Bugünlərdə həm Kütləvi İnfomasiya Vasitələrinə Dəstək Fondunun, həm də Milli Televiziya və Radio Şurasının rəhbərinin vəzifəsindən azad olunması mətbuat və televiziya sahəsində dəyişikliyin vacib olduğunu ortaya qoydu. Prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun vəzifəsindən azad olunmasından sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin də öz postunu itirəcəyi ilə bağlı söhbətlər gəzsə də, bir müddətdir ki, bu, səngimişdi. Bu baxımdan, bəlkə də çoxları ölkədə karantin tədbirlərinin gücləndirildiyi bir vaxtda mediaya məsul bu qurumların rəhbərlərinin dəyişməsini gözləmirdi. Maraqlıdır ki, ölkənin indiki ağır böhran vəziyyətində, karantin müddətində ölkə mediasına məsul qurumların rəhbərlərinin vəzifəsindən azad olunmaları əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli üçün gözlənilən idi?- Bu dəyişiklikləri nə karantin şəraiti, nə də başqa bir şeylə əlaqələndirməyə ehtiyac yoxdur. Çünki hamı bilirdi ki, Əli Həsənov gedəndən sonra ona bağlı olan məmurların dəyişdirilməsi labüddür və o da baş verir. İndi karantində, ya dünyanın düz vaxtında dəyişmiş, bunların elə bir əhəmiyyəti yoxdur. İkincisi, mən hesab edirəm ki, nə MTRŞ bizim ölkənin televiziya həyatında ciddi bir rol oynayır, nə də KİVDF yazılı medianın inkişafında bir rol oynayır. Bunlar sadəcə olaraq formal qurumlar idi, yaradılıb və orada da müəyyən adamlar maaş alır, müəyyən hərəkətlər edir. Amma bütövlükdə qanunla yaradılan bu qurumların heç birisi bu cəmiyyətə, aid olduqları sferaya elə bir ciddi fayda verməyib. İndi bundan sonra necə olacaq, Allah bilir.
- Qulu müəllim, Sizin fikirlərinizə əsaslansaq, onda bu qurumları niyə saxlayırlar?- Bu qurumların olmağı vacibdir. Vacibdir ona görə ki, məsələn, MTRŞ dövlətin yayım sahəsindəki siyasətini tənzimləməlidir. Amma o, tənzimləyirmi? Onun qarşısına qanunla qoyulan vəzifələri yerinə yetirirmi? Niyə yerinə yetirə bilmir? Çünki bu, dövlətin siyasətini yox, hansısa özünün şəxsi məqsədləri uğrunda çarpışan bir məmurun tapşırıqlarını yerinə yetirir. Bu, nə dərəcədə doğrudur? Əlbəttə, doğru deyil. Bu iki gərəkli qurumu, məsələn, KİVDF-ni niyə yaratmışdılar? Mətbuatın inkişafına yardım etsin. Yardım təkcə ayrı-ayrı jurnalistlərə, qəzetlərə pul vermək deyil, yardım geniş götürəndə medianın ciddi strateji inkişafına dəstək verməkdir. Yoxsa müsabiqə et, bu qohuma min manat ver, o birisi tanışa 30 min ver, bu mənasız qəzetə 50, 100 min ver… Yəni bu, siyasət deyil. Ona görə, əlbəttə, belə qurumlar sual doğurur ki, bunlar nəyə lazımdır? Lazımdır, amma onlar öz funksiyalarını yerinə yetirmirlər.
