190 MANAT YARDIMI ALA BİLMƏYƏN İŞSİZLƏR – Onlar üçün çıxış yolu GÖRÜNMÜR



Hələ 4-5 il öncə bir çox müəssisələrdə öz hesablarına məzuniyyətə göndərilmiş işçilərlə bağlanmış əmək müqavilələri ləğv edilməyib. Sonrakı illərdə də bu prosesin davam edib və müxtəlif səbəblərdən VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) almış vətəndaşları da əhatə edir.

“AzPolitika.info”-ya müraciət edən Elşən Səfərov bildirir ki, 2015-ci ildə ofisiant kimi çalışdığı restoran ondan VÖEN açdırmağı tələb edib: “Mən də bu tələbi yerinə yetirib vergi ödəyicisi kimi qeydiyyatdan keçdim. Daha sonra məlumatım olmadı, mənimlə xidməti müqavilə də bağlanılmadı. 

Bu günlərdə dövlətin ayırdığı birdəfəlik 190 manat müavinəti almaq üçün e.sosial.gov.az portalına müraciət etdikdə mənfi cavab verildi. Bildirildi ki, adıma VÖEN olduğuna görə mənə yardım düşmür. Vergilər Xidmətinə müraciət etdim, oradan dedilər ki, çalışdığım restoran mənim adımı da kompensasiya üçün ünvanlandığı müraciətə daxil edərsə, o zaman muzdla çalışanlar üçün ayrılan dəstəkdən faydalana bilərəm. Restoranla maraqlandım, bildirdilər ki, məni heç zaman işçi personalına daxil etməyiblər”.

"Əmək müqavilələri sistemdə qalır, sadəcə, maaş almırlar"

Şikayətçi deyir ki, o VÖEN-i ləğv etdirməli və yenidən e.sosial.gov.az saytına müraciət etməlidir: “Restoranlarda çalışan minlərlə ofisiantın mütləq əksəriyyəti mənimlə eyni durumdadırlar. İş bağlanıb, nə yardım ala bilirlər, nə də başqa məşğuliyyət var. Qarşıdakı may ayında karantin götürülsə belə orucluq olduğuna görə iş yoxdur”.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıİcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Tuan" agentliyinə deyib ki, Azərbaycanın əmək qanunvericiliyi ilə işçilərin kütləvi ixtisar edilməsi qadağandır. Onun sözlərinə görə, amma hansısa böhran və ya müəssisədə işin azalması səbəbi ilə işəgötürən vəziyyətdən çıxa bilmək üçün işçilərin bir hissəsini ödənişsiz məzuniyyətə göndərir: "Bu, işçilərə ümid kimi qalır ki, iş yeri var, əvvəl-axır işə çağıracaqlar. Əmək müqavilələri sistemdə qalır, sadəcə, maaş almırlar".

O, qeyd edib ki, belə fors-major vəziyyət yarandıqda, yəni, müavinət üçün müraciət lazım gəldikdə əmək müqaviləsi olduğuna görə imtina cavabı verilir:"Mahiyyəti bilmirlər. Mənə bu məsələ ilə bağlı belə müraciətlər olmuşdu. Ona görə bildirdim ki, kimin işsiz olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığorta ödənişləri ilə müəyyən edə bilər".

"VÖEN-i dondurur, amma..."

VÖEN ilə bağlı məsələyə gəlincə isə, S. Məmmədov deyib ki, çoxları bunu bağlamır, sadəcə, "lazım olar" baxımından dondurur, amma sistemdə şəxs vergi ödəyicisi kimi görünür:"Əslində, faktiki olaraq elə VÖEN-lər var ki, illərdir dondurulub, fəaliyyət də yoxdur. Amma sistemdə vergi ödəyicisi kimi görünür. Ona görə belə şəxslərə avtomatik imtina cavabı verilir".

S. Məmmədov vurğulayıb ki, işsizliyə görə müavinətlərin kütləvi ödənişi bu məsələdə problemləri də üzə çıxarıb. Onun sözlərinə görə, bu problemlər yavaş-yavaş aradan qaldırılmaqdadır.

Bu fikirlərə, hələlik, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb.



VHP sədri, deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Azadlıq” radiosuna deyib ki, burada əsas məsələ müqavilənin olub-olmaması yox, insanın düşdüyü ağır vəziyyətdən çıxarılmasıdır: "Burada qəti mövqe ancaq budur ki, hər cür bürokratik əngəlləri, müqavilə olub-olmaması və sairə məsələləri bir kənara qoyaraq ağır vəziyyətdə olan insanlara ucdantutma yardım edilməlidir".

Deputat daha sonra da əlavə edib: "Lap tutaq ki, şəxsin hansısa sənədləri yoxdur, bundan ötrü acından ölməlidir? Bu problemlərini həll edə bilməyən insanlar bizə də müraciətlər edirlər ki, belə halda nə etsinlər? Müavinəti ala bilmək üçün mürəkkəb proses qurulub. Əvvəlcə yardım 200 min insana nəzərdə tutulmuşdu. İndi bu 600 min nəfərə qaldırılıb. Bu müvəqqəti çətinlikdən çıxmaq üçün insanlara yardım olunmalıdır".

Xatırladaq ki, Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı ilkin olaraq 1 milyard manat ayrılıb. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.
Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədəər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər. Habelə, pay torpaqlarına görə subsidiya almışşəxslərə də bu yardımın edilməyəcəyi qeyd edildi. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslər də bu yardımdan kənarda qalıb.

Ötən həftə isə prezident göstəriş verib ki, həmin 190 manatı alan şəxslərin sayı 600 minəçatdırılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55.1 milyon manatdır.

Yardımın aprel və may ayları üzrə verilməsi nəzərdə tutulur. 

"Aprel ayı üzrə ödənişlərin bu ayın (aprel) sonu  gələn ayıəvvəlləri yekunlaşdırılması təmin olunacaq", - nazirlik vurğulayıb.


Tarix: 23-04-2020, 11:10
Xəbəri paylaş





Xəbər lenti