Millət vəkili: “Hökumət uşaqpulunu zamanında bərpa etsəydi, indiki ağır durum…”

 


“Hökumət uşaqpulunu zamanında bərpa etsəydi, indiki kimi ağır durum yaranmazdı”.
Gununsesi.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli 18 yaşadək uşaqların koronavirus pandemiyasında diqqətdən kənarda qalmasından danışarkən deyib.
Əli Məsimli bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə beynəlxalq praktikada tətbiq edilən məhdudlaşdırıcı və təcrid tədbirlərinin tətbiqi dünyada ən qiymətli şey olan insan həyatının qorunması üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də təbii surətdə bir sıra yeni iqtisadi və sosial problemləri gündəmə gətirib:
“Bu məsələyə münasibətdə pandemiyanın fəsadlarından maksimum qorunmaqdan ötrü birincisi karantin qaydalarına ciddi əməl edilməli. İkincisi isə bununla paralel surətdə həm də təcrid vəziyyətinə düşüb evində pul və ərzaq ehtiyatı olmayan imkansız ailələrə təcili kömək göstərmək lazımdır. Çünki iqtisadiyyatımıza dəyən ziyanı optimal müddətdə aradan qaldıra biləcəyik. Amma səbəbindən asılı olmayaraq, koronavirusun yaratdığı fəsadlardan dünyasını dəyişənləri bir də yenidən bu dünyaya qaytarmaq mümkün olmayacaq. Ona görə də ən böyük sərvətimiz insan, ən böyük itkimiz də insanla bağlıdır. Müəyyən zaman itkilərindən sonra və xeyli məhdudiyyətlər tətbiq etməklə, artıq indi bu istiqamətdə 190 manatlıq yardım paketi verilməyə başlayıb. Həm də ayrı-ayrı qurumlar, imkanı olan adamlar da həmin prosesə qoşulub, imkansızlara dəstək olmağa başlayıblar”.
Əli Məsimlinin sözlərinə görə, elə ailələr var ki, bir nəfər işləyir və həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə narazılıq yaradıb:
“Amma hazırda hökumətin təqdim etdiyi sosial paket hələ bu yöndə görülməsi vacib olan işlərin ilkin variantıdır və çox güman ki, reaksituasıya, konkret təlabatlar və bu yöndə əsaslandırılmış təkliflərin köməyi ilə genişləndiriləcək. Məsələn, əgər 4 nəfərlik bir ailədə işləyən tək şəxs 250-300 manat alırsa, hər ailə üzvünə 63-75 manat pul düşür. Bu 2020-ci ilin yaşayış minimumundan 2,5-3 dəfə azdır. Açıq qalan bu cür məsələlər ətrafında gedən diskussiyalar göstərir ki, əvvala sosial sahəyə aid statistika, xüsusən də işsizlərin statistikası, uçot-hesabat sistemi əsaslı surətdə təkmilləşdirilməlidir.
İkincisi, bu cür problemlərə yanaşanda Azərbaycan üçün iki meyardan çıxış etmək olar: yəni, 2020-ci il üçün 160 manatlıq ehtiyac meyarı və 190 manatlıq yaşayış minimumu göstəricisi təsdiqlənib. Ailədə adambaşına orta gəlir 160 manatdan az olanda, həmin yardımı almaq üçün müəyyənləşdirilmiş şərtlərə uyğun gələn ailələrə ünvanlı sosial yardım (ÜSY) təyin edirlər. Son günlər bu yöndə iş intensivləşib. Həm ünvanlı sosial yardım almaq müddəti bitən ailələr üçün yardım almaq müddəti uzadılıb, həm də yeni ailələrə ÜSY təyin olunmağa başlayıb. 