“Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi “Göyərçin“lər hara yoxa çıxıb?“ - Deputat naziri tənqid etdi
Milli Məclisin deputatı Etibar Əliyev Mədəniyyət Nazirliyinin sərgi salonlarında törətdiyi əməlləri açıqlayıb.
Yenisabah.az xəbər verir ki, deputat Səttar Bəhlulzadə adına Sərgi Salonunda qoyulan "Göyərçin”lər barelyefinin yoxa çıxmasını qeyd edib:
"Rəssamlıqdan başı çıxan adamlar çox gözəl bilirlər ki, sərgi salonunda ən önəmli şərt təbii işıqla işıqlanmadır. Sovetlər vaxtı Heydər Əliyevin təşəbbüsü ilə açılmış Səttar Bəhlulzadə adına Sərgi Salonunun hər iki mərtəbəsi şüşə idi və salon təbii işıqla işıqlanırdı. Və ən məşhur sərgilər orada keçirilirdi. İndi sərginin 1-ci mərtəbəsində Bank və Kimyəvi təmizləmə obyekti fəaliyyət göstərir. Sərginin girişinə isə məşhur polşa heykəltəraşlarından birinin müəllifi olduğu tuncdan yaradılmış "Göyərçin”lər barelyefi qoyulmuşdu. Söyləyirlər ki, Heydər Əliyev bu "Göyərçin"lər barelyefini çox çətinliklə Polşadan gətirtmişdi. Ona baxanlar yaxşı xatırlayırlar: sanki "Göyərçin"lər ayrı-ayrı havaya qanad açırlar. Canlı bir mənzərə yaradırdı. Onun qarşısından keçəndə barelyefə baxmamaq mümkün deyildi. Hökumət evində çalışdığım zaman demək olar ki, hər gün onunla rastlaşanda mənim üçün yeni kompozisiya təəssüratı bağışlayırdı. Söküb dağıtdılar. Əsərin taleyi barədə məlumatı olan varmı?”
Etibar Əliyev bildirib ki, "Səadət" sarayının əsas giriş qapısının sağında və solunda təxminən bir metr hündürlükdə üz-üzə baxan iki timsah barelyfi olub:
"İtalyan heykəltəraşı bunu elə yaratmışdı ki, sanki timsahlar indi sudan çıxır. Müəllif timsahın nəmli dərisinin fakturasını elə işləmişdi ki, sanki canlıdır. Tələbə vaxtı həmişə gedib timsahlara baxardıq. Sarayın təmir zamanı heç bir sənətşünasdan, heykəltəraşdan, rəssamlardan və memarlardan məsləhət almadan timsahları adi daşı təmizləyən fəhlənin laqondasının qurbanına çevirdilər. Bir neçə min yaşı olan Kolizey, yaxud V əsrdə Afina Akropolunda inşa edilmiş Parfenon abidələri necə varsa, elə də qalıb. Bunları necə qoruyublar? Bizdə isə təcrübəni öyrənmək əvəzinə laqondanı işə salırlar”.