Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar elan olunan karantin rejimi davam edir. Karantinin qaydalarına uyğun olaraq, insanlara küçəyə çıxma yasağı tətbiq edilib, ictimai hərəkət məhdudlaşdırılıb. İş yerlərinin müvəqqəti fəaliyyətini dayandırması səbəbilə əhalinin maddi problemlərini, çətinliklərini aradan qaldırmaq üçün dövlət zəruri addımlar atır, sosial layihələr həyata keçirir. Bu addımların fonunda maddi durumu aşağı olan vətəndaşlara, imkansız ailələrə sosial yardımlar həyata keçirildi. Lakin bu kimi tədbirlər müsbət məqamlarla yanaşı mənfiliklərin üzə çıxmasına da şərait yaratdı. İmkansız ailələr üçün ayrılan sosial yardımlardan sui-istifadə etməyə çalışanlar, hər şeyi dövlətdən gözləyərək, qınaq obyektinə çevirənlər də oldu. Mövcud vəziyyəti şərh edən bəzi ekspertlər isə yardımların insanlarda bir növ ələbaxımlılıq yaratdığını iddia etdilər.
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatları isə səsləndirilən fikirlərlə razılaşmadıqlarını ifadə ediblər.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ölkənin pandemiya ilə üz-üzə olduğu bir dönəmdə vətəndaşlıq mövqeyinin önəmli rol oynadığını xatırladıb:
“Hər hansı fəlakətdən, qorxunc haldan, xəstəlikdən, faciədən şəxsi məqsədlər üçün istifadə etmək vətəndaşlıq deyil. Bu, vicdansız insanların edə biləcəyi əməldir. İnsanları çox zaman çətinlik, dərd birləşdirir. Bu gün isə Azərbaycan çətinlik qarşısındadır. Azərbaycan hökuməti, ölkə başçısı bu çətindliyi aradan qaldırmaq üçün mühüm tədbirlərə əl atdı. Müəyyən layihələr həyata keçirildi, insanlara mühüm güzəştlər edildi, aztəminatlı ailələrə yardım olundu. Əhalinin sağlamlığının qorunması üçün çoxlu xəstəxanalar açıldı, tibbi ləvazimatlar gətirildi və s.
Belə bir çətin vəziyyətdə imkansız ailələr üçün ayrılan vəsaitdən yararlanmaq istəyən imkanlı şəxslər də var. Hesab edirəm ki, bu fikirdə olan şəxslər Azərbaycan vətəndaşı deyillər. Maarifləndirmə aparmaq belə bu insanları haqq yoluna qaytarmağa kifayət etməz. Maddi imkanı normal olduğu halda dövlətin ayırdığı vəsaitdən sui-istifadə etməyə çalışanlar ifşa olunmalıdır”.
T.Rzayev hesab edir ki, insanların ələbaxımlılığa meyillənməsi, yardımlardan sui-istifadə etməyə çalışması yeni üzə çıxan xarakter deyil:
“Qarabağ müharibəsi zamanı məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərində indikindən çətin durum mövcud idi. İnanın ki, Bakıda yaşayan imkanlı adamlar, maşını, evi-eşiyi olan şəxslər sırf qaçqınlara paylanan ərzaq yardımını almaq üçün şəhərciyə gəlirdilər. Nəinki özünə ayrılan ərzağı, hətta qohum-qonşusunun payına düşəni də onun kartı ilə alıb aparanlar olurdu. Düşünün, insanın ehtiyacı olmadığı halda 1-2 paket ərzağa görə maşın sürüb, çadır şəhərciyinə getsin. Hər fürsətdən qoparmağa çalışmaq bəzi insanların xarakteridir”.
Deputat Rasim Musabəyov isə dövlətin dəstəyinə ehtiyacı olan ailələrin olduğunu istisna etməyib. O hesab edir ki, bu dəstəyə öyrəşən, daim hər şeyi dövlətdən gözləyən insanlar çox azdır:
“Mən hesab etmirəm ki, hazırkı vəziyyətdə ehtiyacı olmadığı halda yardım almaq istəyən ailələr olsun. Düzdür, fürsətdən istifadə etməyə çalışanlar ola bilər. Ancaq ehtiyacı olmasa idi, buna cəhd edərdilərmi? Gəlin, qınamayaq. İnsanlar anlamalıdır ki, dövlət yardımı ailələr çətin duruma düşməsin deyə edir. Karantin dönəmi bitəndən sonra, həyat öz axarına qayıdacaq. İnsanlar yenidən çalışıb, öz çörəkpulunu qazanacaq. Ona görə, dövlətin dəstəyinə öyrəşib, ələbaxımlılığa alışan insanların çox olmadığını düşünürəm”.
Deputat Nurlan Həsənov insanların hər şeyi dövlətdən gözlədiyini düşünmür:
“Pandemiya dönəmində mən özüm də dairəmdə ehtiyacı olan ailələrə yardım edilməsinə çalışıram. Əsasən tək yaşayan, yaşlı insanlara köməklik göstərməyə çalışırıq. Mən düşünmürəm ki, Azərbaycan cəmiyyətində insanlar dövlətdən hazır kömək gözləyir, çətin vəziyyətdən çıxmağa çalışırlar. Ola bilər ki, dövlətin göstərdiyi yardımlardan sui-istifadə etməyə çalışan tək-tük şəxslər olsun. Amma bu kütləvi hal deyil. İnsanlar zəhmətkeşdirlər. Sadəcə biz dövlət olaraq, təsərrüfata, sahibkarlıqla, fərdi əməklə məşğul olan insanlara dəstək olmalıyıq, istiqamət göstərməliyik. Yeni iş yerlərinin açılması, koronavirus dönəmi bitəndən sonra da insanların normal fəaliyyətə qayıtması üçün addımlar ata bilərik.
Dövlətin ayırdığı sosial vəsaiti almağa çalışan, bir qədər də sui-istifadə etmək istəyən insanlar ola bilər Amma gəlin, bir-birinə dəstək olan insanları da qeyd edək. Hər bir cəmiyyətdə kiçik də olsa mənfi hallar ola bilər. Halbuki, karantin dönəmi bir daha göstərdi ki, yaxşı insanlar da var. Maddi durumu aşağı olan ailələrə, ehtiyacı olanlara yardım edən, dəstək göstərən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığı qədər ianə yatıran insanlar karantin dönəmində az olmadı. Biz bu müsbət məqamları nümunə üçün qeyd edə bilərik”.
Tarix: 15-04-2020, 11:50