- Artıq funksiyasını yerinə yetirməyən MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli vəzifəsindən azad olundu. Bəs, İsmət Səttarovun sədr seçilməsini necə dəyərləndirirsiniz?- Mən hesab edirəm ki, bir var ayrılıqda götürülmüş fərd, məmur, bir də var onun təşkilatçılıq və idarəçilik bacarığı və onun fəaliyyət göstərdiyi mühitdə özünü ifadə etməsi, mənim üçün şəxsən Nuşirəvan Məhərrəmli çox vicdanlı, dürüst bir adam idi. Amma qoyulduğu vəzifənin tələblərinə nə dərəcədə cavab verirdi, bunu söyləmək çətindir və o, nə dərəcədə müstəqil qərarlar qəbul eləməyə qadir idi? Və o, müstəqil qərarları qəbul etsəydi, nələr baş verərdi? Sözün yaxşı mənasında. Ona görə, indi mənə elə gəlir ki, vəzifə tutan adamlar həm o sahənin predmetini yaxşı bilməli, həm özlərinin şəxsi təşəbbüsü olmalıdır. Və başlıcası o qurumun qarsısında duran vəzifəni yerinə yetirməlidir. Məsələn, MTRŞ dövlətin yayım sahəsindəki siyasətini tənzimləməlidir, tendensiyaları, trendləri görməlidir, qanunauyğunluğu müəyyənləşdirməlidir, efirin standartlara uyğun çalışmasına yön verməlidir. Amma bunlar onu edirmi? Niyə etmirlər? Bunun səbəbləri də aydındır. Bunun həm də çox obyektiv səbəbləri var. KİVDF bir mühasibatlığı xatırladan quruma çevrilmişdi, kassa rolunu oynayırdı. Yəni vəsait bura gəlib, oradan qohuma, dosta-tanışa, mənasız, heç kimin oxumadığı qəzetlərə 100-150 min pullar xərclənirdi. İndiyə qədər 40 milyondan çox pul xərclənib. Ondan mediaya nə oldu? 10 nəfər maaş alıb, olsun. Amma elə şərait yaratmaq lazım idi ki, media hərtərəfli inkişaf edə, reklam hesabına özünü yaşada bilsin, sağlam rəqabət mühiti olsun və proses də getsin. İndi yeni adamlar təyin olunub. Hər halda, bunlar yeni dünyagörüşü olan insanlardır. MTRŞ-nın rəhbəri birbaşa televiziya sistemindən gəlib. Hər halda müəyyən səlahiyyətləri, imkanları olacaq. Biz arzulayardıq ki, bu qurum özünün həqiqi mahiyyətinə uyğun fəaliyyət göstərsin.
- Qeyd etdiniz ki, Nuşirəvan Məhərrəmliyə müstqəli qərarlar verməkdə maneələr var idi. Bu halda, indiki siyasi sistemdə İsmət Səttarova da müstəqil qərar verməsinə mane olanlar olmayacaq?-Mən demirəm ki, MTRŞ-nın sədrinə müstəqil qərar qəbul etməyə mane olublar. Mən deyirəm ki, onlara nə mane olurdu ki, müstəqil qərarlar qəbul eləsinlər və öz konsepsiyalarına, nizamnamələrinə uyğun hərəkət etsinlər. Niyə bunu etmirdilər? Çünki əsas məsələ o nizamnamədən irəli gələn vəzifələri yerinə yetimək deyildi, əsas məsələ vəzifəni qoruyub saxlamaq idi. Ona görə, bir yerdə ki, şəxsi, qrup marağı var, o yerdə dövlətin maraqlarını həmişə arxa plana keçirirlər. İndi bizim də arzumuz odur ki, yeni gələn insanlar dərk edib, əvvəlki rəhbərlərin buraxdığı nöqsanları aradan qaldırsınlar və həm televiziyanın, həm də medianın inkişafına dəstək olsunlar. Yəni dövlət bunları ona görə yaradıb. Qanunla MTRŞ ona görə yaranıb ki, dövlətin televiziya yayım sahəsindəki siyasətini düzgün tənzimləsin. Yoxsa ikili standartlar, yəni birabaşa vəzifəyə uyğun olmayan addımlar əlbəttə ki, ciddi narazılıqlar doğurur. Ümumiyyətlə, indiki halda MTRŞ-in televiziyalar arasında da heç bir nüfuzu, hörməti yoxdur. Ona görə, hamı bilir ki, o, kimin göstərişi ilə işləyir və nələri etməyə qadirdir. Məsələn, ANS-in bağlanması ilə bağlı hadisələrdə biz MTRŞ-in çox biabırçı rolunu gördük. Eləcə də başqa addımları. Ona görə, düşünmək lazımdır, biz necə edək ki, bu qurumlar öz nizamnamələrinə, qanunlara müəyyən olunmuş istiqamətlərə uyğun çalışsınlar.
- Sizcə, nə etmək lazımdır ki, o qurumlar öz funskiyalarını lazımi səviyyədə yerinə yetirsinlər?- Bu strukturlarda işi bilən, bu sahədə siyasəti düzgün reallaşdıra bilən və əlbəttə, cəmiyyətin maraqlarını nəzərə alan həm televiziyanın, həm də medianın strateji inkişafına kömək edən addımlar atılmalıdır. Bundan ibarətdir. Yoxsa bu qurumlar yenə əvvəlki kimi arabanın “beşinci təkər”i olacaqsa, onlardan heç nə gözləməyinə dəyməz.
