O 190 manatı camaatın burnundan niyə gətirirsiniz - Görün, nələr yazırlar


O 190 manatı camaatın burnundan niyə gətirirsiniz -     Görün, nələr yazırlar

“Utandığımdan anama deyə bilmirəm ki, sən bunların vecinə deyilsən”

 

Gücləndirilmiş karantin dövründə işsiz qalmış şəxslər üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik ödəmə almaq istəyən şəxslərin onlayn qeydiyyatı başlayıb. Sistemdə yüklənmə olması nəzərə alınaraq, qeydiyyat öncədən planlaşdırılmış xüsusi qrafik əsasında həyata keçirilir. Belə ki, respublikanın bütün rayonları üçün xüsusi günlər müəyyən edilib və həmin rayon ərazisində qeydiyyatda olan şəxslər müəyyən edilmiş tarixdə qeydiyyata düşə bilərlər.

 

Təəssüflər olsun ki, ilk dəfə belə bir durumla qarşılaşan həmvətənlərimiz qeydiyyat prosesində bir sıra ciddi problemlərlə üzləşirlər? Əksəriyyəti sitemin çox qəliz hazırlanmasından, çox yüklənməsindən, üzləşdiyi suallara cavab tapa bilməməsindən şikayət edir. Şikayət edənlər arasında sadə vətəndaşlarla yanaşı, ölkənin ziyalı təbəqəsinin nümayəndələri: müəllimlər, jurnalistlər, hüquqşünaslar da var. Onlar sosial şəbəkələr vasitəsilə həm öz şikayətlərini, həm də bu işin daha asan şəkildə təşkil olunması məqsədilə bir sıra təklif və tövsiyələrini verirlər.

 

AYNA bəzi “Facebook” istifadəçilərinin sözügedən onlayn qeydiyyatla bağlı fikirlərini təqdim edir:

 

Dünya Fətəliyeva: “Dünən gecə yaxın qohumlarımdan birinə işsizlik müavinəti almaq üçün proseduru keçməkdə kömək edirdim. Niyə gecə, çünki sistem o qədər yüklü olur ki, gündüz qətiyyən açılmır. Sonrası əvvəlindən də qəliz. 21 pəncərədə o qədər məlumat daxil edirsən ki, hansı ki, bu məlumatları bir-bir əl ilə daxil etməkdənsə, elə inteqrə olunmuş sistem özü verə bilər (pensiyaçılar, müavinət alanlar, VÖEN-i olanlar, adına əmlak olanlar, əlillər və s.). Digər məqam - sistemi aktivləşdirmək üçün mobil nömrə və ya gücləndirilmiş elektron imza tələb olunur. Statistika çıxarsaq, əhalinin neçə faizində və hansı təbəqəsində elektron imza var? Və neçə faizi öz adına olan mobil nömrədən istifadə edir? Bir də ən maraqlı məsələ, bu pulu almaq üçün müraciət edən şəxs zatən cəmiyyətin ehtiyacı olan, daha az savadlı təbəqəsidir. Onun kompüteri, smart telefonu, sürətli interneti və bu qədər məlumatı daxil edəcək savadı olsaydı, elə onlardan yararlanardı, 190 AZN-ə ehtiyacı olmazdı, axı...”

 

Elçin Əfəndi: “Qurduğunuz qeydiyyat belə olmalı idi:

 

Şəxsiyyət vəsiqəsinin seriyası: AZE 12345678

FİN kodu: 45TTAYO

Mobil əlaqə nömrəsi: 055XXXXXXX

Bank kartının nömrəsi: 12345678901234

Müraciət forması: Ərizə

Müraciət növü: Koronavirusa görə işsizlik səbəbindən maddi yardım.

 

Bu qədər sadə! Yoxsa, 20 punkt doldur. Hələ öz adına nömrə tələb et (hansı ki, ölkədə əksər qadının telefon nömrəsi ya həyat yoldaşının, ya qardaşının, ya da atasının adınadır). Hələ nömrə cəhhənəm olsun, e-mail hesab və qadın? Bizim mentalitetdən xəbəriniz yoxdur? Qadın və e-mail? Qadın və internet? Özü də sosial nazirlik ha. Bütün bunlar da azmış kimi, de ki, “pulu onlayn formada hesaba köçürəcəyik”. Hansı hesaba? Kimin hesabına? Mən hesab nömrəsi vermişəm sənə?

