Sahil Babayevin işçiləri "gül vurur..." - 1-ci qrup əlilə görün nə iş verirlər...
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və yanındakı qurumların Qarabağ müharibəsi veteranlarına, pensiyaçı hərbi qulluqçulara , əlillərə qarşı sosial “səlib yürüşü” davam edir. Fikir verin, Səhiyyə Nazirliyinin və ƏƏSMN -in birgə komissiyası Qarabağ əlillərinin qrup halında xaricdə müalicəyə göndərilməsinin təşkil edilməsini ƏƏSMN yanında DSMF-ə tapşırıb və müvafiq arayışı sözügedən fonda göndərib, lakin fondun direktor müavini Əminə Seyidzadə 3 ildir bildirir ki, ƏƏSMN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMADIĞINDAN ƏLİLLƏRİN MÜALİCƏSİNİN XARİCDƏ TƏŞKİLİ MÜMKÜN DEYİL! (?)" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Son iki ildə müalicəsiz əlillərin ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayətləri “aidiyyatı üzrə” ƏƏSMN -ə və oradan da DSMF-in direktor müavini Əminə Seyidzadənin özünə verilir və təbii ki, xanım məmur da “dedığım dedikdir” standart şablon cavabını təkrar edir. Evsiz əlillərin hətta məhkəmə qərarı ilə təsbit olunan mənzil təminatı hüququna da DSMF-in direktor müavini Əminə Seyidzadə , sosial təminat sektorunun müdiri Vüqar Behbudov, Rövizə Behbudova və digərləri mütəşəkkil dəstə şəklində qadağa qoyub. Təsəvvür edin, 2016-cı ildə qəbul edilən Bakı İnzibati Məhkəməsinin qərarının 12 il sonra 2028-ci ildə icra olunacağı bildirilir.
Bakı İnzibati Məhkəməsinin özü isə borclu ilə qeyri-prosessual münasibət sonucunda heç ilyarımdır tələbkarın ərizəsinə də baxmır! (?) İndiyədək maddi yardım görməyən 1-ci dərəcəli Qarabağ əlili ailəsinin koronavirus epidemiyası dövründə yardım diləyinə DSMF-in direktor müavini Əminə Seyidzadənin YARDIMIN NÖVBƏ İLƏ VERİLMƏSİNİ VƏ BAYRAM TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN DSMF-İN RAYON ŞÖBƏSİNDƏ NÖVBƏ TUTMASINI MƏSLƏHƏT GÖRMƏSİ dövlətin sosial siyasətinin sabotaj edilməsindən özgə, həm də əlillər barəsində ayrı-seçkilik kimi dəyərləndirilməlidir. DSMF-in koronavirusu bayram saymasına da, hələ ki, hüquqi qiymət verilməyib. Nə də ƏƏSMN mətbuat xidmətinin “əlləzinəsi” də oxunmayıb. Təsəvvür edin, konkret şəxsə- subay vətəndaşa “həyat yoldaşının barəsində” bildiriş gəlir , mətbuat katibi “əlləzinə” oxuyur ki, BİRİNCİ HİSSƏ SUBAYLARA, İKİNCİ HİSSƏ EVLİLƏRƏ AİDDİR. (?)”Tarixi-Nadiri” yarısınacan oxumuş Məşədi İbad bir yana qalsın, heç hüquq doktoru nazir Sahil Babayevin də bu “erməni budaq cümləsi”ndən nəsə başa düşəcəyi ehtimalı çox azdır.
İki ildir ƏƏSMN -ə işlə təminatı ilə bağlı yüzlərlə müraciət edən 1-ci dərəcəli, zabit Qarabağ əlilinə, axırı ki, nazirliyin məşğulluq xidməti iki gün öncə iş tapıb. Qarabağ döyüşlərində polkovnik rütbəsinə uyğun komandir vəzifəsində xidmət edən, ali savadlı elmi işçi Qarabağ əlilinə Nərimanov rayon məşğulluq idarəsi “JEK”də aylıq 250 manatlıq dezinfeksiyaedici fəhlə işi təklif edib! (?) Deyəsən, ƏƏSMN -in və yanındakı qurumların sosial məmurlarının vicdanlarının dezinfeksiya edilməsinə ehtiyac var. 23-24 ilin söhbətidir, ƏƏSM naziri Əli Nağıyev Qarabağ əlillərinin metro stansiyalarının giriş-çıxışında ayaqqabısilən işləmələrini təklif edəndə , jurnalist Zamin Hacı “əvvəlcə tüpürüb, sonra silməklə” cavab vermişdi. İndi də dezinfeksiya məhlululu- “Hacı tüpürcəyi” ilə məmur vicdanlarının təmizlənəcəyinə şübhə yoxdur".