- Yeri gəlmişəkən, bu karantin günlərində şou əhli xalqa televiziya efirlərindən “evdə qalın” çağırışı edirlər və sanki xalqa “dərs keçirlər”. Sosial şəbəkədəki paylaşımlardan görünür ki, bu, insanlarda qıcıq doğurur. Şou əhlinin efirlərdən xalqa “dərs keçməsi” nə dərəcədə doğrudur?- Televiziyanın, medianın yetişdirdiyi, bu cəmiyyətə sırıdığı bu şou adamlarıdır. Televiziya bir xalqın, cəmiyyətin vitrinidir. Vitrinə həmişə yaxşıları, layiqliləri qoyurlar. Bizim televiziyalar bunu edibmi? Etməyib. Ona görə də bu gün o siyasəti müəyyənləşdirən adamlara elə gəlir ki, hansısa müğəninin müraciəti xalq üçün önəmlidir. Elə deyil. Təkcə müğənnilər deyil, televiziyada çox urvatsız, mənasız danışan adamlar var. Predmeti bilməyən, ağzına gələni danışan, cəmiyyətdə gedən prosesləri, ümumi əhvalı bilməyən xeyli dəyərsiz adamlar var, bunlar xalqa müraciət edir ki, “burda qalın”, “orada qalın”. Əlbəttə, layqili şou adamları var. Onların hamısını eyni sıraya qoymaq olmaz. Cəmiyyətin hörmət etdiyi insanlar da var. Amma çoxluq şou əhli ilə təmsil oluna bilməz. Ona görə də bu cəmiyyətin alimləri, ziyalıları, düşüncə, fikir adamları ortaya çıxmalıdır. Hanı o adamlar? Televiziya uzun illər kimi bu xalqa tanıdıb? Hansı alimi, filosofu, düşüncə adamını, qələm adamını? Bunların hamısını üçüncü, dördüncü qatda saxlamışdılar. Niyə? Çünki bunlar gəlir gətirmir. Bunlar üçün reytinq toplamır. Amma bütün məsələlərdə balans olmalıdır. Musiqi də, şou da olmalıdır. Əlbəttə, millətin beynini, onun zehnini qidanlandıran fikir, düşüncə adamlarının da çıxışları olmalıdır. Ona görə də bu, bir dərsdir. Bilrisiniz, indiki yaranmış böhran şəraiti bütövlükdə cəmiyyəti imtahana çəkir. Yəni təkcə bizim səhiyyə sistemimizi yox, cəmiyyətin psixologiyasını, dəyərini. Ona görə, bunlara diqqət yetirilməlidir
- KİVDF-in icraçı direktoru Vüqar Səfərlinin vəzifəsindən azad edilməsi sosial şəbəkədə çox ciddi müzakirə olunur. Buna görə, onun yerinə utanc hissi keçirdiyini qeyd edənlər, hətta onun həbs edilməsini tələb edənlər var. Necə düşünürsünüz, Vüqar Səfərlinin fəaliyyəti araşdırılmalıdır?- Bilirsiniz, bizdə son illər qəribə bir tendensiya yaranıb. Əslində, elə əvvəllər də var idi. Vəzifəyə gəlirsən, büdcəni dağıdırsan, dövlətin ayırdığı pulları Allah bilir ki, hansı qaydada şəxsi özün və yaxud başqasına yedirdirsən və sonra rahatca vəzifədən çıxıb gedirsən. Bu sözlər Vüqar Səfərliyə aid deyil. Əslində, o da düz əməlli adam deyil. Ondan əvvəl baxın, neçə vəzifədən çıxan adamlar var, AzTV-nin sədri, nəqliyyat naziri, hansısa bankın müdiri, niyə bunlar bu xalqın sərvətini, büdcəni yeyib dağıtmalıdır, sonra da rahatca əllərini ciblərinə qoyub, gedib o pulları xırd etməlidirlər?! Niyə bunlar cəzalanmamalıdır?! Yəni bu, cəzalanmalıdır, başqaları üçün görk olsun ki, bu millətin 1 qəpiyinə göz dikən adam cəzalanır. Cəzalanmayanda, o, korrupsiya sisteminin içində olanda əl əli yuyur, əl də üzü yuyur və sonradan da bu cür məsələlər ortaya çıxır. Mən bir kimsənin həbs olunmağını istəmirəm, amma dövlətin pullarını gətirib yerinə qoysunlar, əlbəttə, araşdırsınlar. Vaxtilə biz də bu məsələləri deyirdik və o məmurlara bağlı olan ləyaqətsiz adamlar bizlərə hücum edirdilər. Bu araşdırılmalı, ortaya çıxarılmalıdır ki, niyə dövlətin pulu ilə belə davranırsınız? Niyə ölkə rəhbərinin göstərdiyi etimaddan bu cür sui-istifadə edirsiniz? Niyə millətin, xalqın puluna, onun vergisindən formalaşan pullara bu dərəcədə qəsd edirsiniz? Əlbəttə, cəzalanma olsa, başqaları üçün də görk olar.
