Vüqar Dadaşov: Karantinə görə ƏƏSMN Konstitusiyamıza uyğun əhalinin sosial təminatını ödəməlidir

 
Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov koronovirusla bağlı tətbiq edilmiş karantin dövründə əhaliyə maddi yardımla bağlı çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.
“KORONAVİRUS deyilən və pandemiya şəklini almış bu xəstəlik təhlükəli həddə çataraq bizim xalqımızı da ağuşuna çəkməkdədir. Bütün dünyanı bürüyən bu təhlükədən qorunmaq üçün, dünya dövlətləri eləcədə, Azərbaycan Respublikası müvafiq tədbirlər görür və görməkdədir. Vəziyyətin ağırlaşa və nəzarətdən çıxa biləcəyi təqdirdə ölkəmizin əhalisini olduqca çətin sınaq gözlədiyi də bəllidir. Məhz bu məqsədlə gözlənilən təhlükənin zərərsizləşdirmək üçün ölkəmizdə haqlı və əsaslı olaraq KARANTİN REJİMİ tətbiq olunub, əhalinin ölkə daxilində sərbəst hərəkəti məhdudlaşdırılıb. Strateji obyekt və əhalinin təchizat təşkilatları xüsusi rejimdə fəaliyyət göstərir.
Sözsüz ki, bu tədbirlərin məqsədi ölkə əhalisinə, KORONAVİRUS pandemiyasının mümkün acı təsirinin zərərsizləşdirilməyinə hesablanıb və hər bir vətəndaş Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının tətbiq etdiyi bütün məhdudiyyət və tövsiyələrinə əməl etməlidir. Bu halda, karantinin ən başlıca tələblərindən biri, əhalinin özünü tədric etməsidir. Bildiyimiz kimi, Koronovirusla bağlı dünya ölkələri öz funksiyalarını yerinə yetirərək analoji tədbirlər keçirir və əhalinin özünü tədric prosesinə maddi dəstək verir. Sözü gedən maddi dəstək müxtəlif formalarda tətbiq edilir.
24 Mart 2020-cu il tarixdən tətbiq edilən Karantin və 05 Aprel 2020-ci il tarixdən sərtləşdirilmiş karantinin nəticəsi olaraq əhalinin böyük bir qismi maddi gəlir mənbəyindən məhrum olmuşdur. Bu siyahıda aztəminatlı ailələr, işsizlər, gündəlik işləyənlər və sair və sair insanlar vardır. Müəyyən hesablamalara görə ölkəmizdə ümumilikdə 3000000 yaxın insanın hökumətin maddi dəstəyinə ehtiyacı yaranmışdır. Bu saydan əsas çətinlik çəkən isə kasıb, aztəminatlı ailələrdi.
Məlumdur ki, bu məsələlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmalıdır ancaq ki, əhaliyə maddi yardımla bağlı nazir Sahil Babayevin açıqlaması əhalinin ümidlərini puç etmişdir. Cənab nazir demişdir ki, "Tələbələr, hərbiçilər, adında pay torpaqları olanlar işsiz hesab edilmir, Birdəfəlik ödənişə bir ailənin iki üzvündə yaranırsa belə, ödəniş yalnız onların birinə ödəniləcək. Ailənin bir üzvü əmək haqqı alırsa, digər ailə üzvlərinə yadım edilməyəcək."
Təbii ki, bu yanaşma özünü doğrulda bilməz və Konstitusiyamıza ziddiyyət təşkil edir. İlk öncə qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövləti sosial yönümlü dövlətdir və Konstitusiyamızın 16 maddəsinin I-ci bəndində “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.” göstərilmişdir. Eləcədə, Konstitusiyamızın 38-ci maddəsinin I-ci bəndinə əsasən "Hər kəsin sosial təminat hüququ vardır.”
Sözsüz ki, araşdırılmalar aparılmalı maddi, sosial vəziyyəti faktiki ağır olan ailələr, , şəxslər ümumiyyətlə isə çətin maddi və sosial durumda olan Azərbaycan vətəndaşları müəyyən edilməlidir və təxirə salınmadan həmin insanlara yardım edilməlidir.
Bir daha vurğulayıram ki, bu məsələyə formal gəlirlərdən baxaraq qərar vermək yanlış olar və faktiki çətin durumda qalan insanlar ən acı nəticələrin qurbanı ola bilər.
Hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən əhalinin sosial təminatı dövlətimizin funksional öhdəliyidir və bu öhdəliklərin yerinə yetirilməsi üçün ölkə Prezidenti Cənab İlham Əliyev təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlar vermiş, sərəncamlar imzalamış, maddi vəsaitlər ayırmışdır. Odur ki, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Konstitusiyasına və digər hüquqi normativlərə müvafiq, Koronovirusla bağlı tətbiq edilmiş Karantin rejimi dövründə əhalinin maddi və sosial təminatını tam ödəməlidir.”

Siam.az
Tarix: 9-04-2020, 16:26
Xəbəri paylaş





Xəbər lenti