“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ... - Qalib şirkət haqda maraqlı məlumatlar
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakinşaat Group” MMC ilə maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, müqaviləyə əsasən MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirməlidir.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Bakişaat Group” MMC 10 may 2004-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 110-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Elşad Sabir oğludur.
Elşad Məmmədovun adına 2016-cı ildə Vergilər Nazirliyinin yaydığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında rast gəlinir. Bununla bağlı Elşad Məmmədovla nazirlik arasında məhkəmə çəkişməsi də olub. Nazirlik birinci instansiya məhkəməsini udduğuna görə sahibkar Apellyasiya Məhkəməsinə müraciət edib. Açıq mənbələrdə məhkəmənin perspektivi ilə bağlı hər hansı məlumat yoxdur. Yeri gəlmişkən, həmin vaxt Elşad Məmmədov “Bakinşaat Bərpa” MMC-nin təmsilçisi olub.
Araşdırmalarımız zamanı o da aydın olub ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vaxtaşırı “Bakinşaat Group”a müraciət edib. Təkcə 12 dekabr 2019-cu ildən 13 mart 2020-ci ilə qədər Fondla şirkət arasında ümumi maliyyə dəyəri 11 milyon civarında olan Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli binaların və uşaq bağçasının tikintisini nəzərdə tutan 3 müqavilə imzalanıb. Az sonra yəni, 8 may 2020-ci il tarixdə Fondla MMC arasında dəyəri 4 milyon AZN-ə yaxın olan növbəti müqavilənin imzalanması tenderin şəffaflığına şübhələri artırır.
Fond mayın 8-də “Azertikinti-M” MMC ilə də dəyəri 1 055 244.39 AZN olan bir müqavilə imzalayıb. Müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binasının tikintisi nəzərdə tutulur.
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Azertikinti-M” MMC 05 mart 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmani küçəsi, ev 5/7, mənzil 9-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Araz Almaz oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumat yoxdur.