“Adına maşın var… Maşını doğrayıb yeyəcəm?” – Ekspertdən sərt tənqid

           
“Adına maşın var… Maşını doğrayıb yeyəcəm?” – Ekspertdən sərt tənqid
“Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verməlidir”.

Teref.az xəbər verir ki, Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı adında nəqliyyat vasitələri olan işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın veilməsi ilə bağlı imtina mesajından danışarkən deyib. Elməddin Muradlının sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin sosial müdafiəsini yüksəltmək əvəzinə əhalini psixoloji cəhətdən gərginliyə salırlar:

“Başa düşmək olmur nə məsələdir? Tanıdığım adamlar var ki, özünün və qardaşının adında nəqliyyat vasitəsi var, amma onların hər birinə 190 manat yardım ayrılıb. İlk günlər belə adamların hər birinə yardım verilib. Amma son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə fikirləşibsə, belə adamlara 190 manat yardımdan imtina edilməsi ilə bağlı mesaj göndərib. Vətəndaşlar da haqlı olaraq deyir ki, mən maşını döğrayıb yeyəcəm? Dövlət 190 manat yardım verir ki, karantin dövründə evdən çölə çıxma, verdiyim bu pulu bazarlıq elə, dolan. Bir aydan sonra isə deyirsən ki adında maşın var, sənə 190 manat yardım düşmür. Maşın deyib durmusunuz, gəlin bir baxın görün ona maşın demək mümkündür? Sizin də qapınızda 100 dənə maşın var, amma gözünüz doymur. Bu əsas olmamalıdır. Elə adam var ki, adında maşını yoxdur. Subay qızlara “ərinizin adına maşın var” mesajı gəlib. Bu nə biabırcılıqdır? Bu nə sistem, nə isdir? Bunlar əhalinin sosial müdafiəsini yüksəltmək əvəzinə əhalini psixoloji cəhətdən gərginliyə salırlar. Əhaliyə stres yaşadırlar. Onların yardımla bağlı iş prinsipində sosial müdafiədən söhbət getmir. Ağıllarına nə gəlir, onu da edirlər”.

Elməddin Muradlı qeyd edib ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verməlidir:

“Əhali karantindən sonra kütləvi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verməlidir. Vəziyyətlərini də sübut etməlidirlər ki, həqiqətən 190 manat yardıma ehtiyacı olan adamlardır. Amma nazirlik əsassız olaraq hüquqlarını pozub, dövlətin verdiyi yardımı onlara verməyib”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edənlərin əksəriyyətinə imtina mesajı ünvanlayıb. Nazirlik buna səbəb kimi həmin şəxslərin adında nəqliyyat vasitəsi olduğunu səbəb gətirib.
Tarix: 30-04-2020, 16:26
Xəbəri paylaş





Xəbər lenti