Və ya SMS icazə vasitəsilə çimərliklərə daxil olmağın yolları
Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov yaxın vaxtlarda çimərliklərin açılacağını dedi. Əlavə etdi ki, insanlar çimərliklərdə sosial məsafə və digər tələblərə riayət etməli olacaqlar. Lakin bu tələblər hansılardır, hələ bilinmir.
"Ola bilsin ki, bəzi çimərliklərdə insanlar arasında sıxlıq olacaq və buna görə elektron sistem vasitəsilə icazə məsələləri diqqətlə nəzərdən keçirilir. Evdən çıxmadan əvvəl vətəndaş elektron sistem vasitəsilə yer sifariş edə bilər", - deyə icra başçısı bildirdi.
Azərbaycanda çimərliklərin açılması ilə əlaqədar qaydalar hazırlanır və yaxın gələcəkdə detallara aydınlıq gətiriləcək. Lakin çimərliklərdəki sosial məsafə, həmçinin, villa, otel və pullu çimərliklərin sahibləri tərəfindən Xəzər sahillərinin ələ keçirilməsi məsələləri suallar yaradır. Belə ki, sahilboyu xeyli ərazi mənimsənildiyi üçün, əlçatan çimərliklərin sayının azlığı nə kimi sıxlıq yaradacaq, özünüz təsəvvür edin.
Hər il BŞİH dənizi zəbt edənlərlə bağlı ölçü götürüləcəyini vəd edir, amma bu vədlər hər dəfə havadan asılı qalır. Dəniz kınarlarını çəpərləyərək, vətəndaşlardan pul tələb edənlərlə bağlı heç bir tədbir görülmür.
Keçən ilin iyun ayında BŞİH Ticarət və Xidmətlər Departament sakinlər və qonaqlar üçün çimərlik ərazilərinə girişin pulsuz olduğunu açıqladı. Dənizin ölkə vətəndaşları üçün əlçatmaz olması səbəbindən baş qaldıran ictimai etirazlara cavab olaraq, BŞİH ictimai çimərliklərin təşkil olunacağını bəyan etdi. Proses başladı və bəzi nəticələr də əldə olundu, ancaq sonradan dayandı.
Hazırda yenə eyni problem yaşanır. Kimlərsə sahil ərazilərini ələ keçirərək, istirahət məkanları düzəldiblər və vətəndaşların pulsuz girişini əngəlləyiblər. “İctimai çimərlik” təşəbbüsü də atılıb bir kənara. Üstəlik, dəniz kənarındakı uca hasarlar, dənizi sadəcə hasarların arxasındakıların xidmətinə verir. Pullu çimərliklər ümumi çimərliklərin çox hissəsini təşkil etdiyi üçün, insanların istirahət imkanları minimuma enir.
Belə olan halda, sıxlığın qarşısını almağın, sosial məsafə gözləməyin yollarını özünüz tapın. Təəssüf ki, BŞİH rəhbəri E.Əzizov bu problemi qeyd etmir, lakin sosial məsafə məsələsini SMS icazə yolu ilə həll etməyə çalışır. Vətəndaşlara əvvəlcədən günəş altında yer sifariş etmək təklif olunur, bu barədə məsul qurumlara məlumat verilir.