Dövlət, veteranlara əmək haqqının minimum səviyyəsindən 250 manatdan az olmayan dolanışığa təminat verir -TƏKLİF

Tanınmış hüquqşünas, Qarabağ Qazisi, AJB-nin üzvü, publisist, siyasi-ictimai aktiv Vüqar Dadaşov veteran, müharibə əlilləri, şəhid ailələrinin maddi və sosial təminatının yaxşılaşdırılmasına dair təkliflərlə müvafiq orqanlara müraciət edib. Həmin müraciət barədə Vüqar Dadaşovdan aldığımız məlumatı oxucularımıza təqdim edirik.
“Qarabağ müharibəsi veteranlarına, əlillərinə şəhidlərinə və onların ailə üzvlərinə dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq hansı güzəşt və imtiyazların edilməsi barədə son vaxtlar sualların çoxluğunu nəzərə alaraq bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışacam. İlk öncə deyim ki, bu haqda əhalinin məlumatı az olsa da, ölkə qanunvericiliyində və hüquqi aktlarda belə güzəşt və imtiyazlar müəyyən edilib. Həmin güzəşt və imtiyazlardan bəzilərin xatırlatmaq yerinə düşərdi.
“Veteranalar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən
“Veteranlar barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
sosial və hüquqi müdafiənin təmin edilməsi;
əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi;
fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması;
yaşayış sahəsi ilə təminat;
hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;
əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması;
veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsi,”
Veteranları daha çox narahat edən məsələlər: “mənzil-məişət şəraitinin yaxşılaşdırıkması”, “mənzil-komunal və rabitə xidmətlərinin ödənilməsi” müvafiq olaraq, “Veteranalar haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci və 12-ci maddəsinə əsasən dövlət tərəfindən həlli müəyyən edilib.
Digər, bir sıra qanunvericilik aktlarında da bu kateqoriyadan olan şəxslər və onların ailələri xüsusi imtiyazlara malikdir. Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Həmçinin Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Azərbaycan Respublikası Əmək Məcəlləsində də bu kateqoriyalı şəxslər imtiyazlara malikdir. Belə ki, Qarabağ müharibəsi veteranları, qaziləri və şəhidlərin ailə üzvləri Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər” dövlət rüsumu ödəməkdən azad olunurlar.
Qeyd edilənlərlə yanaşı, Cənab Prezident İlham Əliyev veteran, qazı, şəhid ailələrinə daimi xüsusi diqqət ayırır və bununla bağlı sərəncamlar, fərmanlar imzalayır, tapşırıqlar verir. Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında imzaladığı Sərəncam və eləcədə, 15.04.2019-cu il tarixdə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdün təsis edilməsi və onun aylıq məbləği 80 manat müəyyən olunması barədə Fərmanda həmin diqqətin sübutudur.
Dünyanı və eləcədə Azərbaycanı ağuşuna alan koronovirusla bağlı ölkəmizdə tətbiq olunan karantin dövründə, əhalinin müəyyən hissəsi gəlirlərdən məhrum oldu və bu situasiya, veteran və qazilərin ailələrinin maddi durumunun və sosial vəziyyətinin çox həssas olduğunu aşkarladı. Əksər veteran və qazı ailələrinin kirayələrdə yaşaması, işsizliyi, çoxlarının xəstə olması və 80 manat yeganə gəlirə görə onlara maddi yardımların imtinası çox xoşagəlməz vəziyyəti ortaya çıxardı. Veteran, qazı və şəhid ailələrin sosial vəziyyətinin həlli yerli icra hakimiyyəti orqanlarının ixtiyarında olduğundan və bu məsələlərin həlli üçün konkret dövlət proqramının olmaması vəziyyəti çətinləşdirmiş oldu. Düşünürəm ki, şahidi olduğumuz vəziyyətin aradan qaldırılması üçün artıq tədbirlərə start verilməlidir.
Bildiyimiz kimi, “Vetranlar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən
2020-ci il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. “Yaşayış minimumu haqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə isə ehtiyac meyarı 160 manatdır. Azərbaycan prezidentinin son sərəncamı ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.
Qeyd edilənlərlə yanaşı, nəzərə alsaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Veteranlar barəsində dövlət siyasəti, sosial və hüquqi müdafiənin təmin edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsidir. Bu baxımdan Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat, ehtiyac meyarı 160 manat olduğu halda veteranlara 80 manat təqaüdün verilməsi heç bir məntiqə və qanuna uyğun gəlmir. Hesab edirəm ki,
mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq veteranlara, əmək haqqının minimum səviyyəsindən yəni, 250 manatdan az olmayan miqdarda dolanışıq üçün müavinət ödənilməlidir.
Bundan başqa, “Vetranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən veteranların “yaşayış sahəsi ilə təminat”ı müəyyən edilmişdir. Sözsüz ki, bu məsələlərin həlli üçün bir başa dövlət başçımızın səyləri və tapşırıqlarına əsasında veteran və qazilər yaşayış yerləri ilə təmin edilirlər. Bu məsələdə yerli icra hakimiyyət orqanlarının fəaliyyəti isə yox səviyyəsindədir, məsələyə formal olaraq yanaşılır, sadəcə icra edilməyən Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil uçot siyahısı aparılır və bununla da iş bitir. Bəli, bir sıra veteranlar, qazilər, şəhid ailələri yerli icra hakimiyyət orqanları tərəfindən yaşayış yeri ilə təmin edilirlər ancaq, bu hal pərakəndə şəkildə və həddindən artıq az miqdarda baş tutur. Sözü gedən məsələnin həlli kompleks şəkildə, dəqiqləşdirilmiş norma və tələblər əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Qanunlarına, hüquqi normalara uyğun olaraq veteran, qazı, şəhid ailələrinin yaşayış sahəsi ilə təmin edilməsi üçün dövlət proqramı hazırlanmalı və bu proqram üzrə onlar müəyyən edilmiş konkret müddət ərzində yaşayış yeri ilə təmin edilməsi həyata keçirilməlidir. Sözsüz ki məsələnin həlli dövlət inzibati və qanunverici orqanların qarşılıqlı əlaqəsi sahəsində mümkündür. Buna görə də veteran, qazı, şəhid ailələrinin problemlərinin həlli üçün müvafiq orqanlara və Milli Məclisə paralel şəkildə müraciət edərək məsələnin həllini xahiş etmişik. Ümid varam ki, müvafiq orqanlar və hörmətli deputatlarımız bu məsələnin həllində veteran, qazı, şəhid ailələrinə dəstək olacaqlar və düşünürəm ki, sözü gedən sosial problemlərin həlinə vətənpərvərlik ruhunun qorunması, vətənə sevginin aşılanması prizmasından yanaşılacaq.”  

 Siam.az
Tarix: 6-05-2020, 20:55
Xəbəri paylaş





Xəbər lenti