“Uşağı ac yatan əliqabarlı fəhlənin haqqını yeyən məmur bir gün qan qusar” - GİLEY

“Uşağı ac yatan əliqabarlı fəhlənin haqqını yeyən məmur bir gün qan qusar”
“6 il əvvəl məktəb binasının tikintisinə başlamışıq, 4 il əvvəl işlər dayandırıldı. Bizə olan son ayların borcu ödənilmədi. Ötən 4 ildə icra hakimiyyətinə, prokurorluğa, polisə gedib-gələn fəhlələrdən dördü artıq həyatda yoxdur. Sağlıqlarında zəhməthaqlarını ala bilmədilər, onlara çatacaq pulları öləndən sonra gətirib ailələrinə verdilər, kəfənə, qəbirə xərcləndi. Evində ac, xəstə balaları olan əli qabarlı fəhlənin pulunu necə mənimsəmək olar? Allah bu boyda haqsızlığı götürməz”.

DİA.AZ xəbər verir ki, 2014-cü ildə Lerikin Boykəndil kəndində 180 yerlik məktəb tikintisinə başlanılıb. 2016-cı ildə tikinti dayandırılıb, aylarla maaşları ödənilməyən fəhlələrəsə bildirilib ki, maliyyə tükənib, növbəti dəfə pul ayrılanda maaşları veriləcək. 4 il keçib, təxminən 30 fəhlənin maaşı hələ də ödənilməyib. 4 ildir ki, fəhlələrin yazmadıqları qurum, döymədikləri qapı qalmayıb. Məktəb tikintisində fəhləlik edənlərdən biri də elə həmin kəndin sakini İman Əliyev olub. O, istinad divarlarının hörgüsündə, dam örtüyünün quraşdırılmasında və sair işlərdə çalışdığını deyir. Danışır ki, hər fəhlənin məvacibi gördüyü işlərin həcminə görə hesablandığından zəhməthaqqının məbləği də hər ay dəyişirmiş. İddia edir ki, gördüyü işə görə tikinti şirkətinin ona olan borcu 4.440 manatdır.

“2016-cı ilə qədər pullarımız hissə-hissə də olsa, verilirdi. Son 4-5 ayın maaşını vermədilər. Nazir Quliyev vardı, bizi işlədən şirkətin iş icraçısı idi, maaş işinə də o baxırdı. Hər dəfə deyirdi, pul bu gün gəlir, sabah gəlir, beləcə başımızı aldadıb 3-4 ay pulsuz işlətdilər. Fəhlə babalarıq, hər günümüzü ümidlə gəlirdik işləməyə ki, bəlkə bu gün evə nəsə apara bildik. Bir gün dedilər ki, işlər dayandırılır, daha gəlməyin, pul olanda çağırıb borcunuzu ödəyəcəyik. Tez-tez Nazir Quliyevə zəng edirdik, əvvəllər zənglərimizə cavab verirdi, hər dəfə də deyirdi, səbrli olun, sabah pul olacaq. Qəfil bu adam da telefonu söndürüb ortadan yox oldu”, – şikayətçi deyir.

İman Əliyevin sözlərinə görə, hələ tikintidə işə başlayanda müqavilə bağlamaq adıyla fəhlələrdən şəxsiyyət vəsiqələrini yığıblar. Bir neçə gün sonra özlərinə qaytaranda bildiriblər ki, hər biriylə müqavilə bağlanıb: “Bizə müqavilə-filan göstərmədilər, heç yerə imza da atmamışıq. Eləcə şəxsiyyət vəsiqələrimizi götürüb, bir neçə gündən sonra özümüzə qaytaranda dedilər ki, müqavilələriniz bağlandı. Heç şirkətin adını da düz-əməlli demirdilər. Gah “Amal” MMC, gah “Mükəmməl” MMC, gah “A-Construction” MMC deyirdilər. Başqa bir-iki şirkət adı da çəkilirdi, yadımda qalmayıb. Bircə onu bilirik ki, işin başında icra başçımızın qardaşı dayanırdı. Ancaq sonradan başçının yanına gedəndə bizə deyirdi, günah özünüzdədir, müqaviləsiz işləməyəydiniz. 4 ildir ki, döymədiyimiz idarə qapısı, yazmadığımız ünvan qalımayıb. Prezidentə, vitse-prezidentə, prokurorluğa, polisə, icra hakimiyyətinə, məhkəməyə – hər yerə yazmışıq. Məhkəmə də işimizə baxmadı ki, ortada müqavilə yoxdu. Bizi aldadıblar, qanundan, hüquqdan, müqavilədən anlayışımız olsaydı, gedib vəkil işləyərdik, suvaqçı, bənnaçı olmazdıq”.

İman Əliyev bildirir ki, 20-yə yaxın fəhlənin ümumilikdə 40 min manatdan çox alacağı var.

Məktəb binasının tikintisində fəhləlik edənlərdən biri də Həsrət Allahverdiyev olub. Deyir, tikinti işlərinin 90 faizini onlar yerinə yetirib. Hətta binanın içərisindəki suvaq və divarların ağardılması işlərini də görüblər. Ancaq gördükləri işlərin haqqını illərdir ki, ala bilmirlər: “50-dən çox fəhləni “sizinlə müqavilə bağladıq” deyib, 2 il müqaviləsiz işlədiblər, vergidən yayınıblar, üstəlik, aylarla yığılıb qalan pullarını da mənimsəyiblər. Pullar göyə sovrulub, bunu araşdıran yoxdur. Əvvəllər fəhlələrin çoxu şikayətçi idi, ancaq sonralar hərə bir tərəfə köçdü, hər dəfə Lerikə gəlib-gedə bilmədilər, üstəlik borclarını ala biləcəklərinə ümidləri də qalmadı, “onsuz da bunlarla vuruşmağın mənası yoxdur” fikirləşib, pullarından əl çəkdilər.

Fəhlələrin deməsinə görə, müxtəlif qurumlara yazdıqları məktubların cavabı onlara Lerik Rayon İcra Hakimiyyətindən gəlir. Bu cavablarsa eyni məzmunda olur: gələcəkdə işlər davam etdiriləndə fəhlələrə olan borc da ödəniləcək.

Məktəbin tikintisinə layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə satınalmanı “Arxproyekt” MMC udub. Lakin tikintinin satınalması ilə bağlı tender keçirilməsinə dair heç bir məlumat tapılmadı.

2015-ci ilin avqustunda Lerikdə keçirilən hesabat yığıncağında icra hakimiyyətinin şöbə müdiri Habil Məlikov bildirib ki, Boykəndildəki yeni tikilən məktəb binasında tamamlanma işləri görülür və məktəb binası yeni təhsil ilində istifadəyə veriləcək. Ötən ilin fevralında hesabat yığıncağında icra hakimiyyətinin başçısı bildirib ki, maliyyə vəsaiti ayrılmadığından Boykəndil məktəbinin tikintisi dayandırılıb.
Tarix: 22-05-2020, 22:52
Xəbəri paylaş





Xəbər lenti