Azərbaycan mediasının üzərində dolaşan qara buludlar tədricən yoxa çıxır. Üfüqdəki günəşin görünməyə başlaması Əli Həsənovun vəzifəsindən gedişi ilə başladı. Prezidentin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərlinin işdən azad olunması ilə medianın üzərinə dolan daha bir qara bulud yoxa çıxdı. Vüqar Səfərli Əli Həsənova milyonlar qazandıran və media üzərində yaratdığı “qara buludun” parçalarından biri idi. Baş getsə də, hissəcik qalmışdı və nəhayət, bu hissəcikdən də azad olduq. Amma sevinmək hələ tezdir, çünki qara buludun başqa hissəcikləri də qalmaqdadır.
Bunu bilmək üçün “Tarixi Nadir”i yarıya qədər oxumağa ehtiyac yoxdur, hər gün televizoru açın və gözlərinizlə şahidi olun. Bəli, söhbət Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmlidən gedir.
Məhz Nuşirəvan Məhərrəmlinin yarıtmaz fəaliyyəti, televiziya məkanını peşəkar formada yox, Əli Həsənovdan aldığı tapşırıqlarla yönləndirməsi Azərbaycan televiziyaları haqda mənfi rəyin yaranmasına əsas səbəbdir.
“Telekanalizasiya”: bu ifadə xüsusilə də dövlətimizin əleyhinə çıxan qruplar tərəfindən tez-tez işlədilir. Təbii ki, belə bənzətmələr mütləq qınanmalıdır, amma eyni zamanda, Azərbaycan teleməkanının belə bənzətmələrə məruz qalmasında rol oynayanlar da eyni qınağa tuş gəlməlidirlər.
Bu sualın cavabını dərində də axtarmaq olar, elə televizorun düyməsini basmaqla da görmək olar. Uzun illərdir Azərbaycan televiziyaları səviyyəsiz insanların çal-çağır məkanına çevrilib. Bu gün Azərbaycan tamaşaçısının türk və rus kanallarına kütləvi şəkildə üz tutmasının günahkarı məhz Nuşirəvan Məhərrəmlidir.
MTRŞ rəhbəri indiyə qədər Əli Həsənovun tapşırığına əsasən oturub-durub. Xüsusilə Əli Həsənovun nəzarətində olan teleradio şirkətlərinə doğma münasibət bəsləyib, peşəkar televiziya və radio şirkətləri məhz Əli Həsənovun göstərişi ilə sıradan çıxarılıb. Nəticə olduqca acınacaqlıdır: Azərbaycan televiziya və radio şirkətləri bu gün daxili tamaşaçı üçün marağını itirib.
Səbəblər sadədir. Əli Həsənovun tapşırığını icra edən Nuşirəvan Məhərrəmli qeyri-peşəkar və jurnalistikaya yad olan şəxsləri, jarqonu küçə söyüşləri ilə zəngin olan əxlaqsız adamları televiziya ekranlarının “ulduzuna” çevirdi. Dəyərli ziyalılar və cəmiyyətə müsbət örnək olan insanlar kənarda qaldığı halda belə şəxslərin xalqa “dərs keçməyə” cəhd göstərməsi ilk növbədə tamaşaçının özündə ikraha səbəb oldu və ən yaxşı halda kanalı çevirərək boykot etdilər. Amma digər yerli kanala yox, birbaşa xarici kanallara. Çünki bütün teleməkanı Əli Həsənov - Nuşirəvan Məhərrəmli cütlüyü eyni səviyyəyə endirərək məhv etmişdi. Şübhəsiz ki, vəziyyətin belə olması Əli Həsənov üçün qətiyyən maraqlı deyil idi. Çünki onu ayın sonunda nə qədər pul qazanacağı düşündürürdü.
Bir nümunəyə diqqət çəkək. Son illər Azərbaycan Prezidentinin Sərəncamı ilə televiziyalara milli serial çəkilişi üçün milyonlarla vəsaitlər ayrılıb, lakin indiyədək bu qədər vəsaitin müqabilində ortaya normal bir film çıxarılmayıb.
Bu sahədə çalışan şəxslər tez-tez şikayət edirlər ki, Nuşirəvan Məhərrəmli dövlətin ayırdığı milyonların çox cüzi hissəsini peşəkar şəxslərə ödəyir, böyük hissəsi isə Əli Həsənovun oğlu Şamxal Həsənlinin rəhbərlik etdiyi prodakşınlara köçürülüb. Əli Həsənov isə həmin vəsaitləri istədiyi formada xərcləyib. Nuşirəvan Məhərrəmli də özünü məsuliyyətdən yayındıraraq, “mən yalnız bankomat rolunu oynamışam” deyir.
Xeyr, təkcə “bankomat” olmayıb, həm də öz payını alıb. Teleməkana vurulan ən böyük zərbələrdən biri də İTV kimi “xalqın televiziyası” rolunu oynayan KİV-lərin urvatsız edilməsi, inamın azaldılması oldu. Bu da Əli Həsənov və Nuşirəvan Məhərrəmlinin xidmətlərindən biridir. Halbuki, İTV-nin nizamnaməsində bu televiziyanın xalq üçün əsas platforma olduğu qeyd olunur.
Ancaq sevindirici hal odur ki, Balakişi Qasımovun İTV-də rəhbərliyə gəlişindən sonra bu televiziya xalqın etimadını qazanmağa başladı, “xalqın televiziyası” rolunu gerçək mənada həyata keçirdi. Azərbaycan tamaşaçısının yerli kanallar arasında əsasən İTV-yə üstünlük verməsi də bunun nəticəsidir. Hərçənd ki, digər televiziya kanalları hələ də Əli Həsənovdan qalma Nuşirəvanın yarıtmaz fəalliyyətinin qurbanına çevriliblər.
Bu gün bütün televiziya kanallarımızın İTV-nin taleyini yaşamasını arzulayırıq. Çünki heç bir valideyn övladının xarici telekanalların təsirində yetişməsini istəmir. Nuşirəvan Məhərrəmli tamaşaçıları buna məcbur edir, tezliklə, bu məcburiyyətindən xilas olmaq diləyi ilə...
Vaqif Hüseynli
Demokrat.az