənha qalanları və s. müəyyən edib onlar üçün də bir yardım paketi təyin etmək mümkündür... Küçələrdə qalan kimsəsizləri, “bomj”ları isə Sosial Müdafiə Nazirliyinin xüsusi sığınacaqlarına toplayaraq ən minimal həyat şəraiti ilə təmin etmək gərəkdir...
 
***

Bəzi daşürəklilər deyə bilər ki, əşşi, dilənçilərin, “bomj”ların canı bərkdir, onlar koronavirusa yoluxsalar da, bunu ağır keçirməz, ölməzlər... Amma söhbət yalnız xəstəlikdən getmir. Küçələrdə çox az adamın olduğu, dükanlara, supermarketlərə çirkli, cır-cındır geyimlə buraxılmayacaqları bir şəraitdə belə insanlar, sadəcə, aclıqdan ölə bilərlər...

***

Ümumiyyətlə, səbrimiz, dözümümüzlə yanaşı, insanlığımız, mərhəmətimizin də sınağa çəkildiyi bir zamanda gəlin bundan inanılmaz dərəcədə dəhşətli, sıxıntılı Qiyamət gününü, Axirəti necə yaşayacağımızı göz önünə gətirərək sosial durumumuzdan, vəzifəmizdən asılı olmayaraq bir-birimizə, hətta küçədəki heyvanlara, quşlara, hər bir canlıya  qarşı mərhəmətli olaq... 

Həzrət Əli(s) gözəl buyurur: “Özündən aşağıda olanlara rəhm et ki, səndən yuxarıda olanlar da sənə rəhm etsinlər...” 
Tarix: 3-04-2020, 12:22
Xəbəri paylaş





Xəbər lenti