“Azərişıq” qapısı bağlı obyektlərə hücuma keçib – Borclu abonentlərə vaxt verilmir



Koronavirus epidemiyası ilə bağlı hazırda hökumətin əhaliyə və sahibkarlıq subyektlərinə yardıma hesablanan sosial siyasətinə qarşı çıxan qurumlardan biri də “Azərişıq” ASC sayıla bilər. İstər sıravi vətəndaşların, istərsə də sahibkarlıq subyektlərinin böyük çətinliklərlə üz-üzə qaldığı hazırkı dönəmdə, “Azərişıq” özünəməxsus “cəza tədbirlərindən” vaz keçmək istəmir.

“AzPolitika.info” xəbər verir ki, paytaxt Bakının elektrik enerjisi ilə təchizatına cavabdeh olan “Azərişıq” artıq 5-ci gündür ki, Xətai rayonu ərazisindəki “Amay” Ticarət Mərkəzinin və ətraf obyektlərin elektrik enerjisilə təminatını dayandırıb. Səbəb olaraq, onların “Azərişıq” ASC-yə olan elektrik borcu göstərilir. Belə şikayətlər həmçinin Bakının müxtəlif ərazilərindən də gəlir. “Azərişıq”ın əməkdaşları borcu olan ticarət və iaşə obyektlərinə vaxt vermək istəmir və onların elektrik enerjisi ilə təminatını dayandırır.

Ancaq məsələ ondadır ki, koronavirus pandemiyası səbəbindən əksər obyektlərdə, o cümlədən də 5 gündür işığı kəsilən “Amay” Ticarət Mərkəzində elektrik sərfiyyatı minimuma enib. Abunəçilərin çoxu, az qala 90 faizi ümumiyyətlə fəaliyyət göstərmir. Faktiki olaraq, çox az sayda abunəçi fəaliyyətdədir ki, onlardan biri də “AzPolitika.info”-nun “Amay” Ticarət Mərkəzində yerləşən redaksiyasıdır. Artıq 5-ci gündür ki, “Amay”-ın “Azərişıq” ASC-yə borcu olduğu üçün ümumilikdə binanın işığı kəsilib. Nəticədə redaksiyamızın heç bir elektrik borcu olmamasına baxmayaraq, 5 gündür ki, “AzPolitika.info” özünun bu binadakı ofisində fəaliyyət göstərə bilmir.



Qeyd etdiyimiz kimi, pandemiya səbəbilə işləmədiyindən obyektlərin əksəriyyətinin elektrik sərfiyyatının onsuz da minimuma endiyi bir vaxtda “Azərişıq” ASC-nin bu addımı az qala təxribat xarakteri daşımaqdadır. Çünki faktiki olaraq, indiki həssas dönəmdə atılan bu addım insanlarda, sahibkarlıq subyektlərində qıcıq və narazılıq yaratmaqdan başqa heç nəyə xidmət etmir. Hökumət vergi güzəştləri, yardım xarakterli sosial ödəmələr və əhalinin bu durumdan az itkilərlə çıxmasına yönələn digər tədbirlər həyata keçirdiyi bir vaxtda “Azərişıq” ASC-nin rəhbərliyi borclu abonentləri cəzalandırmaq siyasətindən əl çəkmir. Ən azından mayın 4-nə, yəni elan olunan karantin müddəti başa çatana qədər bu cəza tədbirlərini təxirə salmaq olardı.

Qeyd edək ki, bu, “Azərişıq” ASC-nin pandemiya dövründə atdığı ilk belə addım deyil. Bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində də çoxlu sayda sahibkarlıq subyektinin elektrik enerjisi ilə təminatı kütləvi şəkildə dayandırılmışdı. Yalnız həmin ərazidən millət vəkili seçilən Adil Əliyevin müdaxiləsindən sonra elektrik təminatı bərpa olunmuşdu.


Tarix: 24-04-2020, 16:41
Xəbəri paylaş





Xəbər lenti