190 manatla bağlı çox insan ümidsiz qaldı - "Nazirlik isə əlləzinə oxuyur"
Baş nazir Əli Əsədov mayın 2-də “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə əmr imzalayıb.
Təqdir ediləsi addımdır. İnanırıq ki, bu qərar əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsindəki bürokratik əngəlləri aradan qaldıracaq. Çünki COVİD-19 pandemiyası ilə bağlı elan olunan karantin dövründə əhalinin sosial müdafiəsi ilə əlaqədar respublika Prezidentinin göstərişlərinin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətində ciddi nöqsanlar üzə çıxdı.
Təbii ki, bu da yerlərdə haqlı narazılığa səbəb oldu. VƏTƏNDAŞ – DÖVLƏT münasibətləri nazirliyin səbatsız fəaliyyəti sayəsində zərər gördü. Karantin dövründə əhali ilə işləməli olan əsas dövlət qurumlarından biri ƏƏSMN birmənalı şəkildə qapılarını vətəndaşlarının üzünə bağladı. Baxmayaraq ki, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən bir çox dövlət qurumlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına hərəkət sərbəstliyi verildi. Bu qərardan sonra gözlənilirdi ki, nazirlik və onun yerli qurumları gücləndirilmiş iş rejimində çalışacaq.
Çox təəssüf ki, belə olmadı. Nazirlik əməkdaşları bağlı qapılar arxasına çəkildi. Ölkə başçısının göstərişlərinə inanıb-sevinənlər üz tutdular nazirliyin yerli qurumlarına. Yerli qurumlarda isə vətəndaşları nazirlik əməkdaşları yox, çoxsaylı polis əməkdaşları qarşıladı. Onların da gələnlərə tək bir cavabı var: “Mayın 5-dək idarə işləmir”.
Maraqlıdır, bəs onda Nazirlər Kabinetinin 122 saylı qərarı niyə bir kənara atıldı?! Axı qərara əsasən bu qurumların bütün əməkdaşları saat 9-00-dan 18-00-dək iş başında olmalı, vətəndaşların xidmətində durmalıydılar. Amma belə olmadı. Nazirlik ilk gündən mühafizəkarlıq etdi. Əhaliyə bildirildi ki, bütün müraciətlər elektron qaydada aparılır. Edilən müraciətlərə isə əsasən başdansovdu cavablar verildi. Bir qisim insanlara dedilər ki, sənin adına maşın var. Bir qisminə dedilər ki, vergi ödəyicisisən. Bir qisim müraciətlərə isə, ümumiyyətlə, cavab verilmədi. Və yaxud cavab verməyi artıq bildilər. Halbuki aprelin əvvəlində hökumət tərəfindən hansı insanların müavinət ala biləcəyi aydın şəkildə izah edilmişdi.
Həmin izahda VEÖN, maşın və digər uydurma bəhanələr yox idi. Bir sözlə, nazirliyin son vaxtlar nümayiş etdirdiyi mövqe nə dövlət işçisinin əxlaq kodeksinə, nə də insanlığa sığır. Mərhəmət və barışıq ayı olan Ramazanda belə möqe nümayiş etdirmək isə heç müsəlmançılığa da yaraşmır. Belə həssas məqamda nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının məntiqsiz və bayağı açıqlamaları da əhali arasında az hiddət doğurmadı.
Yeri gəlmişkən onu da deyək ki, Fazil müəllimin bu gün əsas işlərindən biri sosial şəbəkələrdə nazirlik haqqında hiddətlə yazılan fikirləri və şərhləri bloklamaqdır. Lakin “görünən dağa bələdçi” lazım deyil. Hami hər şeyi çox gözəl bilir. Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bu günlərdə belə hallara qarşı iqtidarın mövqeyini çox aydın ifadə etdi. Hörmətli millət vəkili bildirdi ki, “Karantin dövründə gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.
Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi fikirlər ƏƏSMN üçün də son xəbərdarlıq kimi qiymətləndirilməlidir. Ölkə başçısı videoqəbulda bir daha bəyan etdi: “Xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”. //konkret.az//