“Ay hökumət, ey qalstuklu müəllimlər, dünyanın hər yerində dövlət xalqa yardım edərkən həm də özünə yardım edir. Yəni həm sosial vəziyyəti dəngələyir, həm siyasi divident qazanır, həm də ölkədə iqtisadiyyatın çarxlarının dönməsinə dəstək olur. Azərbaycanda isə xalqa pul vermək, maddi dəstək olmaq elə özünüzə kömək etmək deməkdir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə məxsusdur.
“Belə gözəl xalqı niyə incidirsiniz, axı?!”
Cəfərli sual edir ki, 190 manat yardım alan şəxs ilk nə edəcək: “Supermarketlərə gedib ərzaq alacaq. Yenə siz qazanacaqsınız. Kimindi ki, bu iri marketlər?! Əbdül dayının, ya Anaxanım xalanındı?! Gedib aptekdən dərman alacaqlar, dərman biznesi də sizindi də, Tükazban bibinin deyil axı?! Pulun bir hisəsini işıq-qaz-su pulu ödəyəcəklər. Bu sahələr də dövlətindi də, təbii inhisarçılardı, pul yenə dövlətə qayıdacaq. Yəni xalqa verdiyiniz pula heyfiniz gəlməsin, yenə o yetim xalq pulu quzu balası kimi sizə qaytaracaq, hələ bir dua oxuyub, can sağlığı diləyib, yenə də seçkiyə zada getməyib, sizə mane də olmayacaq. Belə gözəl xalqı niyə incidirsiniz, axı?!
“200 manat paylasanız, bu cəmi 1,5 mlrd. manat edəcək”
“Açın kisənin ağzını, hamıya 200-250 manat pul paylayın. Xub, dövlətdən maaş alan 915 min nəfərə verməyin, təqaüd alan 1,3 mln. nəfərə ödəməyin, özəl sektorda çalışan və yardım verəcəyiniz 300 min əmək müqaviləsi olana da ödəniş etməyin, yerdə qalan hamıya pul paylayın. 200 manat paylasanız, bu cəmi 1,5 mlrd. manat edəcək. Qorxmayın, bu inflyasiyaya da səbəb olmayacaq. Zatən qiymətlər qalxıb-qalxacaq, cəmi 1,5 mlrd. manat inflyasiyaya 0,5-1%-dən çox təsir edə bilməz”,-deyə iqtisadçı vurğulayıb.