Qarabağ əlilləri Baş prokurora müraciət etdi – “Nizami rayonunda əlil və şəhid ailələrinə tikilən ev rüşvətlə bölünüb”

 
Bir qrup Qarabağ əlili tərəfindən “Hürriyyət”-in redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri iddia edirlər ki, Nizami rayonunda əlil və şəhid ailələrinə tikilən ev rüşvətlə bölünüb. Onlar bu işin araşdırılması üçün qəzetimiz vasitəsilə Baş prokuror Kamran Əliyevə müracitə ediblər:
“5-ci aydır Nizami rayonu, Çobanzadə küçəsində tikilən 96 mənzilli evin bölgüsünün gizlin aparılması, mənzil siyahısının açıqlanmaması və mənzillərin rüşvətlə bölgüsündən şikayət etsək də, nə baş prokurorluq, nə də yanındakı korrupsiyaya qarşı mübarizə idarəsi fakt üzrə araşdırma aparılmasını təmin edir. Bircə DİN rəhbərliyi ciddi qanun pozuntusu olduğunu bildirib, lakin araşdırmanın aparılmasını Nərimanov polisinə həvalə edib. Ev Nizami rayonunda, mənzilləri rüşvətlə satan ƏƏSMN yanında DSMF Yasamal rayonunda yerləşdiyi halda araşdırmanın Nərimanov RPİ-yə həvalə edilməsi, təbii ki, heç bir sonuc vermədi. Nərimanov rayonunda gözdən əlillər üçün tikilən evin saxta əlillərə satılması faktı ilə bağlı, axırı, 5 il sonra başlıca fiqurlardan biri Ukraynadan tutulub gətirilib və 6, 5 milyon manatlıq dələduzluqla bağlı cinayət işinin baş prokurorluqda araşdırılmasına başlanılıb.
Nizami rayonunda tikilən evi rüşvətlə satanlar heç hara qaçmayıblar, elə kürsülərindən rüşvət, korrupsiya amacı ilə yararlanmaqda davam edirlər. Evin qanunsuz bölgüsünü sübut edən faktlar – BÖLGÜNÜN GİZLİN APARILMASI, 96 MƏNZİLLİ  EVİN AÇILIŞINDA CƏMİ 5 NƏFƏRƏ ORDERLƏRİN VERİLMƏSİ, NÖVBƏLİLİK , ƏDALƏT PRİNSİPLƏRİNİN KOBUD POZULMASI, YALNIZ NİZAMİ RAYONUNDAN NÖVBƏYƏ DURANLARA MƏNZİL VERİLMƏSİ HAQQINDA ƏƏSMN -İN VƏ YANINDAKI DSMF-İN HESABLAMA PALATASINA MƏLUMATI, 1-ci dərəcəli QARABAĞ ƏLİLLƏRİNİN NÖVBƏDƏNKƏNAR TƏMİNAT HÜQUQUNUN TANINMAMASI, HƏTTA 2016-CI İLDƏ DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ 12 İL SONRA- 2028-Cİ İLDƏ İCRA OLUNACAĞININ RƏSMİ MƏKTUBLARLA BİLDİRİLMƏSİ VƏ digərləridir. Bütün faktlar ali dövlət hakimiyyəti orqanlarına, baş prokurorluğa bir neçə dəfə təqdim edilib və mətbuatda 5 aydır sözügedən qanun pozuntusundan yazılar dərc olunur. Hətta mənzil alanlar siyahısında nazirin mərhum atasının “OVİR”dəki keçmiş iş yoldaşlarının olduğu da bildirilir. Baş prokurorluq mətbuat orqanında dərc olunan cinayət xarakterli fakta münasibət bildirməyə borcludur. Lakin nə 5 aydır edilən çoxsaylı şikayətlərə baxılır, nə də mətbuatın yazmağına. Ümid edirik ki, bu müraciətimizlə maraqlanacaq və əlil və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsünə prokuror nəzarəti qaydasında baxacaqsınız”.
Hazırladı: KƏNAN
Tarix: 20-05-2020, 00:42
Xəbəri paylaş





Xəbər lenti