-Əhməd İsmayılovun KİVDF-yə icraçı direktor təyin olunması mətbuatın inkişafı, eyni zamanda mətbu orqanlara münasibət baxımından nə vəd edir? Ona görə, mətbu orqanlara münasibət baxımından deyirəm ki, Vüqar Səfərlinin vaxtında ayrı-ayrı mətbu orqanlara fərqli münasibət olub.-KİVDF yarananda mən də Mətbuat Şurasının üzvü, sədr müavini idim. O vaxtı bunu yaratmaqda əsas məqsəd o idi ki, biz mətbuatın hərtərəfli, harmonik inkişafına yardımçı olaq. Yəni biz müxtəlif düşüncələri əks etdirən mətbuat orqanlarına yardım edək, cəmiyyət bütövlükdə inkişaf etsin. Amma nə oldu? Tənqidi mətbuat sıradan çıxarıldı, elə mətbuat orqanları önə keçdi ki, bunları heç kim oxumur, o, cəmiyyəti ifadə etmir və nəticədə bizim mətbuatımız indi gördüyünüz vəziyyətə düşüb, yalan, böhtan, sarı mətbuat tərzi genişləndi, insanlar məslək dəyişmələrindən, müxtəlif süzgəclərdən keçib, ortaya sklet şəkilində çıxdılar. Ona görə, biz elə etməliyik ki, mətbuat inkişaf etsin. Azad cəmiyyət üçün birinci növbədə azad mətbuat olmalıdır. Bu mətbuat olmasa, bu partiayaya, o quruma, bu məmura, o oliqarxa bağlı mətbuatla ölkənin mətbuatının geniş mənada inkişafına nail olmaq mümkün deyil. Azad, müstəqil mətbuat cəmiyyəti bütün təhlükələrdən qoruya, o təhlükələrdən xəbər verə bilir və o təhlükələr barədə cəmiyyəti məlumatlandırır. Varmı belə bir mətbuat? Təəssüf ki, köhnə məmur təbəqəsi o azad, tənqidi mətbuatı sıradan çıxartdı. Cəmiyyət bu gün ancaq qəzet adında kağız parçalarının ümidinə qalıb. Cəmiyyətdə heç kim də o qəzetləri oxumur. Əlbəttə, biz yeni gələn adamlara ümid edirik. KİVDF-nin rəhbərinə də, İsmət Səttarovun da gəlişi ilə bağlı müəyyən ümidlər var. İndi biz deyə bilmərik ki, bunlar çox yaxşı olacaq, yaxud yox.
- Elə həm MTRŞ-in yeni sədri İsmət Səttarov, həm də KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov gəncdir. Yəni mediaya məsul olan bu qurumların rəhbərliyinə gənc kadrların gətirilməsi media mühitinin sağlamlaşmasına, ab-havanın yenilənməsinə səbəb ola bilər?- Gənc olmağı yaxşıdır, amma gənc olmaq göstərici deyil. İşin keyfiyyəti üçün müəyyən enerji daşımaq mənasında əlbəttə, gənclərin olması yaxşıdır. Önəmli olan insanın düşüncəsidir, onun iş qabiliyyətdir. Onun bu millətin, dövlətin, cəmiyyətin qarşısındakı məsuliyyətidir, iş kefiyyətləridir. Onun düşüncə, yanaşma tərzi, şəxsiyyətindən irəli gələn müəyyən məsələlərdir. İndi bəzi qurumlarda qoyublar, gənclər var, bunlar özlərini doğruldurlar, yaxşdır. Amma elələri də var gəncdir, bəli, yaxşı qalstuku var, nəzakətlidir, ancaq iş kefiyyətləri yüksək deyil. Ona görə, bu kriteriyaların içərisində ən önəmlisi peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıqdır. O peşəkarlıqla məsuliyyət, iş bacarığı birləşdiyi halda, cəmiyyətə fayda verə bilər.
Huriyyet.org