Sahil Babayevi bitirsə, elə öz mətbuat xidməti bitirəcək... - Virtual POLEMİKA...
ƏƏSMN mətbuat xidmətinin rəhbəri Fazil Talıbov birdəfəlik ödəmə (190 manat) ilə bağlı sosial şəbəkə səhifələrində müzakirə olunan bəzi məsələlərə dair izahları təqdim edib.
Bildirib ki, imtina SMS-lərində şəxsin özünün və ya həyat yoldaşının adına ev, maşın, əmək müqaviləsi, aktiv VÖEN, pay torpağı və s. olması barədə qeyd edilən məlumatlar aidiyyəti dövlət qurumlarının rəsmi informasiya ehtiyatlarından əldə edilir.
İndi isə biz hörmətli Talıbovun gətirdiyi "arqumentlərə" münasibətimizi bildirək. Qarşısında qırmızı nida olan nazirlik rəsmisinin açıqlaması, - olan isə bizim rəylərimizdir:
❗️Vəfat etmiş şəxslər barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Bu barədə yayılan məlumatlar araşdırıldıqca ortaya çıxan mənzərə onu göstərir ki, vətəndaşlar elektron qeydiyyat zamanı vəfat etmiş şəxsin məlumatları yerinə öz yaxın qohumlarının FİN məlumatlarını daxil edib. Elektron sistem də avtomatik olaraq daxil edilən FİN üzərindən araşdırma apararaq qeyd edilən şəxsin məlumatları əsasında şəxsin aktiv əmək müqaviləsinin olduğu, adında və ya istifadəsində iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı və s. bu kimi səbələrdən imtina qərarı vermiş olur;
- Tanıdığımız onlarla insan var ki, başqasının deyil, özünün şəxsiyyət vəsiqəsini yazıb, nəticə yenə eynidir: imtina!
❗️Nigah münasibətlərinin pozulması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Nigah münasibətlərinin pozulmasına baxmayaraq vətəndaşa ər və ya arvadla bağlı məlumatlar əsasında imtina edilməsinin əsas səbəbi onların ailə vəziyyəti ilə bağlı şəxsiyyət vəsiqələrini dəyişdirməməsidir. Belə ki, e-sistem onu şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən “evli” kimi tanıyır. Mövcud şəxsiyyət vəsiqəsində (şəxs boşansa belə) evli kimi qeyd edilən şəxslərdən birinin birdəfəlik ödəmə ilə bağlı meyarlara uyğun gəlməməsi avtomatik olaraq keçmiş ər və ya arvada da imtina qərarının getməsinə səbəb olur;
- Çox yaxın qohumum 5 il əvvəl boşanıb, şəxsiyyət vəsiqəsini də dəyişib, yenə eyni cavab alıb: imtina!
❗️Birdəfəlik ödəmə üçün müraciət etməyən və ya edən şəxsin mobil nömrəsinə digər şəxs barədə göndərilən SMS-lərlə bağlı: Bu halın baş verməsinin əsas səbəbi vətəndaşın qeydiyyat zamanı əlaqə vasitələrini düzgün daxil etməməsidir. Nazirliyin rəsmi facebook səhifəsinin messenger (inbox) bölməsinə daxil olan müraciətlərdə də aydın görünür ki, bəzi vətəndaşlar mobil nömrələrini səhv daxil etmiş və düzəliş edilməsini xahiş edirlər. Vətəndaşlar belə hallarla bağlı 142 – Çağrı Mərkəzinə və ya rayon (şəhər) Məşğulluq Mərkəzlərinə məlumat verməlidirlər;
- 142-yə 142 dəfə zəng etdik, düşə bilmədik. Bu dövrdə operatorların sayını artırmalı idi nazirlik, artırmadı.
❗️İstifadəsində və ya adında avtomobilin olmaması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Mümkündür ki, siz hazırda nəqliyyat vasitəsi istifadə etmirsiniz, lakin etibarnamə əsasında elektron sistemdə nəqliyyat vasitəsinin istifadəçisi kimi görünə bilirsiniz. Yaxud maşını etibarnamə ilə kiməsə satmısınız, lakin həmin avtomobil sizin adınızdadır. Müvafiq sorğu əsasında Daxili İşlər Nazirliyinin elektron sistemindən əldə edilən məlumat əsasında bu, müəyyən olunur və vətəndaşa da aidiyyəti məzmunda SMS göndərilir;
- Əvvəla, NK-nın açıqladığı meyarlarda adına avtomobil və mənzil olanlara yardım verilməyəcək deyə bir müddəa yox idi. Heç vaxt adına avtomobil olmayan bir neçə şəxs tanıyıram ki, eyni məzmunda mesaj alıb.
❗️Əmək müqaviləsinin olması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Qeyd edim ki, həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilir. Həmin vətəndaşlar iddia edə bilər ki, mən artıq işdən çıxmışam, niyə mənim müqaviləm qüvvədədir. Bildirim ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir. Dövlət orqanının işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir;
- Absurd! Dövlət orqanının birbaşa vəzifə borcudur ki, işəgötürənin sistemə daxil etdiyi müqavilələr üzrə sosial sığorta ödəyib-ödəmədiyinə nəzarət etsin. "Ölü" əmək müqavilələrinə görə birbaşa məsuliyyəti ƏƏSNN və nüvafiq qurumları daşıyır! Bu cavab sizi batıra bilər.
❗️Subay olduqları halda ailəli şəxs kimi yanlış imtina göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Daha öncə göndərilən SMS-lərdəki köhnə mətnin məzmunu müraciət edən subaydısa özünə, evlidirsə özünə və ya həyat yoldaşına aid edilməlidir. Hazırda isə həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılır. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur.
- Heç olmasa bircə məqamda arxanızı yerə vurub SMS-ləri yanlış göndərdiyinizi etiraf etsəydiniz, bəlkə bir az inandırıcı olardı yazdıqlarınız.
P.S. İnsanlara həyat yoldaşı ilə bağlı məlumatı təhrif etmək yarlığını yapışdırmısınız, ona da aydınlıq gətirin! Şöbənizin əməkdaşına fakt təqdim etmişəm, cavab gözləyirəm. Hebibe Abdulla AFN saytının baş redaktoru