18 yaşı tamam olan, lakin işləməyənlərə də yardım nəzərdə tutulub. Bu da yaxşıdı… Əgər sözügedən addım, eləcə də ÜSY təyinatı və verilməsi proseduru müəyyən vaxt aparırsa, onda həmin 190 manatın təcili surətdə çatdırılması çox vacib olan ailələrə də bunu tətbiq etmək olar. Hansı ailənin adambaşına orta gəliri 160 manatdan aşağıdırsa, onlara indi təcili surətdə 2 ay müddətinə 190 manatlıq yardım edilsin, sonra isə ÜSY alanlar siyahısına salınsın və belə ailələr ÜSY-la təmin olunsun. Bu sahədə həm hazırkı yoxsul təbəqəni pandemiyanın sosial xarakterli fəsadlarından qorumaq və həm də bundan sonra belə mürəkkəb durum yaranmasının qarşısının indidən alınması baxımından post-pandemiya mərhələsi üçün optimal həlli xüsusi əhəmiyyət kəsb edən “uşaqpulu”nun bərpası məsələsinin də həllinin sürətləndirilməsini zəruri hesab edirik. Bunu əyani təsəvvür etməkdən ötrü, gəlin iki situasiyanı müqayisə edək: imkansız ailələrə təcili köməklə bağlı indiki vəziyyət necədir və əgər biz uşaqpulunun bərpası məsələsini bu pandemiya problemi ortaya çıxana qədər, məsələn 2019-cu ildə həll etmiş olsaydıq, imkansız ailələrə köməyin təcili surətdə vaxtında çatdırılmasının vəziyyəti necə olardı? Hökumət uşaqpulunu zamanında bərpa etsəydi, imkansız ailərə köməyin təcili surətdə vaxtında çatdırılmasının vəziyyətində indiki kimi ağır durum yaranmazdı. Əsasən kölgə iqtisadiyyatının yaratdığı problemlərlə bağlı uçotda olmayan bir qisim insana yardım etmək zərurəti qalardı. Bunu etmək isə indikindən qat-qat asan və az maliyyə tutumlu olardı. Bax, ona görə də koronavirus hadisəsindən sonra hökumət bu müqayisəni edib uşaqpulunu bərpa etsə, indi yaranmış problemlərin çoxu avtomatik öz həllini tapacaq”.
Deputatın fikrincə, təcili köməyə ehtiyacı olan ailələrə dəstək verilməsinin optimal yolu uşaqpulunun bərpasından keçir:
“Təbbi ki, uşaqpulu kimi maliyyə tutumlu bir məsələni indi operativ həll etmək çətin, amma bu üsul daha faydalı olduğundan, post-pandemiya mərhələsində həlli vacib olan problemlər sırasında öndə getməlidır. ”Uşaq pulu”nun bərpası proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan “uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara 3 aylıq müavinət verilməsini zəruri hesab edirik. Hazırda həm Bakıda, həm də regionlarda buna bənzər yardım işlərinin başlanmasını yüksək qiymətləndirir və daha çox qurumları və imkanlı insanların bu xeyirxah əmələ qosulmasını çox zəruri və həm də milli, dini dəyərlərimiz baxımından çox savab iş hesab edirik. Biz milli dəyərlərimizə daim hörmət edən xalqıq və bu dəfə də əsirlərin sınağından çıxmış milli dəyərlərimizi nümayış etdirə biləcəyik. Bu istiqamətdə həmrəyliyimizi gücləndirməli, həm dövlət xətti, həm də təşəbbüs göstərənlərin etməyə başladığı dəstəyin dairəsini genişləndirməliyik ki, pandemiyanın fəsadlarından ziyan çəkən insanlarmızın heç biri, xüsusən də ən böyük dəyərimiz olan uşaqlar bu cür dəstəkədən kənarda qalmasın. Yəni, güc birlikdədir, bir olaq, həmrəy olaq, karantin qaydalarına əməl etməklə həm yaxınlarımızı, uşaqlarımızı bu bəlaya düçar olmaqdan qoruyaq, həm də dövlətlə yanaşı digər qurumlar və imkanlı adamlar da imkansızlara dəstək olmalııdr ki, bir nəfər belə diqqətdən kənarda qalmasın. Xalqımız bu ağır imtahandan üzüağ çıxsın və perspektivlərə doğru hərəkət üçün cismanı və ruhi baxımdan sağlam çıxsın”.
Tarix: 13-04-2020, 21:18
Xəbəri paylaş





Xəbər lenti