 

P.S. Kimdəsə bank kartı olmasa belə, ən azı qardaşının, bacısının, nə bilim, hansısa ailə üzvünün varıdır. Yaşlılarda da demək olar ki, pensiya kartı var, ora köçürmək olar. O da olmadısa, hansısa bankın hesabına köçür və vətəndaşa bildir ki, filan banka yaxınlaş və bu kodu təqdim edərək 190 AZN al”.

 

Əzizə İsmayılova: “Deməklə heç nə dəyişməsə də, amma baxıram ki, deməsəm, olmaz. Deməli o boyda nazirlikdir, 190 manat üçün neçə gündür, camaatı girinc ediblər. Suallara cavab tapa bilmirsən – bu, ayrı bir dərddir. İndiyə kimi deyirdilər ki, "nömrə hərənin öz adına olmalıdır", indi deyirlər "yox, bunun məsələyə dəxli yoxdur, kimin adına olur olsun, əsas odur ki, qeydiyyatdan keçənin işlətdiyi olsun ki, əlaqə yaradıla bilsin". Kim deyirdi, bilinmir. Kiməsə deyiblər, o kimsə də kiməsə deyib. Heç bir vəhclə dəqiqləşdirə bilməzsən, mümkünsüzdür.

 

Olmazdı ki, bu prosesi 2 dənə 1 dəqiqəlik video ilə izah edib, heç olmasa, səhifənizdə paylaşasınız? Heç kimin sualına cavab vermirsiniz, barı 2-cə dənə izahlı video hazırlayın, yayaq da. Yazıq deyilmi bu millət? 190 manata görə burnundan gətirdiniz mədələrinin acı suyunu.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlə məşğul olmalı aidiyyəti adamlarınıza sual verin ki, əhali ilə nazirlik arasındakı kommunikasiyanı kim və nə vaxt qurmalıdır? Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti də sizin kimi qurumdur. Hər məsələ barədə qurum rəhbəri şəxsən canlı yayım edir, sualları tək-tək cavablandırır. Təkcə 8103 nömrəsinə SMS-lə bağlı girin, görün neçə və necə izah veriblər. Niyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və s. kimi gündəmin ortasında olan qurumlarla kommunikasiya problemi yoxdur? Hansına sual ünvanlasan, cikinə-bikinə kimi izah edirlər. Niyə sizə çatanda dağa-bağa düşürük? Varmı bir izahı?”

 

Mahir Ələkbərov: “Deməli, günlərdir anam üçün e-sosial.az saytında qeydiyyatdan keçməyə çalışıram, amma sistemdə xəta baş verdiyi üçün alınmırdı. Bir az əvvəl yenidən cəhd etdim, bu dəfə də Sabirabad qeydiyyatı olanlar üçün qeydiyyat tamamlanmışdı. Bu, nə deməkdir? İnsanlara niyə bu qədər əziyyət verib, ehtiyaclı, kasıb, olduğunu üzünə vurursunuz? İnsanlar hansı ümidlərlə pul alacağını düşünürdülər, amma sizin bərbad, səriştəsiz və yararsız sisteminiz ucbatından bundan da oldu. Necə vicdanınız rahat ola bilir, axı? Fazil Talıbov, xoşunuza gəlir insanlar ac, kasıb durumda olanda? Xoşunuz gəlir, insanları çətin vəziyyətə salmaqdan? Bundan həzz alırsınız? Guya, siz indi işinizi peşəkar səviyyədə görüb tamamladınız da, hə? Anam günlərdir deyir ki, “dövlət bizə pul verəcək, dəstək olacaq”... Mənim üzüm gəlmir ona deməyə ki, “nə sən, nə də sənin kimi minlərlə insan bu dövlətin vecinədir! İnsanların ümidləri ilə oynamaqdan zövq alırsınız? Bəsdirin artıq! Bu qədər də vicdansızlıq olmaz!”

Tarix: 11-04-2020, 17:13
Xəbəri paylaş





Xəbər lenti